- 10:28 | 02.12.2024
- Vəkillik
Noyabrın 30-da Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə həyata keçirilən “Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə "Müqavilələrdə risk anlayışı" mövzusunda təlim təşkil edilib.
E-huquq.az xəbər verir ki, təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və sözügedən layihənin gənc hüquqşünaslar üçün praktiki əhəmiyyətindən danışıb.
Eyni zamanda yeni sayı dərc edilən “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının növbəti sayı iştirakçılara təqdim olunub, jurnalın elmi əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin gənc hüquqşünaslar jurnalda məqalələrlə çıxış etməyə dəvət edilib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “CSS Konsaltinq” şirkətinin rəhbəri Nuridə İbrahimova və həmin şirkətin hüquqşünası, “Sirius” Vəkil Bürosunda vəkil köməkçisi kimi fəaliyyət göstərən Aysel Məmmədli müqavilələrdə tərəflər, öhdəliklər, risklər və risklərin qiymətləndirilməsi, o cümlədən digər əlaqəli praktiki məsələlər barədə çıxış edib.
Sonda müvafiq mövzu üzrə gənc hüquqşünasları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, təlimdə 32 gənc hüquqşünas iştirak edib.