Rübabə Qafarova: “Hakimin imici vətəndaşların məhkəməyə inam səviyyəsinə təsir edən amildir” - MÜSAHİBƏ

Suraxanı Rayon Məhkəməsinin hakimi Rübabə Qafarovanın e-huquq.az-a müsahibəsi....


 - Rübabə xanım, insanlar hakimləri adətən mediada deyil, məhkəmə zallarında görürlər. Bu baxımdan öncə sizi geniş ictimaiyyətə, izləyicilərimizə tanıdaq. Rübabə Qafarova kimdir?


 - Mən 1984-cü ildə həkim ailəsində anadan olmuşam. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistratura pillələrinin qırmızı diplomlu məzunuyam. İlk fəaliyyətimə bank olmayan kredit təşkilatında başlamışam. Daha sonra Azərbaycanda ipoteka kreditləşməsinin tətbiqinə başlandığı ilk illərdə Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunda (indiki Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu) çalışmaqla bu sistemin ölkəmizdə formalaşdırılması prosesinin iştirakçısı olmuşam. Hakimlik zirvəsinə yüksələnə qədər son olaraq “PAŞA Sığorta” ASC-də çalışmaqla dürüstlük, keyfiyyət və əməkdaşlıq kimi korporativ dəyərləri olan və bu dəyərlər üzərində qurulmuş strategiyaya uyğun fəaliyyət göstərən aparıcı bir qurumun üzvü olmaq şansına sahib olmuşam. Qeyd edim ki, bu illərdə yiyələndiyim dəyərlərə sonrakı fəaliyyətimdə də sadiq qalmaqda israrlıyam.


 - Qeyd etdiyiniz kimi siz kifayət qədər nüfuzlu yerlərdə çalışmısınız. Maraqlıdır, sonradan hakimlik peşəsini seçməyinizə səbəb nə oldu?


 - Hakimlik kimi yüksək və şərəfli peşəyə sahib olmaq hər bir hüquqşünas kimi mənim də ürəyimin dərinliyində bəslədiyim bir arzu olmuşdur. Məhkəmə-hüquq sistemində keçirilən islahatlar isə məndə bu şərəfli peşənin əlçatan olmasına inam yaratdı. Beləliklə, mən də bu yola çıxmaq qərarına gəldim. Heç kim mübahisə etməz ki, hakimlik fəaliyyəti cəmiyyətdə yüksək hörmətə, statusa səbəb olan fəaliyyətdir. Qədim yunan filosofu Sokrat demişdir ki, bütün peşələr insanlardan, yalnız üçü Allahdan gəlir, bunlar müəllimlik, hakimlik, həkimlikdir. Bu gün mən də hakim statusuna layiq görüldüyüm üçün qürur hissi duyuram. Amma bunun bir missiya olduğunu anlayaraq üzərimə çox böyük məsuliyyətin qoyulduğunu bir anlıq da olsa unutmuram.


 - 2021-ci ildən hakim kimi fəaliyyət göstərirsiniz. İcraatınızda baxdığınız hansı maraqlı məhkəmə mübahisələri olub?


 - İcraatımda olan hər hansı bir konkret işdən danışmaq əvəzinə hakimlik fəaliyyətimdə diqqətimi çəkən bir məqamı vurğulamaq istərdim. İddia tələblərinin növü, xarakteri bir-birinə bənzəsə də, əslində isə hər bir “case” özü-özlüyündə unikaldır, təkrarolunmazdır. Buna səbəb isə odur ki, insanlar arasında olan münasibətlərin özü də xarakter olaraq oxşar olsa da, biri digərini tam olaraq təkrarlamır, fərdi özəlliklərə sahib olur. Ona görə də ilk baxışda çox sadə görünən işə belə asan demək mümkün deyil. Buna görə də mənim ən çox diqqət yetirdiyim məqam tərəfləri diqqətlə, səbrlə və sona qədər dinləməkdir. Çünki, bir xırda nüans belə bütün mənzərəni tamamilə dəyişə bilər.


 - Bu peşənin asan və ya çətin tərəfləri nələrdən ibarətdir?


 - Etiraz etmirsinizsə, birinci işimizin çətin tərəflərindən danışım. Sonda bunun səbəbini açıqlayacağam. İlk növbədə ondan başlayım ki, bir hakim olaraq əməl etməli olduğum çox vacib prinsiplər var. Əvvəla, bu, müstəqillik prinsipidir. Ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün əsas şərtlərdən biri obyektivliyə və qərəzsizliyə nail olmaqdır. Bizim məhkəmə baxışı zamanı və məhkəmədən kənar davranışımız cəmiyyətin və məhkəmə prosesi iştirakçılarının hakimin və məhkəmə sisteminin obyektivliyinə və qərəzsizliyinə inamını qorumağa kömək etməlidir. Ədalət mühakiməsinin obyektiv və qərəzsiz həyata keçirilməsinin mühüm şərti isə bütün şəxslərə bərabər münasibətin təmin edilməsidir. Hakim hər bir tərəfə bərabər imkanlar yaratmalı və prosesdə bütün iştirakçılara eyni diqqətlə yanaşmalıdır. Bütün bunların paralelində bizim vəzifəmiz daim hakim obrazımızın qayğısına qalmaqdır. Mənə görə hakim obrazı hakimin peşəkar, şəxsi və mənəvi keyfiyyətlərinin səviyyəsinin zahiri ifadəsidir. Hakimin imici vətəndaşların məhkəməyə inam səviyyəsinə təsir edən amildir. Hakimin imicindən danışarkən bunun özündə nələri ehtiva etməli olduğunu da vurğulamaq istərdim. Zənnimcə, buraya hakimin xarici görünüşü, (yəni ünsiyyət davranışı, mimikaları, geyim tərzi), şifahi və yazılı nitq qabiliyyəti, qanunvericilik bilikləri, mənəvi bütövlüyü, işgüzar etiket qaydalarına və hakimin etik davranış normalarına riayət etməsi daxildir. Bunun üçün mənim özümə tələbim daim peşəkar və fərdi keyfiyyətlərimi təkmilləşdirməkdir. Siz də etiraf edərsiniz ki, qeyd etdiklərim ədalət mühakiməsi təmsilçisindən böyük güc, iradə və zəhmət tələb edir. Sadaladığım məqamlardan sonra yəqin siz də işimizin asan tərəflərinin elə də çox olmadığını qəbul edərsiniz (gülümsəyir).


 - Azərbaycanda rəhbər vəzifələrdə təmsil olunan kifayət qədər xanımlar var. Eləcə də xanım hakimlərin sayı artmaqdadır. Sizcə bunun səbəbi nədir? Ümumiyyətlə, xanım hüquqşünasların hakim peşəsinə marağı niyə artıb?


 - Yəqin mənimlə razılaşarsınız ki, uzun dövrlər “kişiləşmiş” peşələrdən olan hakimliyə gəlməkdə qadınların qarşısında duran əsas əngəllərdən biri “sən bacarmazsan” kimi toplumsal əngəllər olub. Təəccüblü deyil ki, məhkəmə zalında vətəndaşların bəzən dilləri çaşaraq mənə “cənab hakim” deyə müraciət edirlər (gülümsəyir). Məhkəmə sistemində aparılan dərin islahatlar ilkin dönəmlərdə bir çox qadına “sənlik deyil” kimi psixoloji təzyiqlərə baxmayaraq bu yola çıxmağa və yüksək əmək, əzmkarlıq nümayiş etdirəcəyi halda uğur qazanacağına inam yaratdı. Keçirilən islahatların tərkib hissəsi olaraq davamedici xarakter alan hakimlərin seçki prosesləri digər hakimlik arzusunda olan xanımları “məsələn, Rübabə Qafarova bacardı, mən də bacararam” düşünməyə ilhamlandırdı. Hesab edirəm ki, xanımlar istər şəxsi həyatlarında, istərsə də iş həyatlarında daha yüksək distiplin nümayiş etdirirlər. Düşünürəm ki, cəmiyyətin zərif nümayəndələrinin üzərilərinə götürdükləri öhdəliklər onlarda bu keyfiyyətin formalaşmasına gətirib çıxarır. Bundan başqa xanımlar baxdıqları hər bir şeydə incəliklərin daha asan və daha tez fərqində olmaq özəlliyinə sahibdirlər. Elə bu özəllikləri illərlə məhkəmə kimi çox zəhmət çəkməyin, əmək qoymağın, ən əsası ədalətli olmağın gərəkdiyi bir sistemdə xanımları uğura aparır. Tərəfdaşlıq edib xanımları tərif atəşinə tutdum (gülümsəyir), lakin onu da etiraf etməliyəm ki, qadınlar kişilərə nisbətən daha emosianal təbiətə malikdirlər, bu baxımdan hakimlik üçün yola çıxan xanımlara gələcək fəaliyyətlərində bu məqama xüsusi diqqət yetirməyi, emosional tarazlığı təmin etmək üçün öz üzərilərində çalışmağı tövsiyə edirəm. Eyni zamanda fürsətdən istifadə edərək ədalətin təmin olunması yolunda fədakarcasına, əzmlə çalışan bütün xanım məsləkdaşlarıma uğurlar arzu etmək istəyirəm.


 - Bildiyiniz kimi, hakimliyə seçim prosedurları da artıq sadələşdirilib. Bununla yanaşı, hakim olmaq həqiqətən böyük bilik, təcrübə və məsuliyyət tələb edir. Gələcəkdə hakim olmaq istəyən xanımlara tövsiyəniz nədən ibarətdir?


 - Deyə bilərəm ki, əziz xanımlar, hər biriniz ədalət təmsilçisi olmaq üçün bu yola çıxırsınız. Unutmayın ki, layiq görülməyinizi istədiyiniz titulu çoxları arzulayır. Ona görə də əzmlə çalışmaqdan usanmayın. Hakimlik kimi şərəfli və yüksək peşənin məsuliyyətini artıq indidən hər addımınızda nəzərə almağa çalışın. Məhkəmənin siması olan hakim xalqın dövlətə inamının və ədalətin başlanğıc nöqtəsidir. Ona görə də, imicinizin daim qayğısına qalın. Hakimi olacağınız hər bir işdə sözün əsl mənasında işə hakim olun, aparılmış tədqiqatın həqiqətən də yetərli olduğuna, başa çatdığına əmin olun və yalnız bundan sonra müşavirə otağına gedin. Gəldiyiniz nəticəni qərarlarınızda dolğun əsaslandırın. Müstəqil və qərəzsiz olmaq bu peşənin “olmazsa olmaz” qaydasıdır. İlk dönəmlərdə təcrübə əksikliyi normal, doğal bir şeydir. Hər birimiz bundan keçmişik. Məslək böyüklərinizə müraciət etməkdən çəkinməyin. Qorxmayın, çünki yalnız heç nə etməyənlər səhv etmirlər. Hüquqi maariflənmənin heç vaxt yetərli olmadığını, bunun sonsuz bir proses olacağını nəzərə alın. Bir də korporativ iş təcrübəmin məndə formalaşdırdığı inanclardan biri də o oldu ki, komandanın gücü fərdi surətdə qoyulan istənilən töhvədən dəfələrlə böyükdür. Ona görə də rəhbərliyiniz altında çalışacaq işçilərə vahid komanda şəklində işləməyi aşılayın, sizin üçün dəyərli olduqlarını mütəmadi olaraq onlara xatırladın. Unutmayın ki, tək əldən səs çıxmaz. Bütün bunlarla bərabər görəcəyiniz işin əhəmiyyətini nəzərə alaraq ictimai həyatınızda hakim kimliyinizə münasibətdə diqqətli olun, həmin kimliyə zərər vura biləcək addımlardan uzaq olun. Sosial həyatınıza münasibətdə diqqətli olmağınızı tövsiyə edərdim. Ailənizlə professional həyatınız arasında tarazlıq yaratmaq da önəmli məqamlardandır. Qısacası, bu etimadı doğrultmaq üçün əlinizdən gələni əsirgəməyin.


Şəbnəm Mehdizadə