Mirzayev&Partners
    06 Dekabr
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

İstehlakçı hüquqlarının müdafiəsi mexanizmi - vətəndaşlar hara müraciət etməlidirlər?

Günümüzdə davam edən ictimai-sosial münasibətlər və iqtisadi dövriyyə, insanların maddi cəhətdən müxtəlif tələbatlarının ödənilməsi onların mallar almasında və xidmətlərdən istifadə etməsində özünü göstərir.

Bütün bunlar dolayısı ilə vətəndaş sifarişi ilə baş verir. Yəni vətəndaşlara istənilən malı almaqda və xidmətdən istifadə etməkdə azad seçim hüququ verilir. Görək bu hüquqdan onlar kifayət dərəcədə istifadə edə bilirlərmi, yaxud mal satan və ya xidmət göstərən hüquqi və fiziki şəxslər öz öhdəliklərini keyfiyyətsiz icra etdikdə malın alıcısı və ya xidmətin istifadəçisi hara müraciət etməlidir.

İstehlakçılar müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır.

Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan mallar aşağıdakılardır: 1. Qızıl və qızıl məlumatları. 2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar. 3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr). 4. Parfümer-kosmetika malları. 5. Kişi, qadın və uşaq çimərlik paltarları. 6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları. 7. Məişət-kimyası malları. 8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.). 9. Uşaq oyuncaqları. 10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları. 11. Ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar. 12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.

İstehlakçının haqlı tələbləri yerinə yetirilmədikdə və istehlakçı hüquqları pozulduğu halda vətəndaşlar birbaşa olaraq məhkəməyə üz tuturlar. Bilmək lazımdır ki, məhkəmə hüquqların müdafiəsi üçün sonuncu instansiyadır. Bunun üçün müvafiq dövlət orqanı fəaliyyət göstərir. Belə ki, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (əvvəlki adı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti) bu sahədə fəaliyyət göstərən qurumdur və istehlakçı hüquqlarının müdafiəsini həyata keçirir. Həmin orqana vətəndaşlar birbaşa olaraq yazılı, elektron poçt və ya 195-2 çağrı mərkəzi vasitəsilə müraciət edə bilər. Bundan başqa vətəndaşlar “Azad İstehlakçılar” İctimai Birliyinə də müraciət edə bilərlər. Həmin təşkilat da müvafiq dövlət orqanlarının diqqətini pozulmuş hüquqların müdafiəsinə yönəldir. Ticarət nöqtələrindən alınmış qida məhsullarında və restoranlarda, kafelərdə verilmiş qidada hər hansı qüsur və çatışmazlıq aşkar edilirsə vətəndaş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə də müracitə edə bilər. Müraciətlər qanunvericiliklə müəyyən edilən müddətdə araşdırılır və orqanlar tərəfindən sizə yazılı məlumat verilir, həmçinin pozuntuların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Artıq həmin orqanın müraciətindən də vətəndaş narazı qaldıqda məhkəməyə üz tutur. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar isə iddiaçının yaşadığı yerdə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerdə yerləşən məhkəməyə verilə bilər. Həmçinin, istehlak hüquqlarının müdafiəsi ilə bağlı irəli sürülən iddialarda iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar.

Fuad Babaşov

Vəkillər Kollegiyasının üzvü