Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

"Konstitusiya Məhkəməsinin dünənki qərarı bankların əleyhinə oldu" - ŞƏRH

“Konstitusiya Məhkəməsinin dünənki qərarı zaminlərin və ipoteka girovu qoyanların xeyrinə, bankların isə əleyhinə oldu. Banklar dünənki qərarda uduzdular”.

Bunu e-huquq.az-a açıqlamasında iqtisadçı, vəkil Əkrəm Həsənov Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına münasibət bildirərkən deyib. 

Ə.Həsənov bildirib ki, bu qərar gözlənilən idi: "Faktiki olaraq, bu qərar ətrafında ölkədə konstitusion böhran yaranmışdı. Böhran nə ilə bağlı idi? Yəni, şübhə yoxdur ki, zamin başqa şəxsin bank qarşısındakı kreditinə görə zaminlik müqaviləsi bağlayıbsa, o, öhdəlik daşıyır. Eyni zamanda mülki məcəllədə deyilir ki, əgər kredit müqaviləsinə zaminin razılığı olmadan dəyişiklik edilibsə, həmin dəyişiklik zamin üçün əlverişsizdirsə, zaminliyə xitam verilmiş hesab olunur. Amma zamin üçün əlverişsiz halların nə olduğunu qanun izah etməyib. Yəni, bunun konkret izahı verilməmişdi. Konstitusiya Məhkəməsinin ötən ilin 31 may tarixli qərarında izah olunurdu ki, borc məbləğinin, faizlərin artması, hətta kredit müddətinin uzadılması  və digər hallar bu əlverişsiz şərtlərə daxildir. Tutaq ki, mən bankdan 10 faizlə 1 illik kredit götürmüşəm. Sabah bank mənimlə yeni müqavilə bağlayır. Müddəti artırır, məbləği və ya faizi dəyişir. Bu halda artıq zamin məsul deyil. Həmçinin, Konstitusiya Məhkəməsi həmin 31 may tarixli qərarda bir məsələyə də aydınlıq gətirdi. Belə ki, bəzi banklar var ki, kredit xətti müqaviləsi bağlayırlar. Tutaq ki, müştəri ilə ona 1 milyonluq kredit xətti açması haqda müqavilə bağlayır. Amma həmin müqavilədə faiz, müddət göstərilmirdi, zaminlik müqaviləsi bağlanırdı. Sonra hər dəfə borcu verəndə həmin bank borcalanla konret müqavilə bağlayırdı və orada faizi, müddəti yazırdı. Konstitusiya Məhkəməsi qeyd etdi ki, bu halda da hər dəfə zaminin razılığı alınmırsa, müqaviləyə xitam verilir. Çünki nə kredit xətti müqaviləsində, nə də zaminlik müqaviləsində o faiz göstərilib. Konstitusiya Məhkəməsinin qərarında eyni zamanda zaminliklə bərabər, ipoteka ilə də bağlı eyni mövqe qeyd olundu”.

Ekspert Ali Məhkəmə ilə Apellyasiya Məhkəməsi arasında bu məsələ ətrafında fikir ayrılıqlarının hökm sürdüyünü bildirib. 

O, sözügedən qərarla ölkədə son zamanlarda yaranmış konstitsion böhrana son qoyulacağını söyləyib: “Konstitusiya Məhkəməsinin ötən ilin 31 may tarixli qərarı çıxdıqdan sonra bəzi birinci instansiya məhkəmələri belə zaminlik və ipoteka müqavilələrinə xitam verməyə başladı. Amma bəzi instansiya məhkəmələri bunu etmədi. Onların öz mövqeləri oldu. Sonra iş gəlib Bakı Apellyasiya Məhkəməsinə çıxanda da zaminlik müqavilələrinə xitam verildi. Ali Məhkəmə isə Apellyasiya Məhkəməsinin qərarlarını ləğv edirdi və işi geri qaytarırdı. Bu halda da konkret konstitusion böhran yaranırdı. Təxminən 1 ilə yaxındır ki, bu vəziyyət davam edirdi. Yəni, Ali Məhkəmə ilə Apellyasiya məhkəmələri fərqli mövqe sərgiləyirdi. Buna görə də Apellyasiya Məhkəməsinə belə işlər qayıdanda tamamilə düzgün mövqe seçdi və yenidən Konstitusiya Məhkəməsinə bununla bağlı müraciət etdi. Konstitusiya Məhkəməsi dünən çıxan qərarla öz mövqeyini bir daha təsdiqlədi. Orda daha konkret vurğulanıb ki, Konstitusiya Məhkəməsinin qərarları məcburidir və onlara əməl etmək lazımdır. Həmçinin, ipoteka müqaviləsi ilə bağlı mövqe də konkretləşib. Qərarda bildirilir ki, belə hallarda nəinki ipoteka müqaviləsinə xitam verilir, hətta o müqavilə bağlanmamış sayılır. Yəni əgər ipoteka müqaviəsində faiz dərəcəsi, müddət yoxdursa, hər dəfə kredit götürüləndə də həmin o ipoteka qoyanın razılığı alınmayıbsa, belə bir ipoteka müqaviləsi mövcud sayılmır. Bu, çox yeni bir mövqedir. Ümumiyyətlə, Konstitusiya Məhkəməsinin dünənki qərarı həm zaminlərin, həm də ipoteka girovu qoyanların xeyrinə, bankların isə əleyhinə oldu. Banklar dünənki qərarda uduzdular”. 

Ə.Həsənov Ali Məhkəmənin dolayısıyla Konstitusiya Məhkəməsinin qərarlarına tabe olmadığını deyib: “Konstitusiya Məhkəməsi ötən il bu haqda bildirmişdi, sadəcə Ali Məhkəmə özbaşınalıq edir. Bir şeyi də qeyd edim ki, Ali Məhkəmə Konstitusiya Məhkəməsinin qərarlarına tabe olmadığını açıq yazmırdı, zaminlik müqaviləsinə qismən xitam verildiyini yazırdı.Tutaq ki, 1 milyonluq kredit müqaviləsi bağlanılıb və orada faiz dərəcəsi yoxdur. Müştəriyə 500 min manat verilib, faiz dərəcəsi də kredit xətti müqaviləsindən sonra göstərilib. Bu zaman zaminin razılığı alınmayıb. Ali Məhkəmə bildirir ki, həmin 500 min manatın üzərinə, məsələn, 20 faiz gəldikdə 1 milyonu keçmir və zaminliyə xitam verilmir. Və ya 20 faizlə 1 milyonu keçirsə, bildirilir ki, zamin 1 milyon manata görə məsuldur, amma üzərinə əlavə olunan 200 min manata görə yox. Konstitusiya Məhkəməsi dünənki qərarda qeyd etdi ki, qanun qismən xitamı nəzərdə tutmayıb. Belə bir hal varsa, müqaviləyə tam xitam verilməlidir. Bununla da Ali Məhkəmənin hüquqazidd mövqeyi tam alt-üst edildi. İnanıram ki, bundan sonra belə məhkəmə prosesləri zaminlərin və ipoteka qoyanların xeyrinə həll olunacaq”, - deyə o qeyd edib.