Ağadadaş Ağayev azadlıqda qaldı - FOTO

“Medera Hospital”da baş verən insidentdə təqsirləndirilən Xalq artisti Ağadadaş Ağayevin məhkəmə prosesi keçirilib. 

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ağadadaş Ağayevin və zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Daha sonra zərərçəkən tərəfin vəkili məhkəmədə vəsatətlə çıxış edib. 

Zərərçəkən tərəfin vəkili işin mahiyyəti üzrə olmadığını, ibtidai istintaqa qaytarılması, daha ağır ittihamlarla cinayət işinin açılmasını və Xalq artistinin barəsində olan qərarın həbs qətimkan tədbiri ilə dəyişdirilməsi ilə bağlı vəsatət qaldırıb. 

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib. 

Qısa müşavirədən sonra hakim vəkilin Xalq artistinin barəsində olan qərarın həbs qətimkan tədbiri ilə dəyişdirilməsi ilə bağlı vəsatətini təmin etməyib. Eyni zamanda, digər vəsatəti baxılmamış sayıb. 

Məhkəmə prosesin baxışa verilməsi ilə bağlı qərar qəbul edib. 

Məhkəmənin baxış iclası noyabrın 28-nə təyin olunub. 

Bildirək ki, Ağadadaş Ağayev balta atdığı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilovla birgə mühakimə edilib. Həmçinin “Medera Hospital”ın təmizlikçisi Nəzakət Paşayeva zərərçəkmiş qismində tanınıb. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər ikisi də azadlıqdadır. Onlar barəsində ibtidai istintaqın əvvəlində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. 

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 2 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Xatırladaq ki, hadisə cari ilin iyulunda baş verib. Xalq artisti Nürəddin Cəliliva balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

Məhkəmə prosesi başlamazdan öncə Xalq artisti jurnalistlərin suallarını cavablandırıb. O, “Aranızda barışıq ola bilərmi” sualına “hər şey ola bilər” deyə cavab verib.

Xatırladaq ki, Ağadadaş Ağayev “Medera Hospital”a mülki iddia qaldırıb. Bu mülki iddia ilə bağlı suala xalq artisti cavablamayıb.

Orxan Rasifoğlu