- 10:28 | 18.11.2024
- Vəkillik
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və "Femida Könüllüləri" Təşkilatı arasında bağlanan memoranduma əsasən, müxtəlif Vəkil Bürolarında təcrübə keçən könüllülərə sertifikatlar təqdim edilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Mərasimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və könüllüləri təcrübə müddətlərini müvəffəqiyyətlə başa vurduqlarına görə təbrik edib. Qeyd olunub ki, könüllü tələbələr və təcrübəçilər ARVK rəhbərliyinin daim diqqətindədir, bu proseslərə yüksək qayğı və diqqətlə yanaşılır.
“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova çıxışında Kollegiya rəhbərliyinə göstərilən diqqət və qayğıya görə təşəkkür edib. Bildirilib ki, könüllülərin müxtəlif Vəkil Bürolarında keçdikləri 3 aylıq təcrübə müddəti onların gələcəkdə peşəkar hüquqşünas kimi formalaşmasında öz rolunu göstərəcəkdir.
Həmçinin Vəkillərin İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov, Vəkillərin İntizam Komissiyasının üzvü, “Kredo” Vəkil Bürosunun müdiri Elvin Səlimov, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun müdiri Səyyad Mirzəyev, “Arbitrium” Vəkil Bürosunun müdiri Polad Mehdiyev, o cümlədən Bakı şəhəri 20 saylı Vəkil Bürosu, Bakı şəhəri 22 saylı Vəkil Bürosu, “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosu, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun nümayəndələri görüşdə iştirak edərək könüllülərə öz təklif və tövsiyələrini bildiriblər.
Sonda könüllülərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.