Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Məşhur rejissorun evinə basqın edən dəstə üzvü ilə bağlı qərar çıxarıldı

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Ümid Cəfərovun apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi ilə bağlı məhkəmə qərarından olunmuş müraciətə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ü.Cəfərovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, məhkəmənin hökmü ilə Ü.Cəfərov 10 il, Mirağa Cəfərov 9 il və Amid Qasımov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər 4 sentyabr 2014-cü ildə Nail Naib oğlu Rzayevin yaşadığı Xətai rayonu, Gəncə prospektində olan evinə basqın ediblər. Başlarına maska taxan mütəşəkkil dəstənin üzvləri klipmeykerin əl-qolunu bağlayaraq ona silah çəkiblər.

Onlar silah qismində istifadə etdikləri əşya ilə klipmeykerə hədə-qorxu gələrək pul və qızılları tələb ediblər. Dəstə üzvləri Nailin evində axtarış aparan zaman iki ədəd telefonunu, brilyant qaşlı qızıl üzüyünü götürüblər. Onlar klipmeykerin başından vuraraq onu uydurublar və daha sonra evi tərk ediblər.

Bundan başqa, dəstə üzvləri N.Naiboğlunun ailəsini məhv etməklə hədələyiblər və ondan 10 min manat pul tələb ediblər. Nail onlara 1000 manat verə biləcəyini deyib. Həmin gün Nail "Əhmədli" metrostansiyasının yaxınlığında dəstə üzvlərinə 1000 manat verib. Bundan sonra təqsirləndirilənlər N.Naiboğludan yenə də pul tələb ediblər.

N.Naiboğlu hədə-qorxu ilə pul tələb edən dəstənin əməlindən Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə şikayət edib. Həmin gün saat 16 radələrində N.Naiboğlu dəstə üzvlərinə qalan pulu vermək istəyərkən polis əməkdaşları əməliyyat keçirib. Keçirlən əməliyyat nəticəsində dəstə üzvləri həbs edilib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci (quldurluq), 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər.

Məhkəmə hökmündən sonra Ü.Cəfərov apellyasiya şikayəti verməyib. O,  bu il may ayında Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək, apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsini istəyib. Məhkəmə müraciəti təmin etməyib. Həmin qərardan narazı qalan məhkum Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.