Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Nikah müqaviləsi nədir və bu müqavilənin əhəmiyyəti nədən ibarətdir?

Son illər məhkəmələrdə baxılan mülki mübahisələrin böyük qismi ailə münaqişələrindən qaynaqlanmaqla əmlak xarakterlidir.

Belə münaqişələrin əksəriyyəti isə boşanmalar zamanı meydana çıxır. Statistika göstərir ki,Azərbaycanda boşanmaların sayı ilbəil artmaqdadır. Belə olan təqdirdə boşanmadan sonra əmlak bölgüsü və aliment tutulması ilə əlaqədar tərəflər az qala düşmənə çevrilirlər. Azərbaycanın Ailə Məcəlləsində nikaha daxil olanlara bu müqavilənin bağlanması tövsiyə olunur. Təcrübədə nikaha daxil olan şəxslərin belə bir müqavilə imzalamasına çox nadir hallarda rast gəlinir. Səbəb isə mental dəyərlərdir. Belə ki, tərəflərin evlənməzdən öncə boşanma haqqında düşünərək müqavilə tələb etməsinin bədniyyətlilik və utancverici bir hal kimi qəbul edilməsidir. Əksəriyyət belə düşünür ki, bu müqavilənin imzalanması nikahın daimi olacağına şübhə yaradır. Bu yanlış mövqedən çıxış edənlər nikah müqaviləsinin mahiyyətinə varmır, onun üstünlükləri barədə məlumatsız olurlar. Nikah müqaviləsinin bağlanması tərəfləri belə mübahisələrdən sığortalayır və onların gələcək sosial təminatının qarantı kimi çıxış edir.

Müqavilədə tərəflərin bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələri, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəa müəyyənləşdirilə bilər.

Bu isə o deməkdir ki, belə müqavilə bağlanaması gələcəkdə hər hansı uzun surən, gərgin münaqişələri istisna edir. əgər nikaha daxil olana qədər müqavilə bağlanılmayıbsa, bu o demək deyil ki, nikaha daxil olduqdan sonra bağlanıla bilməz. Ona görə də gənc ailələr qanunun verdiyi bu imkandan sonra da yararlana bilərlər.

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Bu müqavilə ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.

Ancaq reallıqda bu müqavilə, demək olar ki, bağlanmır və nəticədə nikah pozularkən çoxlu sayda problemlərin yaranmasına, bir-birini sevən cütlüklərin sonradan məhkəmə dəhlizlərində bir-birinə qəzəb və nifrət püskürməsinə gətirib çıxarır.

Başqa sözlə desək, nikah müqaviləsinin bağlanmamasının dərin ictimai səsbəbləri olmaqla yanaşı, həm də psixoloji əsasları da var. Sanki, nikah müqaviləsinin bağlanması gələcəkdə nikahın pozulmasına eyham kimi qəbul edilir və bu səbəbdən də hər vəchlə bu müqavilənin bağlanılmasından vaz keçilir.

Halbuki, nikah müqaviləsinin mövcudluğu bir sıra hallarda tərəfləri nikahın pozulmasından çəkindirici rol oynaya bilərdi. Yəni, nikah müqaviləsi boşanmaların azalmasının səbəblərindən birinə çevrilə bilərdi.

Ailə qanunvericilyinə görə, nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.

Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. İstənilən vaxt dəyişdirilə və yaxud da pozula bilər.

Müqavilənin dəyişdirilməsi və yaxud da pozulması üçün bunu ər-arvadın qarşılıqlı razılığına bağlayır. Belə razılıq olduqda istənilən vaxt müavilə dəyişdirilə və ya pozula bilər.

Razılıq olmadıqda isə tərəflərdən birinin iddiasına əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi dəyişdirilə və ya pozula bilər.

Müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər.

Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir.

Nikah müqaviləsi tərəflərin hüquq və fəaliyyətini, onların məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Nikah müqaviləsi bağlandıqdan sonra heç bir tərəf onun icrasından boyun qaçıra bilməz.

Lakin nikah müqaviləsi tərəflərin razılığı ilə istənilən dövrdə dəyişdirilə, yaxud ləğv edilə bilər və bu razılıq yazılı formada olmalıdır. Nikah müqaviləsinə xitam verildiyi halda, ər-arvadın müqavilədə nəzərdə tutulan hüquq və vəzifələrinə də xitam verilir.

Rövşən Qasımov 

Vəkillər Kollegiyasının üzvü