Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarları ilə bağlı məhkəmələrdə yaranan PROBLEMLƏR 

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndin pozuntusu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə cazalandırılır. Bu bəndə əsasən, avans ödənişinin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 iş günü ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. Palata inzibati xəta haqqında protokol tərtib edir və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərir. Məhkəmə qanunun tələbinə görə şəxsi cərimələyir.  Ancaq son zamanlarda bu məsələ ilə bağlı sahibkarların etirazları artmaqdadır. Onlar malların idxalı üçün qoyulan müddətin bir çox hallarda kifayət etmədiyini bildirirlər.

Hüquqşünas Nicat Ələkbərzadə e-huquq.az-a açıqlamasında bu sahədə müəyyən boşluqlar olduğunu bildirib. Vəkil qeyd edib ki, müəyyən olunan müddət bir çox hallarda sahibkarlardan asılı olmayan səbəblərə görə uzanır: “Maliyyə Bazarlarına Nəzarət Palatasının əsas vəzifəsi ölkədən çıxan valyutanın qarşılığının olmasına nəzarət etməkdir. Qanunda qeyd olunur ki, avans yolu ilə ödənilmiş pulun müqabilində ölkəyə ya mal gəlməlidir, ya da xidmət göstərilməlidir. Yəni, müəyyən olunmalıdır ki, bu pul ölkədən niyə çıxıb, təyinatı nədir və onun müqabilində ölkəyə nə gəlib? Mərkəzi Bankın qaydaları ilə müəyyən edilmişdi ki, 180 gün ərzində ölkədən çıxan pulun qarşılığında mal gəlmirsə, xidmət göstərilmirsə, artıq qaydalar pozulur və həmin hüquqi və ya fiziki şəxs inzibati xəta törətmiş hesab olunur. Sonradan sahibkarlardan asılı olmayan bəzi səbəbləri nəzərə alaraq bu müddəti 270 günədək artırdılar. Yeni qaydalara əsasən, 270 günü keçdiyi təqdirdə Maliyyə Bazarlarına Nəzarət Palatası inzibati xəta haqqında protokol tərtib edir və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Məhkəmə qanunun tələbinə görə həmin şəxsi ödənilən məbləğin 25-30 faiz mislində cərimələyir. Mən təklif edirəm ki, burada müəyyən faktorlar nəzərə alınsın. Çünki elə məhsullar var ki, sifariş verildiyi gündən başlayaraq onların istehsal olunması uzun müddət tələb edir. Məsələn, mebelin ərsəyə gəlməsi 1-2 ay və daha artıq, hər hansı sənaye məhsulunun hazırlanması isə bəzən 1 ildən çox çəkə bilər. Yəni müəyyən edilmiş 270 gün müddətini keçmiş olur. Bunlar sahibkardan asılı olmayan səbəblərdir”.

N.Ələkbərzadə təklif edir ki, idxal olunan məhsulların təsnifatı aparılsın və qoyulan müddət buna uyğun olaraq müəyyən edilsin: “Bununla bağlı digər nöqsanlar da var. Demək, Mərkəzi Bankın qaydalarına görə, həmin pul əgər bank vasitəsilə çıxırsa, gələn malın gömrük bəyannaməsinin avtivləşdirilməsi üçün bank onu elektron formada görməli və təsdiq etməlidir. Bank onu təsdiq etmədikdə malın idxal olunması barədə gömrük bəyannaməsi olsa da, bir çox hallarda məhkəmələr onu qəbul etmir. Belə olduqda həmin şəxs əsassız yerə cərimələnir. Bu boşluqlar aradan qaldırılmalıdır. Ödənilən valyutanın müqabilində ölkəyə mal idxal olunubsa və bu barədə gömrük bəyannaməsi varsa, bankın təsdiqinə ehtiyac olmamalıdır. Ümumiyyətlə, gömrük məcəlləsində idxal anlayışının izahı verilməyib. Tutaq ki, vergi dedikdə dövlət tərəfindən tutulan məcburi ödəniş nəzərdə tutulur. İdxal, ixrac anlayışları isə bu cür izah olunmayıb. Hesab edirəm ki, real təcrübədə yaranmış problemlərlə əlaqədər valyuta tənzimlənməsi haqda qanun əlavə və ya dəyişiklər edilərək işlənməlidir. Eyni zamanda bu məsələlər Mərkəzi Bankın qaydaları ilə tənzimlənməlidir. Düşünürəm ki, qoyulan müddət ümumi müəyyən olunmamalıdır, idxal olunan malların təsnifatı aparılmalı və ona uyğun müəyyənləşdirilməlidir”. 

Vəkil Bəxtiyar Hacıyev isə bu məsələdə məhkəmələrin işində müəyyən nöqsanlar olduğunu söyləyib. O, problemin obyektiv şəkildə araşdırılmalı olduğunu bildirib:

“Məhkəmələr Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokolun obyektiv araşdırmasını təmin etmir. Sahibkarların maraqlarını dərindən qorumaqda maraqlı deyillər. Yaxud ədalətli araşdırmanı təmin etmək imkanlarından məhrumdurlar. Çünki inzibati icraat forması qısa müddətlidir. Burda hansısa bir sübutun təqdim olunması qısa bir vaxt ərzində mümkün deyil. Cənab Prezidentin ölkənin sosial-iqtisadi rifahının yüksəlməsi istiqamətində atdığı addımlara kölgə salınmamalıdır. Həm müddət uzadılmalıdır, həm də məhkəmələr dövlət başçısının göstərişini başqa istiqamətə yozmamalıdırlar. Onlar obyektiv araşdırmanı təmin etməldirlər”. 

Vəkil hesab edir ki, bəzi məhsulların idxal prosesinin tələb etdiyi müddət nəzərə alınmalıdır: “Bəzi mallar xammal yox, hazır məhsul formasında olur. Xammaldan hazır məhsulun düzəldilərək Azərbaycana gətirilməsi xeyli vaxt tələb edir. Yəni müəyyən olunan 270 gün müddətini 2-3 gün keçmiş olur. Bu, sahibkardan asılı olmayan haldır. Təcrübədən göründüyü kimi, bir çox hallarda əmlakın Azərbaycana gəlməsi və yaxud onun sadələşdirilmiş formada idxal proseduru çərçivəsində Azərbaycana idxal kimi qeyd olunmur.  Yəni burda bankda möhürlənən sənədlərdə bəyan olunan əmlakdan söhbət gedir. Həmin köhnə bəyannamələrin yenidən bank orqanları tərəfindən təsdiq olunması tələb olunur. Ümumiyyətlə, gömrük prosedurunun sadələşdirilməsi idxalla bağlı sənədlərin bəyannaməsi olduğu halda təsdiq olunmuş olduğunu vurğulayırlar. Hansısa bank belə əməliyyatın yenidən təsdiq olunmasına ehtiyac görmür”. 

B.Hacıyev hesab edir ki, bununla bağlı yaranan problemlər Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin nüfuzuna xələl gətirir: “Çünki xaricdən olan partnyorlar malların Azərbaycana gətirilməsi üçün 270 gün müddətin qoyulmasını neqativ hal kimi qarşılayırlar. Belə sanksiyalar onlar tərəfindən anlaşılmazlıq kimi qəbul olunur. Ona görə də gələcəkdə maliyyə sanksiyalarının və ya cərimələrin tətbiqi ilə bağlı qərar verərkən bu amillər nəzərə alınmalıdır”.

Vəkil Pərviz Hüseynov da qoyulan 270 gün müddətinin az olduğunu bildirib. O, mövcud qaydalara dəyişiklik edilməsini təklif edib.

“Mərkəzi Bankın bununla bağlı qaydaları birmənalıdır. Həmin qaydalar hazırlanarkən təəssüf ki, istehsalat müəssisələrinin, bu sahənin mütəxəssisləri ilə məsləhətləşmələr aparılmayıb. Məsələyə çox formal yanaşılıb. Yaranan probemin də hamısı buna görədir. Bəzən xaricdən gətirilən mallar barədə müqavilələrin şərtləri elə olur ki, o malların hazırlanması 270 gün yox, 1 il və ya daha uzun müddət tələb edir.  Ona görə də bu müddət uzadılmalıdır və ya həmin qaydalarda müəyyən dəyişikliklər edilməlidir”. 

Vəkilin sözlərinə görə, müdddətin uzadılması da problemin tam aradan qalxacağı anlamına gəlmir: “Əslində müddət uzadılsa belə, konkret bir müddətin qoyulması problemin həllinə kömək edə bilməz. Tutaq ki, 270 gün yox 360 gün müddət qoyula bilər. Hər hansı bir məhsulun ərsəyə gəlməsi 2 ildən artıq vaxt tələb etdikdə yenə də qoyulan müddəti keçmiş olacaq. Hesab edirəm ki, sifariş edilən malın xüsusiyyətləri nəzərə alınaraq, qoyulan müddətlər fərqləndirilməlidir. 270 günə hazır olan və 270 gündən artıq müddətə hazır ola bilən mallar siyasıhı tərtib olunmalıdır. Sahibkar da sifariş verərkən bunu nəzərə almalıdır. Təklif edərdim ki, sahibkar hər hansı bir malı sifariş edirsə, həmin malı istehsal edən şirkət yazılı qaydada bildiriş göndərsin və sifarişin hazır olacağı müddəti qeyd etsin. Sahibkar həmin texniki rəyi aldıqda ona banka sənədlərin təqdim edilməsi üçün möhlət verilsin”.

ABŞ-ın bəzi şirkətlərinin Bakıdakı nümayəndəsi, sahibkar Samir Şıxəliyev də 270 gün müddətin kifayət etmədiyini söyləyib. O, bu sahədə müəyyən amillərin nəzərə alınmalı olduğunu bildirib. “Bəzən bir mal üçün 20 min ABŞ dolları pul göndəririk. Elə olur ki, 30 dollarlıq mal anbarda olmur, gecikir və ya gəlmir. Böyük şirkət olduqda heç həmin 30 dolları göndərmir. Biz də geri tələb etmirik. Çünki növbəti dəfə onu hansısa başqa bir malla əvəz edirlər. Amma buna görə bizi burada məhkəməyə verirlər. Bəzən isə bizə ödədiyimiz məbləğdən qat-qat artq mal gəlir. Məsələn, 10 min dollar pul göndərmişiksə, 12 min dollarlıq mal gəlir. Bu, bizə yardm kimi edilir, daha sonra həmin pulu ödəyirik. Yəni belə hallar da olur. Bütün bunlar nəzərə alınmalıdır”, - deyə S.Şıxəliyev qeyd edib.

Qeyd edək ki, adı çəkilən şəxslərin hüquqi xidmət göstərdiyi şirkətlər bu sahədəki neqativ hallar barəsində ölkə rəhbərliyinə müraciət ediblər.