- 13 noyabr 00:03
- Siyasət
"Biz əsas sektorlarımızı 2053-cü ilə qədər xalis sıfır emissiyaya və yaşıl inkişafa nail olmaq vizyonumuza uyğun olaraq dəyişdiririk".
E-huquq.az xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında (COP29) iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabında yazıb.
O qeyd edib ki, ölkəsi 2024-2030-cu illəri əhatə edən İqlim Dəyişikliklərinin Azaldılması və Uyğunlaşma Strategiyasının Fəaliyyət Planlarının həyata keçirilməsinə başlayıb:
"Biz ümumi şəkildə səfərbər olunmuş səylər nəticəsində bərpa olunan enerjinin payını 59%-ə çatdırdıq. Bu göstərici ilə Avropada 5-ci, dünyada isə 11-ci yerdəyik".
Ərdoğan 2053-cü ilədək əsas hədəflər barədə də fikirlərini bölüşüb:
"2053-cü il üçün xalis sıfır emissiya hədəflərimiz uğrunda əsas prioritetlərimiz bərpa olunan enerji, enerji səmərəliliyi və nüvə enerjisidir. Bu gün 31 min meqavat gücündə olan külək və günəş enerjisi gücümüzü 2035-ci ildə 120 min meqavata çatdıracağıq. Nüvə enerjisində 2050-ci ildə 20 min meqavat gücə çatmağı hədəfləyirik. 2024-2030-cu illəri əhatə edən Enerji Səmərəliliyi üzrə Milli Fəaliyyət Planımız nəticəsində emissiyanın 100 milyon ton karbon-dioksid qazı ekvivalentində azaldılmasını nəzərdə tuturuq. Biz milli elektrik avtomobilimiz olan "Togg"u populyarlaşdırmağa davam edirik. Həyat yoldaşım Əminə Ərdoğanın təşəbbüsü ilə başlanan və qlobal səviyyəyə çatdırılan Sıfır Tullantı Layihəsi iqlim dəyişikliyi ilə mübarizəmizə əlavə güc qatır. Bunun nəticəsində biz layihənin başlanğıcından bu yana 5,9 milyon ton həcmində istixana qazı emissiyasının qarşısını almışıq".
Prezident daha sonra ölkəsində sudan səmərəli istifadə məqsədilə Su Səmərəliliyi üzrə səfərbərlik elan edildiyini açıqlayıb.
Ərdoğan hər ilin 11 noyabr tarixində Türkiyədə keçirilən Ümumilli Ağacəkmə Kampaniyası nəticəsində milyonlarla ağacın əkildiyini də yazıb:
"Bu zirvə toplantısında lobal səviyyədəki mübarizəmizi daha güclü və təsirli etmək baxımından inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını təmin edəcək maliyyə hədəfinə nail olunacağına inanıram. Bu uğurlu təşkilatçılığa və səmimi ev sahibliyinə görə Prezident İlham Əliyev qardaşımı təbrik edirəm" - dövlət başçısı vurğulayıb.