İsmayıl Xəlilov: "İstəməzdim ki, məhkəmənin fəaliyyətinə bəraət hökmünün sayına görə qiymət verilsin" - MÜSAHİBƏ

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilovun e-huquq.az-a müsahibəsi...

- İsmayıl müəllim, ilk növbədə bilmək istərdik, cənab Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanından sonra bu sahədə görülən işləri necə qiymətləndirirsiniz?

- Bu Fərman məhkəmə-hüquq sistemində genişmiqyaslı və əhəmiyyətli islahatların aparılmasına təkan vermişdir. Fərman müstəqil, obyektiv, qərəzsiz və şəffaf məhkəmə-hüquq sistemin fəaliyyətinin təmin edilməsi, təkmilləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi və nəticə etibarilə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi, birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi; bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi, məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayının artırılması, mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi kimi mühüm tapşırıqlar öz əksini tapmışdır.

Fərmanın qəbulundan dərhal sonra kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülmüş, ilk qanunvericilik aktları paketi 2019-cu ilin iyul ayında qəbul edilmişdir. Bu normativ sənədlər toplusuna daxil olan qanunlarla sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxmaq səlahiyyəti olan ixtisaslaşmış yeni regional kommersiya məhkəmələri yaradılmaqla inzibati məhkəmələr sisteminə yenilik gətirildi və beləliklə iki ayrıca ixtisaslaşmış məhkəmə- inzibati və kommersiya məhkəmələri sistemi yaradıldı. Bundan başqa məhkəmə aidiyyatı mübahisələrinə baxılması proseduru sadələşdirilərək işə birbaşa kassasiya instansiyasında və yalnız yazılı icraat qaydasında baxılması qaydası müəyyən edildi. Bundan əlavə, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edildi. Aylıq vəzifə maaşları artırıldı, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25% miqdarında vergidən azad olunan aylıq pul təminatı əvvəlkindən fərqli olaraq yəni, hansı instansiyada işlədikləri nəzərə alınmadan bütün hakimlərə şamil olundu.

2019-cu ilin dekabr ayında qəbul olunaraq 1 mart 2020-ci il tarixdən qüvvəyə minən dəyişikliklərlə məhkəmə-hüquq islahatlarının iki əsas istiqaməti- vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi müəyyən edildi. Bu istiqamətlərdən biri məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması idi. Və nəticədə bu gün Ali Məhkəmə məhkəmə kollegiyalarının, məhkəmə tərkiblərinin baxdığı ayrı-ayrı işlər üzrə qərarları, habelə Ali Məhkəmə Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahları vasitəsilə hüququn tətbiqi üzrə şaquli (aşağı instansiya məhkəmələri yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılan hüquq tətbiqi təcrübəsinə riayət edirlər) və üfüqi (eyni instansiya məhkəmələrinin müxtəlif tərkibləri tərəfindən oxşar xarakterli məsələlər üzrə hüququn fərqli şərhinin və tətbiq edilməsinin qarısı alınır) səviyyədə vahid məhkəmə təcrübəsini formalaşdırır.

Digər mühüm istiqamət ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən məhkəmə ekspertizası fəaliyyətini əhatə edən ekspertiza keçirmək, həmçinin təyin etmək hüququ olan subyektlər dairəsinin genişləndirilməsi, ekspertizanın keçirilməsi və ekspertiza rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi ilə bağlı idi. Belə ki, özəl məhkəmə- məhkəmə ekspertləri institutu yaradıldı yəni, artıq özəl məhkəmə ekspertləri ilə bağlanan müqavilə əsasında məhkəmə ekspertizasının keçirilməsi mümkündür. Özəl məhkəmə ekspertləri qismində alternativ seçimin olması, vəkillərə ekspertiza üçün müraciət etmək hüququnun verilməsi ədalətin təmin edilməsinə imkan yaradır. Dəyişikliklərə əsasən, mülki, inzibati xətalara, kommersiya və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasını sifariş vemək hüququ fiziki və hüquqi şəxslərə, həmin şəxslərin nümayəndələri və vəkillərinə də şamil edilir və sözü gedən şəxslər müqavilə əsasında öz hesablarına, bilavasitə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, yaxud özəl məhkəmə eksperti ilə müqavilə bağlaya və ekspertiza üçün müraciət edə bilər. Bundan başqa, əvvəllər məcəllələrdə ekspertizanın aparılması müddəti dəqiq göstərilmirdi. Artıq ekspertiza müddəti materialın ekspertizaya daxil olduğu müddətdən başlayır və inzibati xətalara dair işlər üzrə 10 günədək, cinayət, mülki, kommersiya, inzibati mübahisələrə dair işlər üzrə, xüsusi hallar istisna olmaqla 1 ayadək müəyyən edilir.

Cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin icrası çərçivəsində Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəllələrində üç yüzdən artıq maddədə çoxsaylı dəyişikliklər edildi.

Fərmanın icrası çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində mühüm vasitə olan “Mediasiya haqqında” Qanunun qəbulu da vacib addımlardan biridir. 2019-cu ilin martında qəbul edilmiş “Mediasiya haqqında” Qanunun respublikamızda tətbiqi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Avropa İttifaqı ilə birgə əhəmiyyətli işlər görülüb.

Fərmanla hakimlərin sayı 200 vahid artırılaraq 800 vahidə çatdırılıb. Təkmilləşdirilmiş prosedurlar əsasında hakimliyə namizədlərin seçimi prosesi nəticəsində hakim ştatlarının komplektləşdirilməsi məhkəmələrdə iş yükünün azalmasına, işlərə daha keyfiyyətli baxılmasına xidmət edir. Eyni zamanda, hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilələrin və digər mənfi halların aradan qaldırılması ilə bağlı Fərmanda irəli sürülmüş məsələlərin icrası məqsədilə Məhkəmə-Hüquq Şurasında institusional tədbirlərin həyata keçirilməsi təmin olunub.
Bu kimi dəyişikliklər, dəyişikliklərin fonunda aparılan institusional və paktiki tədbirlər təbii ki, vətəndaşların əsas hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinə təsir edir. Bununla da, məhkəmələrin fəaliyyətində ədalətin, qanunçuluğun, qərəzsizliyin və aşkarlığın artırılması, işin daha keyfiyyətli və müasir innovasiyalarla həyata keçirilməsi nəticə etibarilə vətəndaşların məhkəmələrə müraciətlərinin və ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması, onların rifah səviyyəsinin təmin olunması ilə nəticələnir. Vətəndaş məmnunluğunun təmini, hüquq, azadlıq və qanuni maraqlarının müdafiəsi, ictimai etimadın formalaşdırılması əsas prioritet istiqamətlərimizdən biridir.

- Bakı Ağır Cinayətlər Məhkəməsinin ötənilki fəaliyyəti ilə bağlı statistika necədir? 2022-ci il ərzində məhkəmədə nə qədər işə baxılıb? İcraatda olan işlərdə artım və ya azalma varmı?

- Statistik hesabata əsasən, 2022-ci il ərzində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında 2771 nəfər barədə 2247 cinayət işi olmuşdur. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar baxılıb qurtaran yəni, icraatı başa çatmış 1883 nəfər barədə 1 561 cinayət işindən 22 nəfər barədə 16 iş aidiyyəti üzrə digər məhkəməyə göndərilmiş, 36 nəfər barədə 25 iş ibtidai araşdırma mərhələsində kobud qanun pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasının qərarı ilə cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Göstərilənlərlə yanaşı 3 nəfər barədə 3 cinayət işi üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş; 10 nəfər barədə 8 cinayət işi üzrə bəraət və 1812 nəfər barədə 1509 cinayət işi üzrə ittihamedici hökm çıxarılmışdır. 888 nəfər barədə 686 cinayət işi qalıq olaraq 2023-cü ilə keçmişdir.

Təyin edilmiş cəzalar təsnifatı üzrə müqayisə edildikdə müəyyən olunur ki, 2022-ci il ərzində məhkəmədə çıxarılmış ittiham hökmləri ilə 1 812 nəfər müxtəlif növ əsas cəzaya məhkum olunmuşlar. Belə ki, 1646 nəfər barədə müəyyən müddətə azadlıqdan məhrum etmə, 28 nəfər barədə azadlığın məhdudlaşdırılması, 1 nəfər barədə cərimə cəzası təyin edilmişdir. 137 nəfər barədə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuşdur. Bununla yanaşı, 2022-ci il ərzində məhkəmədə çıxarılmış ittiham hökmləri ilə 149 nəfərə müxtəlif növ əlavə cəza da təyin edilmişdir. Belə ki, 1 nəfərə cərimə, 102 nəfərə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, 35 nəfərə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, 1 nəfərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma qismində əlavə cəza təyin edilmişdir. Bundan başqa, məhkəmənin yekun qərarı ilə 10 cinayət işi üzrə 10 nəfər barədə xüsusi müsadirə təyin edilmişdir.

2023-cü ilin I rübündə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında 1407 nəfər barədə 1144 cinayət işi olmuş, 350 nəfər barədə 296 cinayət işi üzrə icraat başa çatdırılmışdır. Həmin işlərdən 15 nəfər barədə 10 iş ibtidai araşdırma mərhələsində kobud qanun pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasının qərarı ilə cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, 1 nəfər barədə 1 cinayət işi üzrə icraata xitam verilmiş; 7 cinayət işi üzrə 7 nəfər barədə yetkinlik yaşına çatmamış şəxsə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş; 6 nəfər barədə 5 cinayət işi üzrə bəraət hökmü; 328 nəfər barədə 280 cinayət işi üzrə ittihamedici hökm çıxarılmışdır.

Cari ildə təyin edilmiş cəzalara təsnifatı üzrə baxdıqda məlum olur ki, 2023-cü ilin I rübündə məhkəmədə çıxarılmış ittiham hökmləri ilə 321 nəfər müxtəlif növ əsas cəzaya məhkum olunmuşlar. Belə ki, 293 nəfər barədə müəyyən müddətə azadlıqdan məhrum etmə, 1 nəfər barədə ömürlük azadlıqdan məhrum etmə, 2 nəfər barədə azadlığın məhdudlaşdırılması, 3 nəfər barədə cərimə cəzası, 1 nəfər barədə islah işi təyin edilmişdir. 21 nəfər barədə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuşdur. 2 cinayət işi üzrə 7 nəfər barəsində Aərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi və Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cəza tətbiq edilməmişdir. Bununla yanaşı 2023-cü ilin I rübündə Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış ittiham hökmləri ilə 15 nəfərə müxtəlif növ əlavə cəza da təyin edilmişdir. Belə ki, 1 nəfərə cərimə, 11 nəfərə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, 3 nəfərə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilmişdir. Bundan başqa, məhkəmənin yekun qərarı ilə 1 cinayət işi üzrə 2 nəfər barəsində xüsusi müsadirə təyin edilmişdir.

Qeyd olunanların əsasında demək olar ki, ötən illə cari ilin ilk üç ayı ərzində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işlərinin sayını müqayisə etsək işlərin sayında artım olmuşdur. Lakin eyni zamanda məhkəmədə baxılaraq icraatı başa çatdırılmış işlərin sayına baxdıqda müəyyən olunur ki, işlərin icraatda olma müddəti qısaldılmış, operativ fəaliyyət göstərilərək əvvəlki ilin ilk üç ayı ilə müqayisədə daha çox sayda yekun qərar qəbul olunmuşdur. Həmçinin icraatı başa çatdırılmış cinayət işləri üzrə məhkum edilmiş şəxslərin barəsində təyin edilmiş cəzaların təsnifatına nəzər salsaq görərik ki, təqsirləndirilən şəxslərin barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növlərinin təyin edilməsinin sayı artmışdır və bu hal Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan altenativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi haqqında” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərdə tutulan müddəalara əməl olunması deməkdir.

- Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların məhkəməyə çatımlığı hansı səviyyədədir? Vətəndaşlarla kommunikasiya işini necə həyata keçirirsiz?

- Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların məhkəməyə əlçatımlığı, yəni, onların müraciətlərinə dair tələblər, yazılı müraciətlərin qəbulu, qeydiyyatı, onlara baxılması qaydası, müddəti, vətəndaşların qəbul edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktların müddəalarına riayət olunmaqla müvafiq qaydada həyata keçirilir. Vətəndaşların məhkəməyə müraciəti məhkəmə icraatı ilə bağlı olan və olmayan məzmunda ola bilər. Hər iki formada müraciətin ümumi əsasları Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulur. Belə ki, Konstitusiyaya əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə yazılı müraciətlər göndərmək hüququ vardır, hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Konstitusiyanın hüquq və azadlıqların inzibati və məhkəmə təminatından bəhs edən maddəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə məhkəmə prosesində dinlənilmək hüquqları tətbiq edilməklə ağlabatan müddətdə baxılsın. Bundan başqa, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ yəni, səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır və qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Bundan əlavə məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Konstitusiya eyni zamanda özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququnu da nəzərdə tutur. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Qeyd olunan hüquqlar əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə də, onlar Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa şamil olunur və onların hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq hakimiyyətin digər iki qolu ilə yanaşı, həmçinin məhkəmə hakimiyyəti orqanlarının borcudur. Qeyd olunanlarla yanaşı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, hakimlər məhkəmə icraatına hazılıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən şəxsin barəsində olan cinayət işinin məhkəmə icraatı ilə bağlı müraciət hüququ məcəllənin prinsiplərinə və ayrı-ayrı maddələrinin tələblərinə əməl olunmaqla həyata keçirilməlidir və alternativ qayda nəzərdə tutulmur. Bu mənada Qanunun sözü gedən müddəaları vətəndaşların konstitusion hüquqlarının məhdudlaşdırılması anlamına gəlmir. Belə ki, Konstitusiyada eyni zamanda o da göstərilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.

Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2020-ci il tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin müddəalarına əsasən hazırda vətəndaşların məhkəməyə müraciəti demək olar ki, əksərən elektron fomada həyata keçirilir.

Eyni zamanda məhkəməyə gəlmiş şəxslərdə məhkəmənin icraatında olan işlərə baxılmasının vəziyyəti barədə məlumat olması məqsədilə məhkəmənin inzibati binasında vətəndaşların müraciəti otağında monitor quraşdırılmışdır və gələcəkdə digər müvafiq yerlərdə də monitorların quraşdırılması nəzərdə tutulur. Məhkəmədə vətəndaşların qəbulu “Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın Aparılmasına dair Təlimat”ın tələbələrinə uyğun olaraq həyata keçirilir. Qəbul məhkəmənin sədri və sədr müavini tərəfindən müəyyən edilmiş günlərdə və vaxtda, məhkəmə icraatının təşkilati məsələləri ilə bağlı qəbul isə müvafiq hakimin ona təhkim olunmuş işçiləri tərəfindən həyata keçirilir.

- Məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması istiqamətində hansı işlər görülür?

- Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ilə verilmiş tapşırıqların icrası çərçivəsində bu istiqamət üzrə cinayət-prosessual qanunvericiliyə bir sıra dəyişikliklər edilmişdir. Belə ki, ədalət mühakiməsinin əlçatanlığının və şəffaflığının daha da artırılması məqsədilə Məcəlləyə cinayət mühakimə icraatının elektron qaydada aparılmasını, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılmasını və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibini nəzərdə tutan çoxsaylı normalar daxil edilmişdir. Qanun 2020-ci il iyul ayının 15-dən qüvvəyə minmişdir. Bundan sonra digər məhkəmələr kimi Bakı Ağır Cinayətlər Məhkəməsində də işlərə baxılması prosessual qanunvericiliyin tələblərinə uyğunlaşdırılmışdır. Hazırda cinayət prosesinin iştirakçıları və prosesdə iştirak edən digər şəxslər tərəfindən prosessual sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə razılaşdırmaqla müəyyən etdiyi cinayət mühakimə icraatında “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Cinayət prosesinin iştirakçılarının və prosesdə iştirak edən digər şəxslərin iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq, prosessual sənədləri göndərmək və qəbul etmək imkanlarını təmin edən elektron kabinet yaradılmış, elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadəyə başlanılmışdır. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş cinayət prosesinin iştirakçıları və prosesdə iştirak edən digər şəxslərə Cinayət-Prosesual Məcəlləsinə əsasən verilməsi nəzərdə tutulan prosessual sənədlər və digər məlumatlar onların elektron kabinetlərində yerləşdirilir və bu barədə həmin şəxslərə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada elektron poçt və sms vasitəsilə məlumat verilir. Eyni zamanda həmin şəxslər Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəməyə təqdim etmək hüququna malik olduqları prosessual sənədləri “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərə bilərlər və bu qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi artıq məhkəmə tərəfindən tələb olunmur. Bundan başqa, məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması təmin edilir, məhkəmə iclaslarına sədrlik edən hakim tərəfindən cinayət prosesinin tərəfləri və cinayət prosesində iştirak edən digər şəxslər audioyazının aparılması barədə xəbərdar olunur, məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edilir və audioyazı barədə məlumat məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında ona əlavə olunur. Məhkəmə tərəfindən məhkəmə iclas protokolları ilə tanış olmaq hüququ olan şəxslərə protokola əlavə edilmiş audioyazı ilə tanış olmaq imkanı yaradılır. Bundan əlavə məhkəmənin qəbul etdiyi hökm, qərar və digər prosessual sənədlər elektron sənəd formasında tərtib edilərək Cinayət-Prosessual Məcəlləsində həmin prosessual sənədlər üçün müəyyən edilmiş müddətlərdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir.

- İsmayıl müəllim, necə hesab edirsiniz hazırda məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti lazımı səviyyədədirmi? Müdafiə və ittiham tərəfi arasında bərabərlik necə qorunur?

- Qeyd edilən prinsip Azərbaycan Respublikası Cinayət-Prosesssual Məcəlləsinin əsas prinsiplərindən biridir. Məcəllənin 32.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Tərəflərin çəkişməsi dedikdə - hər bir tərəfin məhkəmədə təmsil olunması, öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olması, heç kimdən asılı olmayaraq müstəqil surətdə öz mövqeyini seçib, onu müdafiə etmək üçün vasitə və üsulları müəyyən etməsi, vəsatət verməklə əlavə olaraq zəruri materialları əldə etməsi nəzərdə tutulur. Məhkəmə hökmü yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. Hansı ki, bu sübutlar Məcəllədə deyildiyi kimi, qanuni yolla əldə olunmalıdır. Qanuni yolla əldə etmənin əsaslarından biri də tərəflərin çəkişmə prinsipinə riayət olunmasını təmin etməkdir. Bu mənada məhkəmədə cinayət mühakimə icraatında iştirak edən ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir, müdafiə tərəfi cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Sözü gedən prinsipin təmin edilməli olduğu beynəlxalq sənədlərdə də birmənalı şəkildə vurğulanır. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası”nın ədalətli məhkəmə hüququndan bəhs edən 6-cı maddəsində deyilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmənin qərəzsizliyi cinayət mühkimə icraatında iştirak edən tərəflərin çəkişmə prinsipini təmin etməkdə ifadə olunur. İstər bu Konvensiyada, istərsə “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”sində, istər də “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, habelə milli qanunvericilikdə öz əksini tapan təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun.

- Vəkillər məhkəmə proseslərinin elan olunan vaxtda başlamaması ilə bağlı mütəmadi olaraq problem qaldırırlar. Sizcə, bu problemin həlli üçün hansı mexanizm tətbiq edilməlidir?

- Doğrudur, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinə başlanılanadək məhkəmələrdə bu və ya digər səbəblərdən məhkəmə iclaslarının müəyyən olunmuş vaxtda başlamaması halları olurdu. Hətta belə səbəblər sırasında məhz vəkillərin özlərinin məhkəməyə gecikmələri də yer alırdı. Belə olan halda cinayət işi üzrə məhkəməyə gəlmiş proses iştirakçlarının mövqeyi nəzərə alınmaqla gecikmiş iştirakçı gəldiyi halda məhkəmə iclası keçirilirdi ki, nəticədə də digər cinayət işləri üzrə məhkəmə iclaslarında gecikmələr baş verirdi. Lakin hazırda məhkəmə iclasları audioyazı aparılmaqla həyata keçirildiyindən belə hallara rast gəlinmir, proses iştirakçısı məhkəməyə gəlmədiyi, yaxud gecikdiyi hallarda məhkəmə iclası təxirə alınmaqla başqa vaxta keçirilir və beləliklə digər cinayət işləri üzrə məhkəmə iclaslarının başlanma vaxtında problemlər yaranmır.

- İsmayıl müəllim, tez-tez səsləndirilən fikirlərdən biri də Azərbaycanda çıxarılan bəraət hökmlərinin sayının az olması ilə bağlıdır. Bu barədə nə deyə bilərsiz?

- Mən istəməzdim ki, məhkəmənin fəaliyyətinə bəraət hökmünün sayı ilə qiymət verilsin. Ümumiyyətlə, məqsəd işlərə bəraət verilməsi, hansısa statistik nəticəyə malik olmaq olmamalıdır. Biz fəaliyyətimizi statistik rəqəmlər əsasında qurmaq istəmirik. Bizə nəticə lazımdır. Ədalət mühakiməsi sahəsində əldə etdiyimiz nəticə, müasir, dövrün tələblərinə uyğun gələn, tərəflərin çəkişmə prinsipi əsasında qurulmuş ədalət mühakiməsinə nail olmaq. Bizim hədəfimiz məhkəmənin ümumi ab-havasını dəyişmək, insanların məhkəmələrə, hakimlərə etimadını, inamını bərqərar etməkdir.

Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayətlərin təsnifatı üzrə ağır və xüsusilə ağır cinayət işlərinə baxılır. Bu mənada Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış bəraət hökmlərinin sayının cinayətin digər təsnifatları üzrə işlərə baxan birinci instansiya məhkəmələrdə çıxarılan bəraət hökmlərinin sayına nisbətdə az olduğunu demək olmaz. Müsahibənin əvvəlində verilən sualla əlaqədar cavabda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılaraq icraatı başa çatdırılmış işlər üzrə statistik nəticələrə nəzər salsaq görərik ki, məhkəmədə ötən il ərzində yekunlaşdırılmış işlərdən 10 nəfər barədə 8 cinayət işi üzrə, cari ilin ilk üç ayında isə 6 nəfər barədə 5 cinayət işi üzrə bəraət hökmü çıxarılmışdır. Və bu hal onu göstərir ki, bəraət hökmlərinin sayı artmaqda davam edir.

- Bəziləri hesab edir ki, hakim qərar qəbul edərkən dövlət ittihamçısının mövqeyini daha çox nəzərə alır. Xüsusən, cinayət işləri üzrə müdafiə tərəfinin vəsatətlərinin hakimlər tərəfindən əsaslandırılmadan rədd edilməsi ilə bağlı problemlər qaldırılır. Bu barədə nə deyə bilərsiniz?

- Bu fikirlə qəti olaraq razılaşmıram. Əslində, məhkəmə prosesi hər bir tərəfin-ittiham və müdafiə tərəflərinin aktiv fəaliyyəti ilə müşahidə olunmalıdır. Dövlət ittihamı çox halda təsdiq olunursa, qərarların ittiham tərəfinin mövqeyinə uyğun olması təbii haldır. O ki, qaldı müdafiə tərəfinin mövqeyinin nəzərə alınmaması, bu məsələ ilə razılaşmaq olmaz. Müdafiə tərəfinin tutarlı mövqeyi ilə bağlı məhkəmənin razılaşmasına dair çoxsaylı nümunə gətirə bilərəm. Peşəkar müdafiə gərgin iş, savad, işin materiallarının tam olaraq öyrənilməsini tələb edir. Amma təcrübə göstərir ki, əksər işlərdə şablon şikayətlərdən, vəsatətlərdən istifadə olunur. Məsələn, məhkəmədə baxılan işlərin 60%-ni narkotik vasitələrlə bağlı işlər təşkil edir. Onların demək olar ki, hamısında vəkillər tərəfindən istifadə olunan vəsatətlər şablon xarakter daşıyırr. Sizin dediyiniz iradlar da məhz həmin işlərlə bağlıdır. Bir şablondan ibarət şikayətlər götürülərək bütün işlərdə istifadə olunur. Şübhəli şəxs döyülüb, zora məruz qalıb, onun tutulma vaxtı ilə üstünə baxış keçirilmə vaxtı uyğun gəlmir, evində axtarış və götürmə qanunsuz aparılıb, narkotik vasitə onun deyil, və s. sanki eyni şikayət və vəsatəti vəkillər bir-birinə ötürməklə yayırlar. Amma əslində belə olmalı deyil. Hər bir iş üzrə fərdi xüsusiyyətlər nəzərə alınmaqla müdafiə taktikası qurulmalıdır.

Məsələn, bu yaxınlarda qəbulumda olan şəxsin şikayəti ilə bağlı icra icraatının vəziyyəti ilə tanış olarkən məlum oldu ki, vəkilin müdafiə etdiyi şəxsin xeyrinə olan və işin materiallarında olan elə sübut gözdən qaçırılıb ki, hansı ki, təkcə ona istinad edib müdafiəsini qurası olsa hakimin ona bəraət hökmü çıxarmaqdan başqa yolu qalmaz.

Mən təsəvvür edə bilmirəm ki, hansısa hakim müdafiə və yaxud ittiham tərəfindən irəli sürülmüş ağıllı, savadlı, işin nəticəsinə təsir göstərə biləcək vəsatəti görmədən keçsin. Əks təqdirdə hakim özünün çıxarmış olduğu yekun qərarın taleyini təhlükə altında qoymuş olar. Bunun isə hakim üçün nə ilə nəticələnəcəyi hamıya bəllidir.

- Sonda, Bakı Ağır Cinayətlər Məhkəməsi olaraq, qarşıda hansı hədəfləriniz var? Məhkəmənin fəaliyyəti ilə bağlı yaxın gələcəkdə hansı yeniliklər gözlənilir?

- Yuxarıda qeyd etdiyim kimi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətimizdə ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə bundan sonra da dönmədən riayət edilməsi ilə bağlı fəaliyyətimizi davam etdirəcəyik. Biz istərdik ki, gördüyümüz işlərlə bağlı kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edək. Qoy ictimaiyyət də məhkəmə hakimiyyətinin hansı qaydada həyata keçirilməsi ilə yaxından tanış olsun, onlarda məhkəmə hakimiyyətinin hakimlər tərəfindən həyata keçirilməsi ilə bağlı real təəsürat yaransın. Yeri gəlmişkən bizim məhkəmənin "Instagram" "Facebook" səhifələri son vaxtlar aktivdir, orada maraqlı məlumatlar dərc olunur, məqalələr verilməsi planlaşdırılır. Müəyyən mübahisəli hüquqi məsələlərin hüquq ictimaiyyəti ilə müzakirə etmək, onların fikirlərinin bilmək istəyirik. Əminəm ki, ictimaiyyətlə məhkəmə arasında bu cür kommunikasiya məhkəmələr barəsində qeyri-sağlam fikirləri yuyub aparacaq.

Xəyalə Bünyatova