- 10:06 | 14.03.2024
- Müsahibələr
Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdir müavini Səid Musayevin e-huquq.az-a müsahibəsi
- Səid müəllim, öncə Ali Məhkəmə Aparatının Məhkəmə təcrübəsinin təhlili şöbəsi barədə məlumat verməyinizi istərdik...
- Məlumat üçün bildirim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrasının təmin etmək məqsədilə Ali Məhkəmədə struktur dəyişikliyi həyata keçirilmiş, o cümlədən həmin dəyişikliklərə əsasən məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyəti gücləndirmək üçün məhkəmə təcrübəsinin təhlili şöbəsi, şöbənin nəzdində 4 sektor, bunlar mülki və kommersiya işləri üzrə, cinayət işləri üzrə, inzibati işlər üzrə məhkəmə təcrübəsi sektorları, o cümlədən Monitorinq sektoru yaradılmışdır.
Fəaliyyət göstərdiyim şöbə Ali Məhkəmə Aparatının təminedici struktur bölməsi olmaqla mülki, cinayət, inzibati və kommersiya işləri üzrə yaranan mübahisələrə dair işlərə baxılarkən qanunvericiliyin tətbiqində məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını, mümkün sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması sahəsində Ali Məhkəmənin səlahiyyətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir.
Qeyd etdiyim fəaliyyətin nəticəsində qanunvericilik sahəsində aşkar olunmuş boşluq və ya normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması ilə əlaqədar Ali Məhkəmənin qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi sahəsində fəaliyyətinə və məhkəmələrin səlahiyyətinə aid edilmiş mülki, cinayət, inzibati və kommersiya işlərinə baxılarkən qanunvericiliyin düzgün və eyni cür tətbiqi ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına yardım edir.
Bildirim ki, həyata keçirdiyimiz işin məqsədi statistik göstəricilərin təhlili, hüquq tətbiqetmə təcrübəsinin öyrənilməsi və təkliflərin hazırlanması, hüquqla tənzimlənməyən boşluqların aşkar edilərək onların təhlil olunması və eyni hüquqi məsələlərin həlli ilə əlaqədar müxtəlif məhkəmə aktlarının çıxarılması, qanunvericilik müddəalarının müxtəlif cür təfsir olunması, maddi və prosessual hüquq normalarının tətbiqində səhvlərə yol verilməsi hallarının müəyyənləşdirilməsi, onların yaranmasının səbəb və şəraitinin aşkar olunmasıdır. Bundan başqa, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və təhlili məhkəmə instansiyalarının fəaliyyətinin daha dolğun qiymətləndirilməsi, ayrı-ayrı məhkəmələrin və hakimlərin hüquqi məsələlərin həlli ilə bağlı müsbət təcrübəsinin öyrənilməsi və təşviq edilməsinə şərait yaradır. Belə ki, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi buraxılmış səhvlərin və mövcud çatışmazlıqların aşkar edilməsilə yanaşı, onları yaradan səbəbləri və məhkəmə praktikası baxımından aydın olmayan məsələləri də üzə çıxarmasına xidmət edir.
- Şöbə tərəfindən həyata keçirilən fəaliyyət hansı qaydada təşkil edilir və həyata keçirilir?
- Verilmiş sualla bağlı qeyd edim ki, məhkəmə təcrübəsinin təhlilinin planlaşdırılması və mövzunun seçilməsi qarşıya qoyulan məqsədlərdən irəli gəlir. Ayrı-ayrı kateqoriya işlər üzrə məhkəmə təcrübəsinin olmaması, məhkəmə təcrübəsinə bu və ya digər formada təsir göstərən qanunvericilikdəki dəyişikliklər, dövlət idarə və təşkilatlarının məhkəmələrə etdikləri müraciətlərə baxılmasının nəticələri məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin və təhlilinin əsasını təşkil edir. Şöbənin fəaliyyət istiqamətləri üzrə işi Ali Məhkəmənin hər il ilin əvvəli keçirilən Plenumun iclasında təsdiq edilmiş iş planına əsasən müvafiq sahələr üzrə məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin öyrənilməsi vasitəsi ilə həyata keçirilir. Məhkəmə təcrübəsinin təhlilinin aparılması şöbənin əməkdaşları tərəfindən müstəqil surətdə və ya birlikdə aparılır. Zəruri hallarda və qarşıya qoyulan məsələnin mahiyyətindən irəli gəlməklə təhlili seçilmiş mövzunun əhatə etdiyi problemin tədqiqi ilə məşğul olan elmi işçilərin iştirakı, o cümlədən bu işdə böyük təcrübəsi olan hakimlərin tövsiyə və təklifləri əsasında aparılır. Bu iş çərçivəsində, yəni məhkəmə təcrübəsi təhlil edilərkən məlumatlar bilavasitə müvafiq məhkəmə instansiyasının özündə olan işlərin və digər zəruri sənədlərin öyrənilməsi, aşağı instansiya məhkəmələrindən məlumatların o cümlədən, işlərin tələb olunması, əldə edilməsi, yuxarı məhkəmə instansiyaları tərəfindən qəbul olunmuş məhkəmə aktlarının öyrənilməsi yolu ilə toplanılır. Bundan başqa “Elektron məhkəmə” informasiya sisteminə qoşulmuş məhkəmələrdən məlumatlar real vaxt rejimində əldə edilir. İl ərzində şöbəyə müvafiq istiqamətlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi məqsədi ilə məhkəmələrdən 15 minə yaxın məhkəmə işi, şöbənin monitorinq sektoruna isə 5 minə yaxın anket daxil olur.
Təhlil başa çatdıqdan sonra vahid arayış tərtib olunur və həmin arayışa təhlili aparılmış məhkəmə aktları, istinad olunmuş normativ hüquqi aktların siyahısı, istifadə olunmuş statistik məlumat cədvəlləri və məsul şəxslərin tərtib edib imzaladıqları arayışlar əlavə olunur.
- Ali Məhkəmənin ölkəmizdə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında xüsusi yerini nəzərə alaraq bununla bağlı son dövr bu sahədə görülmüş işlərdən danışa bilərsinizmi?
- Öncə qeyd etmək istərdim ki, ölkəmizdə məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı müddəalar Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilib. Belə ki, Konstitusiyaya görə Ali Məhkəmə ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində ali məhkəmə orqanı olmaqla məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. Bununla yanaşı, qanunvericilikdə də Ali Məhkəmənin məhkəmə təcrübəsinin formalaşdırılmasına dair əsaslarını nəzərdə tutan müvafiq normalar öz əksini tapıb. bununla belə ölkəmizdə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün yetərli mexanizmlər yox idi və bu sahədə boşluqlar mövcud idi. Belə ki, əvvəllər Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən verilən izahlar tövsiyə xarakteri daşıdığından və onun nəzərə alınmamasının hüquqi nəticəsinin olmaması vahid məhkəmə təcrübəsinin yaradılmasına çətinlik yaradırdı. Lakin bu sahədə aparılmış ən mühüm islahatlardan biri olan Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı qeyd olunan boşluqları aradan qaldırdı. Bu Fərman ədalət mühakiməsinin səmərəliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına, hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsirini göstərib. Deyə bilərəm ki, son dövrlər məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı mühüm işlər görülüb. İlk növbədə, Fərmanda qoyulmuş tövsiyə üzrə təhlillər aparılıb, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və digər məsələlərlə bağlı çoxsaylı normativ aktların layihəsi hazırlanıb və qəbul edilib. Bununla bağlı Fərmanda göstərilmiş tövsiyələrin icrası ilə əlaqədar bir sıra qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilib. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa edilən əlavə maddənin tələbinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır.
Hazırda Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini Ali Məhkəmənin Plenumunun qərarları, məhkəmə kollegiyalarının qərardadları və habelə Plenumun məhkəmə təcrübəsinə dair verdiyi izahlar, eləcə də ayrı-ayrı işlər üzrə qəbul etdiyi qərarlar vasitəsilə formalaşdırır. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir. Qeyd edim ki, bu dəyişikliklərdən sonra Ali Məhkəmənin Plenumu tərəfindən 8 Qərar qəbul etmiş, eləcə də əvvəllər qəbul edilmiş Plenumunun Qərarlarında dəyişikliklər və əlavələr edilmişdir.
Bundan başqa prosessual qanunvericiliklərə edilmiş dəyişlikliklərdən sonra kasassiya instansiyası məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə Ali Məhkəmənin məhkəmə tərkibləri işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin prosessual qanunvericiliyin tələblərinə əsasən qəbul etdiyi müvafiq məhkəmə aktları ilə razılaşdıqda həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin müxtəlif kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır və qərardan (qərar) qəbul edilir. Bununla da Ali Məhkəmənin işə baxan bütün məhkəmə tərkibləri, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri Ali Məhkəmənin məhkəmə kollegiyalarının hüquqi məsələyə dair qəbul etdiyi qərardadda (qərarda) müəyyən etdiyi hüquqi mövqeyi rəhbər tutmalıdırlar.
Məlumat üçün deyim ki, qeyd etdiyim qanunvericiliyə edilən bu dəyişikliklərdən sonra Ali Məhkəmənin Mülki, Cinayət, İnzibati və Kommersiya kollegiyaları tərəfindən məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə 15 mübahisəli məsələ üzrə bu mexanizmə müraciət edilmişdir.
Bunlar vergi borclarının ödənilməsi, inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi, əmlakın qiymətləndirilməsində likvid dəyər məsələləri, əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri, lizinq müqaviləsinə dair münasibətlər, alimentlərin ödənilməsi mexanizmi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məsələləri, xarici dövlətin məhkəməsinin hökmünün tanınması və Azərbaycan Respublikasının ərazisində icrası məsələsi və eləcə də inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərar və qərardadları olmuşdur.
Vahid məhkəmə təcrübəsinin formalaşdırılması sahəsində digər yeniliklərdən biri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 4 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi qaydaları” olmuşdur. Bu Qaydaların tətbiqində əsas məqsəd Azərbaycan Respublikasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyətli olan məhkəmə aktlarının müəyyənləşdirilməsi və onlara əlçatanlığın təmin edilməsidir. Belə ki, Qaydalara görə məhkəmə aktlarının indeksləşdirilməsi bütün məhkəmə instansiyalarında həyata keçirilən fəaliyyət kimi müəyyən edilmişdir. Bu Qaydalara uyğun olaraq indeksləşmə məhkəmə aktlarına “ulduz” nişanlarının təyin edilməsi yolu ilə həyata keçirilir və əsas məqsədlərdən biri Ali Məhkəmə tərəfindən istifadəyə verilən yeni axtarış sistemi vasitəsi ilə bu növ məhkəmə aktlarının digərlərindən fərqləndirilməsi və bu sistemin imkanlarından istifadə edən hər bir vətəndaşımızın, o cümlədən hüquq ictimaiyyətinin müvafiq məsələlərlə bağlı Ali Məhkəmənin, o cümlədən digər məhkəmələrin qəbul etdiyi məhkəmə aktları ilə formalaşdırdığı məhkəmə təcrübəsi ilə asan və tez bir zamanda tanış olması və məlumatlandırılmasıdır.
Həmçinin, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, habelə sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması məqsədilə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Bu sahədə Ali Məhkəmə tərəfindən monitorinqlərin aparılmasına dair Qaydaların təsdiq olunması ilə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etməyə imkan verən yeni bir hüquqi mexanizm işə salınıb.
- Monitorinqin aparılması qaydaları və əsasları haqqında məlumat verə bilərsizmi?
- Bildirim ki, monitorinq Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası tərəfindən 2020-ci il 29 fevral tarixdə təsdiq edilmiş “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası”na əsasən aparılır. Həmin qaydalara əsasən, məhkəmə fəaliyyətinin monitorinqi vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etmək, eləcə də hüququn və onun tətbiqi təcrübəsinin inkişaf etdirilməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun maddi və prosessual normaların tətbiqi üzrə izahını nəzərdə tutan qərarının məhkəmələrdə tətbiqi vəziyyətinə dair məlumatların toplanılması, təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsi sahəsində Ali Məhkəmə tərəfindən planlaşdırılır və kompleks şəkildə həyata keçirilir.
Monitorinqin aparılması nöqsanlar aşkar edilmiş sahələr üzrə Ali Məhkəmənin Plenumu tərəfindən qəbul edilmiş qərarların məhkəmə fəaliyyətində nəzərə alınıb-alınmadığını müəyyən etməyə imkan verir və beləliklə, bütün məhkəmə instansiyalarının vahid məhkəmə təcrübəsinə uyğun fəaliyyət göstərməsini təmin edir. Belə ki, monitorinq məhkəmələrdə işlərə baxılarkən hüququn tətbiqində dərin və uzun müddətli fərqli yanaşmaların olub-olmadığını, qanunvericiliyin və Plenumun qərarının vahid məhkəmə təcrübəsini formalaşdırmaq üçün uyğun və yetərli mexanizmi təmin edib-etmədiyini, sözügedən mexanizmlərin məhkəmələr tərəfindən işlərə baxılarkən tətbiq edilib-edilmədiyini və əgər tətbiq edilirsə nə dərəcədə səmərəli olmasını, eləcə də Plenumun qərarının özündə hər hansı əlavə və dəyişikliklərin edilməsinə ehtiyacın yaranıb-yaranmadığını müəyyənləşdirməyə imkan verir. Bildirmək istəyirəm ki, Qaydalara əsasən monitorinq Ali Məhkəmənin Aparatının əməkdaşları tərəfindən məhkəmələrdən anket, yəni cavablandırılması nəzərdə tutulan suallar toplusuna dair sorğu məlumatlarının toplanması, bilavasitə məhkəmələrdə işlərin təhlil edilməsi, məhkəmələrdən anket məlumatlarının toplanması və bilavasitə məhkəmələrdə işlərin təhlil edilməsi üsullarından birgə istifadə edilməsi, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemin imkanlarından istifadə edilməsi vasitəsi ilə həyata keçirilir və monitoriqin nəticəsinə dair arayış tərtib edilir. Ali Məhkəmənin Aparatı tərəfindən tərtib edilmiş həmin arayış Ali Məhkəmənin müvafiq kollegiyasında müzakirə edilir və onun sədri tərəfindən imzalanır. Arayışda Plenumun qərarının məhkəmələrdə tətbiqi təcrübəsilə əlaqədar mövcud vəziyyəti əks etdirən təhlil və qiymətləndirmə aparılır, müvafiq təkliflər verilir.
- İndiyədək həyata keçirilmiş monitorinqlər və nəticələri barədə məlumat verərdiniz...
- Qeyd edim ki, ötən müddət ərzində Ali Məhkəmənin 4 Plenum Qərarının ölkəmizin məhkəmələri tərəfindən tətbiq edilməsi vəziyyəti öyrənilib və 2 Plenum Qərarına monitoriqin nəticələri nəticəsində əlavə və dəyişikliklər edilib. Hazırda 3 Plenum Qərarının monitorinqi həyata keçirilir. Bu monitorinqlərin aparılması fərqli yanaşmalar və ya nöqslanlar aşkar edilmiş sahələr üzrə Ali Məhkəmənin Plenumu tərəfindən qəbul edilmiş Qərarların ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində məhkəmələr tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməyə imkan verir. Nəticədə bütün məhkəmə instansiyalarının vahid məhkəmə təcrübəsinə uyğun fəaliyyət göstərməsini təmin edir. Ali Məhkəmənin qeyd olunan Plenum Qərarlarına edilmiş dəyişikliklər və həyata keçirilmiş monitorinqlərin nəticələrinə dair müvafiq arayışlar Ali Məhkəmənin rəsmi internet səhifəsində dərc edilir. Həmin məlumatlarla hüquq ictimaiyyəti və buna marağı olan vətəndaşlarımız tanış ola bilərlər.
- Qeyd etdiyiniz fəaliyyətin nəticələri ilə bağlı məhkəmələr və hakimlər məlumatlandırılırmı? Digər tərəfdən fəaliyyətinizdən cəmiyyət və vətəndaşlar necə faydalanırlar?
- Fəaliyyətimizin əsasını məhkəmə təcrübəsinin öyrənilməsi və təhlili təşkil etdiyindən, həmçinin bu fəaliyyətin icrası birbaşa məhkəmələrdə işlərə baxılarkən ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar olduğundan müəyyən etdiyimiz hallar, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xidmət edən icmalların mütəmadi olaraq ölkəmizin məhkəmələrinə göndərilməsi və onlara zəruri metodik yardımın həyata keçirilməsi təmin edilir. Bundan başqa, hər il hakimliyə namizdələr üçün tədris kurslarında, o cümlədən hakimlər üçün ixtisasartırma kurslarında struktur bölmə tərəfindən “Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə fəaliyyətinin monitorinqi vahid məhkəmə təcrübəsinin formalaşdırılması vasitələrindən biri kimi” mövzusunda təlimlər təşkil edilir. Fəaliyyətimizin cəmiyyət və vətəndaşlar üçün faydasına gəlincə isə, qeyd etmək istərdim ki, şöbəmiz Ali Məhkəmə Aparatının təminedici struktur bölməsi olmaqla vahid məhkəmə təcrübəsinin formalaşmasında Ali Məhkəməyə bir növ “yardımetmə” funksiyasını həyata keçirir. “Yardımetmə” funksiyasının mahiyyəti ondan ibarətdir ki, şöbənin məhkəmə təcrübəsinin öyrənilməsi ilə bağlı apardığı təhlil və ümumiləşdirmələr sonradan vahid məhkəmə təcrübəsinin formalaşmasında istifadə olunur. Məhkəmə təcrübəsinin düzgün istiqamətdə təhlili, sistemli xarakter daşıyan nöqsanların qısa müddət ərzində müəyyən edilməsi, analoji mübahisələrə dair qanunun tətbiqi üzrə məhkəmələrdə formalaşan fərqli yanaşmaların tez zamanda aşkarlanması, vahid məhkəmə təcrübəsinin vaxtında formalaşmasına imkan yaradır. Bu da öz növbəsində vətəndaşın məhkəməyə müraciət etməzdən qabaq mübahisənin uğurlu olub-olmamasının proqnozlaşdırılmasına yardım edir.
Şəbnəm Mehdizadə