Bakı Apellyasiya Məhkəməsi Ələkbər Həbibovun iddialarına münasibət bildirdi

Bakı Apellyasiya Məhkəməsi tanınmış idmançı, dünya çempionu və sahibkar  Ələkbər Həbibovun iddialarına münasibət bildirib.


Məhkəmədən e-huquq.az-a bildirilib ki, sahibkarın şikayətində qeyd etdiyi məsələlərlə bağlı kifayət qədər ətraflı araşdırma aparılıb.

Bakı Apellyasiya Məhkəməsi sözügedən qərarın qanuni və ədalətli olduğunu qeyd edib: “Baxılmış müvəqqəti təminat tədbiri ilə bağlı yayınlanmış məqalələrdə yer alan fikirlərlə bağlı bildiririk ki, baxılan iş üzrə tərəflər arasında bağlanmış icarə müqaviləsində müqavilənin 19.10.2024-cü il tarixinə qədər qüvvədə olacağı, icarə haqqının ardıcıl 20 gün ödənilməməsi halında müqaviləyə “İcarə verən”in təşəbbüsü ilə birtərəfli qaydada xitam veriləcəyi, müqavilənin ləğv edilməsinin tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçiriləcəyi razılaşdırılmış, icarəyə verən (mülkiyyətçi) icarəyə götürənin icarə haqqı borcunu vaxtında ödəməməsini əsas gətirərək məhz icarə müqaviləsində nəzərdə tutulan qaydada müqaviləni birtərəfli qaydada ləğv etdiyi barədə iradə ifadəsini bəyan etməklə müqavilə münasibətlərini sonlandırılıb. 
  
Apellyasiya instansiyası məhkəməsi də tərəflər arasında bağlanmış icarə müqaviləsinin icarəyə verənin (mülkiyyətçinin) birtərəfli iradə ifadəsi əsasında ləğv olunduğunu nəzərə alaraq müvafiq qərardad qəbul edib. Nəzərə alınmalıdır ki, qanunvericiliyə görə, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab olunmur".

"Bakı Apellyasiya Məhkəməsi olaraq ədaləti, insan hüquq və azadlıqlarına hörməti, həmrəyliyi, xoşniyyəti, şəffaflığı, qərəzsizliyi, cəmiyyətə hesabat verməyi, aşkarlığı fəaliyyətimizin əsas prioritetləri kimi müəyyənləşdirdiyimizi vurğulayır, ədalət mühakiməsinə olan etimad mühitinin möhkəmləndirilməsində müstəsna rolu olan dəyərli media nümayəndələrindən məhkəmədə baxılan işlərlə bağlı reallığı əks etdirməyən informasiyaları yaymamağı xahiş edirik", - deyə məhkəmədən bildirilib.

Qeyd edək ki, Ələkbər Həbibov Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elnur Həsənov, Təranə Mahmudova və Ziya Şirinovu prosessual qanunvericiliyi pozaraq qərəzli qərar çıxarmaqda ittiham edib.