Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Prezidentin Fərmanından sonra məhkəmələrdə vəziyyət necədir? - VƏKİLLƏRİN ŞƏRHİ

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı ilə bu sahədə bir sıra addımlar atılıb. İxtisaslaşmış məhkəmələrin yaradılması, hakimlərin maaşının yaradılması bu istiqamətdə görülən müsbət işlər kimi qiymətləndirilir. Məhkəmə proseslərinin iştirakçıları kimi vəkillərin bu haqda fikirləri maraqlıdır. Onlar Fərmandan sonra hansı dəyişiklikləri müşahidə edirlər?

Vəkil Anar Qasımlı e-huquq.az-a açıqlamasında Fərmanın müsbət təsirinin artıq özünü göstərdiyini bildirib. Onun sözlərinə görə, buna nümunə kimi cəza siyasətinin humanistləşdirilməsi istiqamətində atılan addımları göstərmək olar.

“Təbii ki, Fərmanın təsiri hiss olunmaqdadır. Vəziyyət əvvəlki kimi deyil, müəyyən irəliləyişlər var. Xüsusilə, cəza siyasəti məsələsini vurğulamaq istərdim. Əvvəllər prokurorluq demək olar ki, bütün cinayət işləri üzrə azadlıqdan məhrumetmə cəzası tələb edirdi. Baxmayaraq ki, maddənin sanksiyasında alternativ cəzalar olurdu, amma proqkurorluq məhkəmələrdən azadlıqdan məhrumetmə ilə bağlı cəzalar təyin olunmasını xahiş edirdi. Artıq məhkəmə təcrübəsində belə hallara rast gəlinir ki, dövlət ittihamçıları azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların təyin olunmasını, şərti məhkumetmənin olmasını istəyirlər. Yəni, prokurorluğun cəza siyasətinin yumşaldılmasında rolu hiss olunur. Eyni zamanda məhkəmələrin bəraət hökmlərinin sayı nisbətən artıb. Şəxsən mənim öz icraatımda elə iş olub ki, məhkəmələr illərlə bəraət hökmləri verməyiblər, ağır ittiham hökmləri çıxarıblar. Fərmandan sonra isə o işlərə baxıldığı mərhələdə məhkəmələr bəraət hökmləri çıxarıblar”.

Vəkil həmçinin korrupsiya hallarının aradan qaldırılmasında da müəyyən irəliləyişlər əldə olunduğunu söyləyib:

“Eyni zamanda biz məhkəmələrdə qeyri-prosesual münasibətlərə şərait yaradan halların aradan qaldırıldığını görürük. Məsələn, tərəflərin birbaşa hakimin otağına daxil olma imkanları aradan qaldırılıb. Demək olar ki, əksər məhkəmələrdə tərəflərin məhkəmə iclas zalına, məhkəməninin inzibati binasına daxil olub məhkəmə işçiləri ilə təmasda olmaq imkanları azaldılıb. Bütün bunların hamısı bütövükdə məhkəmə sahəsində korrupsiya hallarının azalmasına xidmət edir. Yəni, artıq bu Fərmana real olaraq əməl olunduğunu görürük”.

Vəkil Adəm Məmmədov da Fərmandan sonra müsbət istiqamətdə dəyişikliklər müşahidə olunduğunu söyləyib. O bildirib ki, bu sahədə uğurların əldə olunması üçün daha çox işlər görmək lazımdır. 

“Fərmandan sonra kifayət qədər fərq hiss olunur. Müəyyən irəliləyişlər var, bunu danmaq olmaz. Korrupsiya, rüşvət kimi hallar demək olar ki, aradan qaldırılıb. Amma bu sahədə daha çox çalışmaq lazımdır. Bu gün çox şey hakimlərdən asılıdır. Elə hakim var ki, ona hakim demək düzgün deyil, o prokurordur. Ədalətli qərar vermək üçün hakim cəsarətli olmalıdır, heç nədən qorxmamalı, çəkinməməlidir. Buna görə də məhkəmələrdə ədalətli qərarın çıxarılması istiqamətində təbliğat aparılmalıdır ”, - deyə vəkil qeyd edib.

Vəkil İlhamə Həsənova e-huquq.az-a açıqlamasında Fərmanla bağlı görülən işləri müsbət qiymətləndirib. İ.Həsənova eyni zamanda bəzi nöqsanların hələ də mövcud olduğunu da diqqətə çatdırıb.

“Bu sahədə müəyyən irəliləyişlər baş verib. Xüsusən, vəkillik sahəsində böyük dəyişiklik olduğunu deyə bilərəm. Ekspertiza sahəsində dəyişiklik üçün də müəyyən işlər görülür. Cinayət Məcəlləsində humanistləşmə, dekriminallaşma ilə bağlı işlər gedir. Vəkillər də bu barədə müəyyən təkliflər hazırlayıb. Lakin narazı olduğum bəzi məqamları da qeyd etmək istərdim. Belə ki, məhkəmə proseslərində audioyazıların aparılması hələ də təmin olunmayıb. Buna texniki imkan olmadığını bildirirlər. Lakin Prezidentin Fərmanında bu məsələyə də toxunulub. Arzu edərdim ki, bu problem də qısa zamanda öz həllini tapsın".