Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Məhkəmə sədri: “Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılıb”

Bakı şəhəri Sabunçu Məhkəmə Kompleksində Azərbaycan Respublikasının İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birliyi (Assosiasiyası) tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin, apelyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyalarının və inzibati-iqtisadi məhkəmələrin hakimlərinin iştirakı ilə respublika ədliyyəsinin, məhkəmə sisteminin inkişafında yeni mərhələnin və inzibati-iqtisadi işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsinə həsr edilmiş seminar keçirilib. 

E-huquq.az xəbər verir ki, iclası giriş sözü ilə açan Azərbaycan Respublikasının İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birliyinin (Assosiasiyasının) və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi gündəlikdə olan məsələlər barədə məlumat verib.

S. Bəktaşi bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq sistemi hazırda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son illər daha da inkişaf etdirilib, Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılıb, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilib.

“Bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilib, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülüb. Cənab Prezidentin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan ardıcıl tədbirlərin davamının bariz nümunəsi olaraq “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla bu sahədə islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə rəvac verib. O cümlədən elektron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndirib. Fərmanda müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin formalaşdırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırılması vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi, müvafiq infrastrukturun yenilənməsi işlərinin davam etdirilməsi, məhkəmə icraatında müasir informasiya texnologiyalarından hərtərəfli istifadə edilməsi və digər mühüm məsələlərin həll olunması istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulub. Eyni zamanda aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilib” – deyə, məhkəmə sədri qeyd edib.