Sahibkar qanunsuz məhkəmə qərarı ilə bağlı Prezidentə müraciət etdi - VİDEO

Tanınmış idmançı, dünya çempionu və sahibkar Ələkbər Həbibov Prezident İlham Əliyevə müraciət edib.


E-huquq.az xəbər verir ki, o, müraciətində icarəyə götürdüyü obyektdən qanunsuz olaraq çıxarıldığını, məhkəmənin ona qarşı qərəzli və ədalətsiz qərar qəbul etdiyini bildirib.


Müraciətdə deyilir:


"Möhtərəm cənab Prezident!


Bildirmək istəyirəm ki, mən icarə müqaviləsi əsasında idarə etdiyim "HAVEN" adlı restorandan qanunsuz olaraq çıxarılıram. Sahibkar kimi mənim hüquqlarım pozulur.


Belə ki, bu obyekt faktiki olaraq Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin sabiq rəisi, ədliyyə generalı İlqar Məmmədova məxsusdur. Mən 2017-ci ildə olunla razılığa gələrək buranı icarəyə götürdüm. Obyekt İlqar Məmmədovun dayısı Mahmud Kərimovun adına rəsmiləşdirilib. 2018-ci ildə bizim aramızda icarə müqaviləsi bağlanıb. İlqar Məmmədov əmin etmişdi ki, heç bir halda məni oradan çıxarmayacaq. Mən də onun sözünə güvənərək obyektdə əsaslı təmir-bərpa işləri apardım və bu işlərə təxminən 2 milyondan çox yatırım etdim. Hər ay icarə haqqını vaxtı-vaxtında ödəməyimə baxmayaraq, İlqar Məmmədov birdən-birə icarə müqaviləsinə xitam verməyə və məni buradan çıxarmağa qərar verib. İcarə müqaviləsində göstərilir ki, ona yalnız tərəflərin qarşılıqlı razılığı ilə xitam verilə bilər. Lakin mənim razılığım olmadan müqaviləni birtərəfli qaydada pozmaq istəyirlər ki, bu da tamamilə qanunsuzdur.


Mən üzləşdiyim bu halla əlaqədar məhkəməyə müraciət etdim. Bakı Kommersiya Məhkəməsində müraciətimlə bağlı qanuni qərardadların qəbul edilməsinə baxmayaraq, sonradan işə baxan Bakı Apellyasiya Məhkəməsinin hakimləri Təranə Mahmudova, Elnur Həsənov və Ziya Şirinov tam qanunsuz və əsassız qərar qəbul etdilər. Belə ki, qərara əsasən bizim fəaliyyətimizə və obyektdən istifadəyə qadağa qoyulur. Bakı Apellyasiya Məhkəməsinin həmin hakimləri Azərbaycan Respublikasının adından çıxarılmış qərarı özlərinə sərf etdiyi tərzdə qəbul edirlər. Ehtimal edirəm ki, bu qanunsuz qərar keçmiş ədliyyə məmuru İlqar Məmmədovun müdaxiləsi ilə qəbul edilib. Bu işdə korrupsiya elementləri görürəm. Hesab edirəm ki, bu qərar qanunvericiliyin tələblərini pozan qərəzli bir qərardır və ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına ziddir.


Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!


Mən qeyd etdiyim halla bağlı Bakı Apellyasiya Məhkəməsinin hakimləri Təranə Mahmudova, Elnur Həsənov və Ziya Şirinovun əməllərində korrupsiya faktlarının olub-olmamasını yoxlamaq üçün müvafiq araşdırmaların aparılmasını istəyirəm. Xahiş edirəm ki, bu məsələ nəzarətə götürülsün. Məhkəmə işi obyektiv və ədalətli şəkildə araşdırsın və qanuni qərar çıxarsın. Fəaliyyətimizə olan qanunsuz qadağa götürülsün.


Yeni il ərəfəsi olduğundan bayramı restoranımızda qeyd etmək istəyən çox sayda müştəridən şifarişlər götürmüşük. Bununla əlaqədar ərzaq və digər ləvazimatlar alınıb. İndi bu qanunsuz qərar bizə maddi ziyan vurmaqla yanaşı, müştərilərimizin də qarşısında çətin vəziyyətdə qoyur. Mən bir sahibkar kimi hüquqlarımın bərpa olunmasını, bu özbaşınalığa son qoyulmasını istəyirəm.


Bu yanlış qərar eyni zamanda 30-dan çox əməkdaşımızın işsiz qalmasına səbəb olub. Onların arasında müharibə iştirakçıları da var. Restoranın bağlanması təkcə mənim üçün deyil, onlar üçün də zərbə olacaq.


Cənab Prezident!


Mən öz adımdan və mənimlə bərabər burada çalışan işçilər adından Sizə müraciət edərək sahibkarlığa zərbə vuran bu qanunsuzluğun aradan qaldırılması və həmin ədalətsiz qərarı qəbul edən hakimlərin fəaliyyətinin araşdırılması üçün kömək istəyirəm. Bizim ümidimiz yanlız Sizədir! Xahiş edirəm ki, bu məsələ ciddi şəkildə araşdırılsın".