Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradıldı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın nəcib təşəbbüsü ilə paytaxtımız Bakı şəhərində ictimai çəmərliklərin yaradılması işləri davam edir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən e-huquq.az-a verilən məlumata görə, paytaxt sakinləri və eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzularını, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq birliyin təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklər yaradılır.

Belə ki, Səbail rayonunda, “Şıx” çimərlik ərazisində yaradılan çimərlikdən sonra artıq Buzovna və Goradil qəsəbələrində növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilib. Əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun sayda kölgəlik, soyunub-geyinmə kabinaları, duş, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün söhbətgahlar quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib, avtomobil dayanacağı yaradılaraq asfaltlaşdırılıb.

Vətəndaşların istirahətinin təşkili üçün çimərliklərin ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazi boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.

Yaxın günlərdə daha 4 qəsəbədə də yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub.

Yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcək.