Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

“Sosial evlər” əhalinin hansı təbəqəsi üçün nəzərdə tutulub və hansı sənədlər əsasında verilir? - ŞƏRH

Ölkəmizdə əhalinin aztəminatlı və maddi cəhətdən imkanı aşağı olan təbəqəsinin müəyyən hissəsinin mənzil və ya yaşayış yeri ilə təminatı məsələsinin həlli üçün “sosial evlər” layihəsi təqdim edildi. Bundan əvvəl isə sosial evlərin tikintisinin stimullaşdırılması və göstərilən məsələnin həlli məqsədilə tikinti şirkətlərinin bu layihəyə cəlb edilməsi və bu sahədə dövlətlə tikinti sektorunda fəaliyyət göstərən sahibkarların qarşılıqlı əlaqələrinin təmin edilməsi üçün Prezidentin 11 aprel 2016-cı il tarixli fərmanı ilə Mənzil İnşaatı Dövlət Agentliyi və Agentliyin tərkibində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.

Sözügedən fərmanla vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar Agentliyin sərəncamına torpaq sahələri verilmiş, həmçinin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə onun vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə seçmək və Agentliyin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsi səlahiyyəti həvalə edilmişdir. Cənab Prezidentin 16 noyabr 2016-cı il tarixli 1113 saylı fərmanı ilə Agentliyinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası və güzəştli mənzil sisteminin əsasnaməsi təsdiq edilmiş, həmçinin “Elektron hökumət” portalında “Güzəştli mənzil” sisteminin yaradılmış və onun 2017-ci ilin may ayının 1-dən tətbiqinə başlanmışdır. Fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş Qaydaya uyğun olaraq edilən müraciətlərin cavablandırılması, o cümlədən yaranan çətinliklərlə bağlı müraciətlər və onların aradan qaldırılması “ASAN xidmət” mərkəzləri vasitəsilə də həyata keçirilir. Güzəştli şərtlərlə mənzil əldə etmək hüququna malik vətəndaşlar artıq öz elektron imza sertifikatı vasitəsilə də elektron qaydada müraciət edərək bu mənzillərə sahib ola bilərlər.  Mənzilləri güzəştli şərtlərlə əldə etmək hüququ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş şəxslərə məxsusdur. Həmin qaydalara əsasən aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:  a) gənc ailənin üzvü olan aşağıdakı şəxslər:  - şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);  - Milli Qəhrəman (özü, əri/arvadı, övladları);  - məcburi köçkün və ya ona bərabər tutulan şəxs;  - ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;  - ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;  - fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;  - idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer); b) elmlər doktoru elmi dərəcəsi olan şəxs;  c). ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə  xidmət keçən şəxs; d). ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);  e) ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;  f) ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər. Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.  İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti isə 30 ilədək müddətə verilir.

İpoteka krediti aşağıdakı sənədlər əsasında verilir:  a) şəxsin şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;  b) nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;  c) şəxsin yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;  d) şəxsin iş yerini və gəlirlərini təsdiq edən sənədlər;  e) şəxs fərdi sahibkar olduqda:  - sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;  - vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;  f) şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).

Hazırda Azərbaycan Respublikası Kredit və İpoteka Zəmanət Fondunun məlumatında göstərilir ki, ipoteka kreditinin maksimal məbləği 150 000 (yüz əlli min) manat , güzəştli ipoteka kreditinin maksimal məbləği 100 000 (yüz min) manatdır. İpoteka kreditində minimal ilkin ödəniş 15%, güzəştli ipoteka kreditində isə 10%-dir.

Hesab edirik ki, bu şərtlərin daha da sadələşdirilməsi və güzəştli şərtlərlə mənzil almaq hüququna malik şəxslərin dairəsinin daha da genişləndirilməsi zəruridir. Çünki, hazırda əhalinin ən əsas problemlərindən biri də mənzil almaqdır. Maddi gəlirin kifayət dərəcədə olmaması onların birbaşa olaraq mənzilə sahib olmasına imkan vermir. Həmçinin, hamı elmi işlə məşğul ola bilməz və hamı dövlət qulluğunda çalışa bilməz. Bunun üçün şərtlərin daha da sadələşdirilməsi və az sayda sənəd təqdim edilməsi, gəlir səviyyəsi aşağı olanların da bu prosesə cəlb edilməsi zəruridir. Hesab edirik ki, bu sistemin dairəsinin genişləndirilməsi və daha da sadələşdirilməsi, güzəştli ipoteka kreditinin məbləğinin artırılması mənzillərin qiymətinin də aşağı düşməsinə səbəb olacaq və podratçıların bu sahəyə marağını artıracaq,və nəticədə ölkəmizdə hər kəs yeni mənzilə sahib ola biləcək.

Fuad Babaşov

Vəkillər Kollegiyasının üzvü