Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Tanışına qarşı 1 milyon manatlıq dələduzluq edən şəxsin cinayət işi prokurorluğa qaytarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Feliks Mendeleyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

E-huquq.az-ın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş vəsatət qaldırıb.

O, təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğunu bildirib, həmin cinayətin müəyyən edilməsi üçün məhkəmə baxışının dayandırılaraq, işin prokurorluğa qaytarılmasını istəyib.

Vəsatət təmin edilib və cinayət işi prokurorluğa qaytarılıb.

Xatırladaq ki, daha əvvəl prokuror çıxışında F.Mendeleyevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs olunmasını istəmişdi.

İttiham aktına əsasən, Özbəkistanda anadan olmuş, Azərbaycan vətəndaşı F.Mendeleyev “Sepra İnvest Ltd” şirkətinin direktorudur. Onun şirkəti Litvada qeydiyyatdan keçib.

İş üzrə zərərçəkmiş Qulu Quliyev oğluna xaricdə mənzil almaq istəyib və tanışı F.Mendeleyev ona öz şirkəti vasitəsilə xarici ölkələrə investisiya qoyaraq yaxşı gəlir əldə edə biləcəyini deyib. Q.Quliyev də onunla razılaşıb. F.Mendeleyev Avstraliyada yerləşən 3 şirkətin adından Q.Quliyevlə ingilis dilində müqavilə imzalayıb və ondan, ümumilikdə, 982 min 833 manat alaraq bu şirkətlərin hesabına köçürüb.  Daha sonra həmin pulları Sinqapurda yerləşən digər şirkətlərin bank hesabına köçürüb və bir hissəsi ilə ABŞ-ın Nyu-York şəhərində yerləşən binadan 7 otaq satın alaraq icarəyə verib. Bir neçə ay sonra isə Q.Quliyevlə müqavilə imzalayan şirkətləri müflis elan edərək öhdəliklərin icrasından yayınıb.

F.Mendeleyev bundan başqa həmin dövr ərzində Q.Quliyevlə “Monte Kristo” şadlıq sarayında görüşərək bir neçə dəfəyə dələduzluq yolu ilə ondan 54 min 500 manat pul alaraq mənimsəyib.

İstintaq dövründə F.Mendeleyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.