COP29-un nəticələri dövlətimizin növbəti mühüm uğurudur

Dünyada ən mötəbər beynəlxalq forumlardan biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticələrindən biri hesab olunmalıdır.

Belə ki, beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malik olan respublikamız COP29-un da müvəffəqiyyətlə başa çatdırılmasına nail oldu. COP29-un çox yaxşı təşkil olunmasının bütün qonaqlar tərəfindən yüksək qiymətləndirilməsindən qürur duyduğunu bildirən cənab Prezidentimizin qeyd etdiyi kimi, COP29 iqlim diplomatiyasında dönuş nöqtəsi oldu və Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü.

COP29-un nəticəsi olaraq qəbul edilmiş bir çox qərarlar ətraf mühitin qorunması üzrə bütün dünya dövlətləri üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın COP29 sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. Belə ki, COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoydu. Bakı Maliyyə Məqsədi və 6-cı maddə ilə birlikdə investisiyaları inkişaf etməkdə olan dünyaya yönləndirməklə qlobal iqlim maliyyəsi arxitekturasını həmişəlik dəyişəcəkdir.

Mühüm qərarlar sırasında hər il inkişaf etməkdə olan dövlətlərə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunması xüsusi yeri tutur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir. Bu, COP29 Sədrliyinin intensiv diplomatik fəaliyyətinin nəticəsidir.

Qeyd etdiklərimizi dünya ictimaiyyətinin verdiyi reaksiyalar bir daha təsdiq edir. Belə ki, Avropa İttifaqının rəsmisi Wopke Hoekstra COP29-u "iqlim maliyyəsi üzrə yeni dövrün başlanğıcı kimi yadda qalan" tədbir olaraq qiymətləndirmişdir. Bütün bunlar respublikamızın dinamik inkişaf edən beynəlxalq əlaqələrinin daha da artmasını və ölkəmizin günbəgün çiçəklənməsini bir daha sübut edir. Ətraf mühitin daha çox çirkləndiyi, bəşəriyyətin təhlükə altında olduğu bir dönəmdə bu cür uğurlu beynəlxalq nəticələrə gətirib çıxaran tədbirə ev sahibliyinin ölkəmiz tərəfindən edilməsi ilə “Yaşıl dünya naminə həmrəylik ili”ndə Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdi.

BMT-nin Baş katibi Antonio Quterreşin COP29-un nəticəsini “üzərində qurmağa imkan verən bir təməl” hesab etməsi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stilin nəticəni bəşəriyyət üçün sığorta siyasəti kimi qiymətləndirməsi COP29-un uğurla yekunlaşdığının bariz göstəricilərindəndir.

Dünyanın 190-dan artıq dövlətinin COP29-da müzakirələrə qoşulması Azərbaycanın nəinki regionun, həm də qlobal miqyasda lider dövlət olduğunu bir daha təsdiqləmiş oldu.

COP29-un uğurlu nəticələrindən biri də “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü” və İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsiplərinin qəbul edilməsi oldu.

Qeyd olunanlar Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərinə xidmət edir. Təsadüfi deyil ki, bu prioritetlərdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Eyni zamanda, bu tədbirin uğurla təşkili və keçirilməsi sağlam ətraf mühitdə yaşamaq hüququnun təminatına dair bir çox beynəlxalq normalara biganə qalmamağımızın nəticəsidir. Hələ 1972-ci ildə Ətraf mühit üzrə Stokholm Bəyannaməsinin qəbulu zamanı dövlətlərin üzərinə ətraf mühitin yaxşılaşdırılmasına hərtərəfli kömək etmək, həmçinin öz vətəndaşlarının və digər xalqların ekoloji maraqlarına hörmət etmək öhdəliyi qoyulmuşdu. Bu günə qədər Azərbaycan Respublikası ekoloji təhlükəsizliyin qorunmasına dair bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. BMT-nin 19 may 1992-ci il tarixli Çərçivə Konvensiyası, Tullantı qalıqları və digər maddələrlə dənizin çirkləndirilməsinin qarşısının alınması haqqında 29 dekabr 1972-ci il tarixli Konvensiya, Məhv olmaq təhlükəsi olan vəhşi fauna və flora növləri ilə beynəlxalq ticarət haqqında 3 mart 1973-cü il tarixli Konvensiya, Transsərhəd sututarların və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında 17 mart 1992-ci il tarixli Konvensiya, Bioloji müxtəlifliklər haqqında 12 iyun 1992-ci il tarixli Konvensiya, Ozon qatını məhv edən maddələr haqqında 16 sentyabr 1987-ci il tarixli Monreal Protokolu və s. bu kimi beynəlxalq sənədlərin adlarını qeyd edə bilərik.
Həmçinin 25 iyun 1998-ci il tarixli Ətraf mühitlə bağlı məsələlərdə informasiya əldə etmək, qərarların qəbul edilməsində iştirak və ədalət mühakiməsinə çıxış haqqında Orhus Konvensiyası xüsusi qeyd olunmalıdır ki, respublikamız bu beynəlxalq sənədi 1999-cu ildə ratifikasiya etmişdir. Konvensiya, adından da göründüyü kimi, ekoloji məsələlərlə bağlı üç mərhələni tənzimləyir: informasiya əldə etmək, qərarların qəbulunda iştirak və ədalət mühakiməsinə çıxış.

Konvensiyanın 3-cü maddəsində tərəflərin üzərinə şəxslərin ətraf mühitlə bağlı informasiya əldə etmələri, qərarların qəbul edilməsində iştirakı və ekoloji məsələlərlə bağlı ədalət mühakiməsinə çıxışı ilə bağlı bütün zəruri hüquqi tənzimləmələri etməklə bağlı öhdəlik qoyulur. Bundan əlavə, tərəflər sözügedən məsələlərlə bağlı ekoloji maarifləndirmə səviyyəsini artıracaq fəaliyyətlər həyata keçirməklə yanaşı, ekoloji maarifləndirmə işlərini də inkişaf etdirməlidirlər. Məhz bu istiqamətdə respublikamızda aparılan tədbirlər, xüsusilə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyəti təqdirəlayiqdir ki, bu fəaliyyət COP29 çərçivəsində də uğurla davam etdirilmişdir. COP29 çərçivəsində Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşri – “Azərbaycan. Təbiətin sehrində” (Azerbaijan. Inspired by Nature) kitabının təqdimatı olduqca mühüm əhəmiyyət kəsb edir. Kitab oxucuları Azərbaycanın ecazkar təbiəti ilə tanış etməklə yanaşı, bu zənginliyin əhəmiyyətini, onun qorunub saxlanılmasının vacibliyini gündəmə gətirir.

Eyni zamanda, Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfransın təşkilini xüsusi qeyd etməliyik ki, bu tədbirin əsas məqsədi Mərkəzi Asiya və türkdilli dövlətlərin iqlim dəyişikliyinə qarşı mübarizəyə verdiyi önəmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və bu dövlətlərin gənclərini iqlim gündəliyinə cəlb etməklə beynəlxalq öhdəliklər istiqamətində görülən tədbirləri təqdim etməkdən ibarət idi. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bildirmişdir ki, “Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir”.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühit Naminə Qlobal Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 21-də COP29 Sədrliyi, IDEA İB və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) birgə təşkilatçılığı ilə baş tutan “Qlobal liderlərin dialoqu: Təbiət üçün müsbət gələcəyə nail olmaq məqsədilə iqlim fəaliyyəti və biomüxtəlifliyin qorunması və Paris Sazişinin məqsədlərinə uyğunlaşdırılması” mövzusunda panel müzakirələrində iştirakı zamanı daha dayanıqlı və sağlam gələcəyin təmin olunması məqsədilə iştirakçıları yeni tərəfdaşlıqlar və birgə səylər göstərməyə çağırmışdır.

COP29 çərçivəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsi də özünəməxsus fəaliyyətini davam etdirmişdir. COP29-un mahiyyəti və məqsədləri barədə aydın təsəvvür formalaşdırılması məqsədilə Hüquq fakültəsində bir sıra tədbirlər və təlimlər təşkil edilmişdir. Bunlar sırasında COP29 barədə infosessiya, "Tələbədən tələbəyə" layihəsi çərçivəsində COP29-a həsr olunmuş "Ətraf mühit və insan hüquqları" mövzusunda təlimlər xüsusi qeyd olunmalıdır. Bununla yanaşı, Fakültədə “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Tərəflər Konfransı (COP) barədə” məlumat kitabçası hazırlanmış və çap edilmişdir. Hüquq fakültəsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 ərəfəsində hazırlanan bu vəsait BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və COP (Tərəflər Konfransı) haqqında zəruri məlumatları, onların hüquqi statusu və mahiyyətini əks etdirməklə hüquqi və ekoloji maarifləndirməyə xidmət edir. Eyni zamanda, Fakültə tələbələrinə COP29 çərçivəsində könüllü qismində iştirak üçün dəstək verilmişdir. Ümumilikdə COP29-da Hüquq fakültəsindən 37 tələbə, o cümlədən 35 könüllü və 2 tələbə isə ştat işçisi qismində iştirak etmişdir.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və səyləri nəticəsində COP29-un Azərbaycanda yüksək səviyyədə təşkili və keçirilməsi bu tədbirin BMT tarixində ən möhtəşəm beynəlxalq forumlardan biri kimi yadda qalmasına səbəb oldu və bəşəriyyətin ekoloji təhlükəsizliyinin təmin edilməsində yeni mərhələnin başlanğıcı oldu. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un bəşəriyyət üçün uğurlu nəticələri dövlətimizin növbəti uğurudur.

Zaur Əliyev

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı

hüquq üzrə fəlsəfə doktoru, dosent