Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Vəkil: "Alqı-satqı zamanı mənzillərin sahəsi düzgün hesablanmır"

Günümüzdə əhalinin yaşayış yeri ilə təminatı məsələsinin həllində ən mühüm vasitə və daşınmaz əmlak bazarında ən çox pay mənzil satışının üzərinə düşür. Xüsusən mənzil alışları ən çox MTK-lar tərəfindən inşa edilmiş yeni çoxmərtəbəli yaşayış binalarında özünü göstərir. Çünki, binanın yeni tikili və komfortlu olması, qaraj və mühafizə xidməti ilə təmin edilməsi, gözəl fasadı, mənzilin sahəsinin böyük olması insanları bu mənzilləri almağa həvəsləndirir. Lakin, əksər hallarda alqı-satqı zamanı müqavilədə qeyd edilmiş mənzilin ölçüsü ilə mənzilin hüquqmüəyyən edici sənədlərdə (Çıxarışda) qeyd edilən ölçüləri arasında uyğunsuzluq meydana gəlir. Yəni MTK-lar ölçünü çox hesablayır. Bunun da əsas səbəbi olaraq onların mənzilin sahəsini çöl divardan hesablaması olur. Halbuki mənzil içəri sahədən (daxildən) hesablanmalıdır. Vətəndaşların bununla bağlı sualına isə onlar ya mənzili daxildən hesabladıqlarını, ya da mənzilin elə xarici yəni bayır divardan hesablanmalı olduğunu bildirirlər. Bir çox vətəndaşlar da bu məqamı bilmədiklərindən sahənin ölçüsünə də əhəmiyyət vermirlər və beləliklə sonda MTK-lar tərəfindən aldadılırlar. Mənzilin real ölçüsü isə vətəndaşlara Çıxarış verilərkən məlum olur. 

                                                                           Fuad Babaşov

 Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.  Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxaranın) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində(plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir.  Qaydaların 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras,şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3;şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Bu o deməkdir ki, vətəndaşlar ödəniş edərkən balkonlara görə 30%, yəni balkon sahəsinin 30%-nə görə, lojiyaların isə 50%-nə görə ödəniş etməlidirlər. Məhz DƏDRX-in əməkdaşları Çıxarış verərkən bu qaydaya əsaslanıb hesablama edirlər. Ancaq mənzilin əsas sahəsi daxildən hesablanır. Hətta həmin qaydaların 4-cü bəndində göstərilir ki, mərtəbələrin sahəsi bayır divarların daxili səthləri hüdudunda ölçülür.  Artıq hesablanmış sahə gələcəkdə aylıq kommunal haqqının da çox alınmasına səbəb olur ki nəticədə vətəndaşların hüququ pozulur. 

BELƏ HALLARDA MƏNZİL SAHİBLƏRİ OLAN VƏTƏNDAŞ NƏ ETMƏLİDİR? VƏTƏNDAŞ İLK NÖVBƏDƏ MTK-YA YAZILI ŞƏKİLDƏ MÜRACİƏT ETMƏLİ VƏ HESABLAMANIN HANSI QAYDADA APARILMASINI, HƏMÇİNİN ARTIQ ÖDƏNİLMİŞ VƏSAİTİN GERİ QAYTARILMASINI ONLARDAN TƏLƏB ETMƏLİDİR. ƏGƏR MTK HƏMİN VƏSAİTİ GERİ QAYTARMAQDAN İMTİNA EDİRSƏ O HALDA VƏTƏNDAŞ MTK-NIN YERLƏŞDİYİ YER ÜZRƏ MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏLİ VƏ ARTIQ ÖDƏNİLMİŞ VƏSAİTİ MTK-DAN MƏHKƏMƏ QAYDASINDA TƏLƏB ETMƏLİDİR.

Bununla bağlı artıq məhkəmə təcrübəsi mövcuddur və analoji işlər üzrə onlarla məhkəmə qətnaməsi qəbul edilmişdir. 

HÖRMƏTLİ MƏNZİL SAHİBLƏRİ! ƏGƏR SİZDƏN DƏ MƏNZİLİN SAHƏSİNƏ GÖRƏ ARTIQ ÖDƏNİŞ ALINMIŞDIRSA SÖZÜGEDƏN VƏSAİTİN MƏHKƏMƏ QAYDASINDA ALINMASI VƏ POZULMUŞ HÜQUQLARINIZIN BƏRPASI ÜÇÜN BİZ VƏKİLLƏRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ!

Fuad Babaşov

Vəkillər Kollegiyasının üzvü