Mirzayev&Partners
    16 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Vəkillər Kollegiyasının rəhbərliyi Türk-Av-ın Baş Assambleyasının zirvə toplantısında iştirak etdi

Sentyabrın 11-14-də Türkiyənin Ankara və Sivas şəhərlərində Türkdilli və Əqrəba Ölkələrin Vəkillik Təşkilatları Birliyinin Baş Assambleyasının 3-cü zirvə toplantısı keçirilib.

Vəkillər Kollegiyasından E-huquq.az-a verilən məlumata görə,  tədbirdə ölkəmiz Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunub. 

Toplantının açılış nitqi ilə çıxış edən Türkiyə Vəkillər Kollegiyaları İttifaqının sədri Metin Feyzioğlu 2019-cu ilin Türkiyə üçün əlamətdar bir il olduğunu, birinci dünya müharibəsi sonunda ölkənin işğala qarşı mübarizəyə başlamasından 100 il keçdiyini, mübarizə zamanı Türk-Av üzvü olan bir çox ölkənin əvəzolunmaz köməkləri olduğunu, bu toplantının belə bir tarixə təsadüf etməsinin xüsusi əhəmiyyəti olmasını qeyd edib.

Toplantıda çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Türkiyə Vəkillər Kollegiyaları İttifaqının yaradılmasının 50-ci ildönümü münasibətilə Türkiyə vəkillərinin simasında İttifaqın sədri Metin Feyzioğlunu Azərbaycan Respublikası Vəkillər Kollegiyası adından təbrik etmiş, ona Türkiyə Vəkillər Kollegiyaları İttifaqının emblemini özündə əks etdirən qiymətli xalça təqdim edib.

Toplantıda Özbəkistan Vəkillər Kollegiyası və Şərqi Azərbaycan (Təbriz) Vəkillər Kollegiyasının təşkilata üzv qəbul edilməsi məsələsinə baxıldı və müsbət qərar verildi, daha sonra toplantı cari məsələlərin müzakirəsi ilə davam edib.

Toplantının ikinci hissəsində Sivas şəhərində Sivas Konqresinin 100 illiyinə həsr olunmuş “Qurtuluşdan Qurtuluşa, Sivas Konqresinin 100 illiyi” mövzusunda beynəlxalq hüquq qurultayı və simpozium keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Türk-Av adından rəsmi çıxış edərək, simpozium iştirakçılarını Türk-Av və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından salamlamış, Sivas şəhərinin bütün türk millətləri üçün müqəddəs olduğunu, bu tədbirin məhz Sivasda keçirilməsinin əhəmiyyətini vurğulayıb, vəkillik peşəsinin müstəqilliyi, onun nüfuzunun artırılmasının vacibliyini qeyd edib, o cümlədən, 2019-cu ilin Azərbaycan vəkilliyinin yaranmasının 100-cü ildönümü kimi qeyd edilməsi barədə tədbir iştirakçılarına məlumat verib.

Bundan başqa, səfər zamanı Vəkillər Kollegiyasının nümayəndə heyətinin Türkiyənin Sivas şəhərinin valisi Salih Ayhanla görüşü baş tutub. Görüşün sonunda Sivas şəhərinin valisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qiymətli hədiyyə - şəhərin rəmzi olan qədim türklərin ədalət simvolu ikibaşlı qartal tablosu verib.

Qeyd olunmalıdır ki, səfər çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Türkiyə Vəkillər Kollegiyaları İttifaqı arasında olan anlaşmaya sadiq qalaraq, Bakının erməni-daşnak qüvvələrindən azad olunmasının 101-ci ildönümü şərəfinə, Azərbaycan-Türkiyə vəkillərinin birliyininin rəmzi olaraq, azərbaycanlı və türkiyəli vəkillər bir-birlərinin vəkil mantiyalarını geyiniblər, həmçinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri və Türkiyə Vəkillər Kollegiyaları İttifaqı sədrinin köməkçisi Hüseyn Özbek birgə bəyanat yayıblar.

Ölkəmizi Türkiyədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavini Aydın Axundov, Rəyasət Heyətinin üzvləri Muxtar Mustafayev və Vüqar Babayev, Vəkillərin İxtisas Komissiyasının üzvü Mehman Sultanovdan ibarət nümayəndə heyəti təmsil edib.