Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Ramiz Rzayev vətəndaşların məhkəmələrlə bağlı müraciətlərini araşdırdı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıq və tövsiyələri Ali Məhkəmə tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə ədalətli  baxılması  üçün müvafiq tədbirlər görülür.

Ali Məhkəmənin Mətbuat Xidmətindən E-huquq.az-a verilən məlumata görə, bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 20-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl  Ulu öndər  Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsi  önünə gül dəstəsi qoyulmuş, əziz xatirəsinə dərin ehtiram bildirilib. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar Ali Məhkəmə Aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. 

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Səfər çərçivəsində Ali Məhkəmənin sədri Lənkəran Ağır Cinayətlər və Rayon Məhkəmələrinin inzibati binalarına baxaraq, hakimlərin fəaliyyəti və iş şəraiti ilə taniş olub. Lənkəran Ağır Cinayətlər və Cəlilabad Hərbi Məhkəmələri, Lənkəran, Cəlilabad, Astara, Masallı rayon məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə məhkəmə fəaliyyətinin dövlət başçısının tövsiyyələrinə uyğun təkmilləşdirilməsi ilə bağlı görülən işlərə toxunulub, ölkə Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyəti vurğulanıb, qarşıda duran vəzifələr müzakirə olunub, məhkəmə qərarlarının ədalətliliyinin və vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, qeyri-prosessual münasibətlərin yolverilməzliyi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.