- 20:44 | 11.12.2024
- Vəkillik
10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən pulsuz hüquqi yardımla bağlı respublika ərazisində fəaliyyət göstərən vəkil qurumlarında “Açıq qapı" günü keçirilib.
E-huquq.az xəbər verir ki, dekabrın 10-da Bakı şəhərində “Pro Bono”, 7 saylı, 11 saylı Vəkil büroları (VB), Naxçıvan Respublikasının Vəkillər Kollegiyası, Gəncə şəhər 1 saylı, Şəki Regional, Şirvan Regional, Cəlilabad rayon, Astara rayon VB-nin vəkilləri, o cümlədən Daşkəsən rayon Heydər Əliyev Mərkəzində həmin rayonda fəaliyyət göstərən fərdi vəkil və Gəncə şəhər 1 saylı VB-nin vəkilləri tərəfindən aztəminatlı şəxslərə pulsuz hüquqi yardım aksiyaları təşkil edilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti cinayət, inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub. Bundan başqa, sakinlərə hüquqi sənədlər tərtib olunub və onlara davamlı hüquqi yardımın göstərilməsi istiqamətində lazımi addımlar atılıb.
Aksiyada vəkillər tərəfindən ümumilikdə 150-yə yaxın vətəndaşa hüquqi məsləhətlər verilib, habelə müvafiq yazılı ərizələr tərtib edilib.
Eyni zamanda ARVK ilə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq məhkumlara pulsuz hüquqi yardım göstərilib.
Plana əsasən, Penitensiar Xidmətin 8, 12 və 13 və saylı cəzaçəkmə müəssisələrində müvafiq olaraq Sumqayıt şəhər 1 saylı, “Presedent”, 10 saylı və “De Fendo” VB-lərin vəkilləri tərəfindən ümumilikdə 100-ə yaxın məhkuma qanunvericiliyin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.
Bakı şəhəri 14 saylı VB-nin vəkilləri tərəfindən isə probasiya qeydiyyatında olan 10-a yaxın şəxs qəbul edilib, onların qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Həmin şəxslərə müxtəlif növ hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar verilərək, ödənişsiz hüquqi yardım göstərilib.