Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Ombudsman Aparatının rəhbəri: Rusiya və Azərbaycan arasında insan hüquqları sahəsində əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir

Soçi şəhərində keçirilmiş görüş həm də Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu göstərmiş oldu.

E-huquq.az-ın məlumatına görə bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 27 ildən çoxdur ki, qurulub və bu münasibət bu gün də yüksələn xətt üzrə inkişaf etməkdədir. Ombudsman Aparatının rəhbəri vurğulayıb ki, iki ölkə arasında yüksələn xətt üzrə inkişaf edən əməkdaşlıq tərəflərindən biri də insan hüquqları sahəsidir.

A.Səfixanlı əlavə edib ki, ölkələrimiz arasında 200-dən artıq müqavilə və saziş imzalanıb, müxtəlif sahələr üzrə əməkdaşlıq proqramları qəbul olunub və bunlar uğurla icra olunmaqdadır.

Aparat rəhbəri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə təşkil olunan və dünyanın mühüm beyin mərkəzlərindən sayılan "Valday" Beynəlxalq Diskussiya Klubundakı məntiqli və qətiyyətli çıxışı İlham Əliyevin güclü lider, Azərbaycanın isə güclü dövlət olduğunu bir daha göstərdi.

Aparat rəhbəri deyib ki, dövlət başçımızın “Qarabağ Azərbaycanındır və nida işarəsi” cümləsi son dövrlər Ermənistanın baş naziri Nikol Paşinyanın etdiyi məntiqsiz və daxili auditoriyaya hesablanmış çıxışlarına verilmiş ən tutarlı cavab oldu:

“Ümumiyyətlə N.Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən özünün qorxaq və yersiz bəyanatları ilə yadda qalmaqdadır. Hələ hakimiyyətinin ilk günlərindən ölkəsinin sərhədlərinin digər dövlətlərin köməkliyi olmadan müdafiə edə bilmədiklərini rəsmi şəkildə bəyan edən Paşinyan, daha sonra yoxsul və aldadılmış əhali kütləsi qarşısında sərsəm çıxışlar edərək özünü münaqişənin həllində "vacib fiqur" kimi göstərməyə çalışırsa, Azərbaycan Prezidenti İlham Əliyev yüksək beynəlxalq tribunalarda, dünyanın siyasi idarəedilməsində bilavasitə iştirak edən dünya liderlərinin toplandığı tədbirlərdə Azərbaycanın müstəqil, siyasi və iqtisadi cəhətdən güclü dövlət olduğunu, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan etməklə yanaşı, həyata keçirdiyi daxili və xarici siyasətdə bunu sübut edir”.

A.Səfixanlı bildirib ki, Azərbaycan Prezidenti dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız hamılıqla tanınmış beynəlxalq hüquq normaları və prinsipləri əsasında mümkün olduğunu, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirə biləcək digər hər hansı həll yolunun heç vaxt qəbul olunmayacağını qətiyyətlə bildirib. 2016-cı ilin aprel döyüşləri və Günnüt əməliyyatı Azərbaycanın bir qarış belə torpağının düşmən tapdağında qoymayacağını, tezliklə qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqlarını bərpa edəcəyini göstərmiş oldu.