Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Sahibkarlar gömrük bəyannaməsinin doldurulması prosesində tətbiq edilən təkmilləşdirilmələr barədə məlumatlandırıldı

Oktyabrın 9-da Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində sahibkarlarla növbəti görüş keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a bildirilib ki, görüşdə Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov və müvafiq strukturların rəhbərləri, eləcə də Vergilər Nazirliyinin əməkdaşları və üçüncü şəxslər üçün mal idxal edən şirkətlərin nümayəndələri iştirak edib.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən gömrük sistemində aparılan islahatlar nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılıb. Görüşdə əsas məqsəd gömrük sistemində aparılan bir sıra yeniliklərlə sahibkarları daha ətraflı tanış etmək və iş adamlarının bundan yararlanmasını təmin etməkdir.

Tədbir iştirakçılarına gömrük bəyannaməsinin doldurulması prosesində tətbiq edilən təkmilləşdirilmələr barədə məlumat verilib, xüsusilə gömrük bəyannaməsinin 31-ci qrafasının doldurulması zamanı malların ətraflı və dəqiq təsvir edilməsinin vacibliyi vurğulanıb.

Daha sonra tədbir iştirakçıları gömrük sistemində aparılan islahatlar, şəffaflığın təmin olunması, gömrük əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsi, həmçinin məmur-vətəndaş təmasının minimuma endirilməsi istiqamətində görülən işlər barədə məlumatlandırılıb.

Sonda daşıyıcı şirkətlərin nümayəndələri təklif və rəylərini bildirib, onların sualları cavablandırılıb.