Mediasiyanın imkanları
- 18 aprel 13:59
- Mediasiya
Mediator və mediasiya təlimçisi kimi məndən tez-tez soruşurlar: “Mediasiya nədir?”
Cavabım adətən dörd sözdən ibarətdir: neytrallıq, yardım, danışıqlar, həll
Münaqişənin həlli üçün danışıqların neytral mediator tərəfindən asanlaşdırılması
Münaqişə tərəfləri münaqişənin sülh yolu ilə həlli üçün mediasiyaya müraciət edirlər. Münaqişə tərəflərinin vəzifəsi danışıqlar aparmaq, məqsədi isə razılığa gəlməkdir. Əgər onlar münaqişənin həllinin mümkün olduğunu düşünməsəydilər, vaxtlarını və enerjilərini mediasiya sessiyalarına hazırlaşmaq və iştirak etmək üçün sərf etməzdilər. Lakin mediasiya digər danışıq üsullarından məhz mediatorun iştirakı ilə fərqlənir. Mediator tərəflərə danışıqlar aparmağa kömək edir, hər bir tərəfin maraqlarını və ehtiyaclarını aydın şəkildə müəyyənləşdirir və bu məlumatı qarşı tərəfə çatdırır. Mediatorun tərəflərə danışıqlara kömək etməsi üçün onlar mediatoru tamamilə neytral şəxs kimi qəbul etməlidirlər. Əgər bir tərəf mediatoru maraqlı tərəf kimi görürsə, ona öz ehtiyaclarını və maraqlarını açıq və dürüst deyə bilməyəcək. Tərəflər arasında etimadın olmaması mediatorun münaqişəni həll etmək imkanlarını məhdudlaşdırır. Bu halda, münaqişə tərəflərindən heç biri mediatorun əldə etdiyi məlumatdan ona qarşı istifadə edəcəyindən və ya daha da pisi, bu məlumatı qarşı tərəflə paylaşacağından qorxaraq, hətta şəxsi görüşdə belə, əsl məqsədləri barədə danışa bilməyəcək. Mediatorun vəzifəsi danışıqlara kömək etməkdir. Bu işi görmək üçün isə o neytral olmalıdır.
Mediator danışıqları necə asanlaşdırır?
Mediasiya təlimçiləri bu prosesi adətən onun mərhələlərini təsvir etməklə izah edirlər. Bir çox insanlar bu mərhələləri fərqli adlandırırlar, lakin prosesin mahiyyəti bütün hallarda əsasən eynidir.
Giriş.
Tərəflərdən məlumatların alınması mərhələsi.
Problemin müəyyənləşdirilməsi mərhələsi.
Həll variantlarının axtarışı mərhələsi.
Variantların hər birinin qiymətləndirilməsi mərhələsi.
Münaqişənin həllinin son variantının qəbul edilməsi mərhələsi.
Mediator mübahisənin tərəflərini və danışıqların digər iştirakçılarını (məsləhətçilər, hüquqşünaslar və s.) təqdim etməklə başlayır ki, burada iştirak edən hər kəs mediasiyada kimin iştirak etdiyini və onların rolunun nə olduğunu başa düşsün. Daha sonra mediator mediasiya prosesini təsvir edir ki, bütün iştirakçılar prosedurla tanış olsunlar və iştirak etməyə razı olsunlar. Daha sonra mediator suallar verməklə problemlər və bütövlükdə vəziyyəti öyrənir. Mediator tərəflərə vəziyyəti müzakirə etmək imkanı verir. Mediator aydınlaşdırıcı suallar verir və əlavə məlumatları nəzərdən keçirir. Vəziyyəti başa düşən mediator tərəflərə münaqişənin həlli üçün müzakirə edilməli olan məsələlərin siyahısını tərtib etməyə kömək edir. Bütün məsələlər həll edildikdən sonra mediator tərəfləri keçmişdə baş verənlərə görə bir-birini ittiham etməkdənsə, problemli vəziyyəti həll etmək üçün nə edə biləcəklərini müəyyənləşdirməyə dəvət edir və tərəfləri necə davam etdirəcəklərini müzakirəyə çıxarır. Tərəflər mümkün həll yollarını təklif edir, sonra onları təhlil edərək həmin yollardan hansının məqbul olduğunu, hansının məqbul olmadığını müəyyən edirlər. Uyğun variant tapılanda tərəflər razılığa gəlirlər. Göründüyü kimi proses xətti xarakter daşıyır, əvvəlcə 1-ci addım, sonra 2, sonra 3, daha sonra mediasiyanın uğuru və ya uğursuzluğu. Ancaq çox vaxt reallıqda proses tsiklik ola bilər. Problemlər aşkarlandıqca, əlavə nəzərdən keçirilməli və müzakirə edilməli yeni məlumatlar ortaya çıxa bilər. Və ya variantların qiymətləndirilməsi mərhələsində onların sayı arta bilər ki, bu da əlavə məlumatların axtarılmasını və yeni məsələlərin müzakirəyə çıxarılmasını tələb edir. Mediasiya çox vaxt çevik bir prosesdir və bütün məsələləri həll etmək üçün tərəflərin ehtiyaclarına uyğunlaşdırıla bilər.
Mediasiya bir imkandır.
Mediasiyaya müraciət etməzdən əvvəl tərəflər problemi danışıqlar yolu ilə özləri həll etməyə çalışıblar və ya ola bilsin ki, vəkillərin köməyinə müraciət ediblər. Bir çox problemləri tərəflər arasında birbaşa danışıqlar yolu ilə həll etmək olar. Amma hər hansı səbəbdən müstəqil şəkildə danışıqlar yolu ilə həll oluna bilməyən münaqişələr olur ki,sonra tərəflər mediasiyaya əl atırlar. Adətən bu vəziyyət ünsiyyət problemləri səbəbindən yaranır. Belə olan halda tərəflər bir-biri ilə açıq və dürüst danışa bilmirlər. Duyğular, keçmiş münaqişələr, qərəzlər və ya sosial təzyiqlər insanların öz fikirlərini aydın və sakit şəkildə ifadə etməsinə, tərəfdaşını dinləməsinə və eşitməsinə mane olur. Nəticədə informasiya mübadiləsi baş vermir və danışıqlar hər bir tərəfin qarşı tərəfi anlamaqdansa üstünlük əldə etməyə daha çox can atdığı döyüş meydanına çevrilir. Bəzən bu, hər bir tərəfin eyni faktları fərqli qiymətləndirərək vəziyyətə öz baxış bucağından baxdığı üçün baş verir. Yəni hər bir söhbət müharibəyə çevrilir, onlar dayana bilmir, vəziyyət haqqında ciddi düşünə bilmirlər ki münaqişənin həllinə ağlabatan yanaşma tapsınlar.
Əgər mediasiya problemin həllinə kömək etmirsə, o zaman tərəflər adətən məhkəməyə müraciət edirlər. Tərəflər problemləri təkbaşına həll edə bilmirlərsə, məhkəmə onların yerinə qərar verir. Müasir məhkəmələr sivil cəmiyyəti saxlamaq üçün hər şeyi səylə yerinə yetirən mükəmməl qurumlar olsalar da, onların səlahiyyətləri sonsuz deyil.
Birincisi, məhkəməyə müraciət etmək tərəfləri qərar vermək hüququndan məhrum edir.Hakim münaqişə tərəfləri əvəzinə iş üzrə qərar qəbul etmək öhdəliyini öz üzərinə götürür. Biz insan olaraq yaşamımızda öz qərarlarımıza üstünlük versək də, tərəflər məhkəmənin istənilən qərarı ilə razılaşmalı olurlar. Artıq bu məsələdə söz sahibi deyillər. Bəzi hallarda, şərait dəyişsə də, tərəflər məhkəmənin qərarından və onu dəyişdirə və ya yeni şəraitə uyğunlaşdıra bilməmələrindən asılı qala bilərlər. Belə bir qərarı dəyişdirmək üçün onlar yenidən məhkəməyə qayıtmalıdırlar ki, bu danışıqlardan qat-qat mürəkkəb prosesdir,
İkincisi, məhkəmələrin qərar qəbul etməkdə çevikliyini məhdudlaşdıran müəyyən qaydalar var. Mediasiyada tərəflər öz hekayələrini istədikləri kimi təqdim edə bilərlər. Məhkəmədə onlar sübut etmə qaydalarına əməl etməlidirlər. Məhkəmədə hakim qanunverici orqanın müəyyən etdiyi və bütün insanlara bərabər tətbiq olunan qanunu tətbiq etməlidir. İşin mənfi tərəfi odur ki, sizin probleminiz və ya mənim problemim hər kəsin problemi kimi deyil və buna görə də hər kəsə uyğun bir həll bizim üçün işləməyə bilər. Ancaq , hakimin verə biləcəyi qərar budur. Məhkəməyə müraciət etdikdən sonra tərəflər öz işi və onun mümkün həlli üzərində nəzarəti , bununla da həyatlarının bir sahəsini sərbəst idarə etmək imkanını itirirlər.
Mediasiya münaqişəyə son qoymaq üçün unikal bir fürsətdir. Mediasiyadan əvvəl də tərəflər sərbəst danışa və danışıqlar apara bilirdilər, lakin bu danışıqlar emosional, nəticəsiz mübahisələrə çevrildi. Mediasiya uğursuz olarsa, mübahisə edən tərəflərin əvəzinə bütün qərarları kənar şəxs verəcək. Mediasiya prosesinə birgə iclaslar zamanı tərəflərə bir-birinin məsələlərini, ehtiyaclarını və maraqlarını aydınlaşdırmaqda köməklik göstərən ixtisaslı, təlim keçmiş mediator daxildir. Mediator tərəflərin ünsiyyətini asanlaşdırır, müzakirəni yolunda saxlayır və müsbət istiqamətdə hərəkət etmələrinə kömək edir. Tərəflər problemin həllinin nəticəsi üzərində nəzarəti saxlayırlar, çünki mediasiyada tərəflər razılığa könüllü gələrlər. Mediasiya prosesində tərəflər istədikləri müqavilə şərtlərini müəyyən edə bilərlər. Müqaviləyə pul kompensasiyası daxil ola bilər, lakin o, üzr istəməyi, vəziyyəti düzəltmək üçün tədbirləri və ya münasibətləri bərpa etməyi də əhatə edə bilər. Məsələnin düşünülmüş müzakirəsindən sonra razılaşma hər kəsin istədiyi kimi olur. Bu imkanı mediasiyasız əldə etmək mümkün deyil.
İlhamə Həsənova
Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri, mediator-təlimçi