Vəkil olmaq istəyənlərin nəzərinə!

Dekabrın 18-də vəkilliyə qəbul üzrə test imtahanı keçiriləcək.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, Kollegiya ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 18.12.2024-cü il tarixdə saat 10:00-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Belə ki, Mərkəzinin Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən DİM-in inzibati binasında təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək. Namizədlər buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl dim.gov.az saytından əldə edə bilərlər.

Həmçinin namizədlərdən müəyyən olunan vaxtdan ən geci bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.

Əlavə olaraq bildiririk ki, hazırda sənəd qəbulu elektron qaydada davam edir. Qeydiyyatdan keçməmiş şəxslər 8 dekabr 2024-cü il tarixədək Kollegiyanın rəsmi internet səhifəsi vasitəsilə “Vəkilliyə qəbul” bölməsinə (https://barassociation.az/candidate-login) daxil olmaqla açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçərək müraciət edə bilərlər.