Mirzayev&Partners
    14 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

İctimai iaşə obyektlərində müştərilərdən xidmət haqqının istənilməsi qanuna uyğundurmu?

İctimai iaşə obyektlərində müştəriyə hesab təqdim edilərkən əlavə olaraq xidmət haqqının tələb edilməsinə dair qanunda heç bir qadağa, yaxud göstəriş mövcud deyil.

Bunu e-huquq.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov restoran, kafe və bu tipli obyektlərdə müştərilərdən əlavə xidmət haqqının tələb edilməsinin qanundankənar olub-olmaması məsələsinə münasibət bildirərkən  deyib.

Onun sözlərinə görə, AİB bu barədə məsələni İqtisadiyyat Nazirliyi qarşısında dəfələrlə qaldırıb: “Nazirlikdən cavab olaraq bildiriblər  ki, ictimai iaşə obyektləri müstəqil biznes qurumlardır, özləri istəsələr xidmət haqqını tətbiq edə bilərlər. Bu məsələ qanunda açıq vəziyyətdədir”. 

E.Hüseynov qeyd edib ki, bəzi xarici ölkələrdə xidmət haqqı qəbzə yazılır: “Məsələn, Kanadada “çayovoy” qəbzə yazılır. Digər ölkələrdə isə qəbzə yazılmır, istehlakçıdan xidmət haqqı könüllü şəkildə istənilir”.

O diqqətə çatdırıb ki, istehlakçı qəbzə yazılmayan xidmət haqqını ödəməyə də bilər: “ Hətta qatı kapitalist ölkələrində xidmət göstərənə “çayovoy”un verilməsi bir növ adət halını alıb. Ofisiant xidmət haqqını tələb etmir, sadəcə bu, qayda halına düşüb”. 

AİB sədri hesab edir ki, ictimai iaşə obyektlərində xidmət haqqının istənilməsi Azərbaycanda turizmin inkişafına zərər vuran amildir: “Bunu fürsət bilib insanlardan pul qopartmaq üçün istifadə edə bilərlər. Fikrimcə, xidmət haqqı olmamalıdır. Dünyanın hər bir yerində istehlakçıya yaxşı xidmət göstəriləndə, o, mütləq artıq pul verir. Buna görə də səbrlə yaxşı xidmət göstərmək lazımdır”. 

Məsələyə münasibət bildirən vəkil Nurəngiz Qarayeva isə e-huquq.az-a deyib ki, ictimai iaşə obyektlərində müştərilərdən əlavə olaraq xidmət haqqının istənilməsi qanuna zidd deyil və bu, Mülki Məcəllə ilə tənzimlənir.

Onun sözlərinə görə, sözügedən obyekt sahibləri xidmət haqqını tələb etməkdə, yaxud  etməməkdə sərbəstdirlər və bu onların öz seçimidir: “Əgər xidmət haqqı tələb edilsə belə, bu, qanundankənar əməl sayılmır. Bütün ictimai iaşə obyektləri müştiləridən xidmət haqqı tələb etmir, yalnız bəzi obyektlərdə xidmət haqqının istənildiyinə rast gəlinir. Adətən bahalı restoran və kafelərdə xidmət haqqı istənilir”. 

Məftun Salmanov