Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

“Vicdan məsuliyyəti korrupsiyaya qarşı mübarizədə vacib amildir” – Deputat

“Korrupsiyaya qarşı mübarizə yalnız maaş və qanunla olmamalıdır. Problemin həlli eyni insanların, xüsusilə dövlət qulluğunda çalışanların, vətəndaşlara xidmət edənlərin öz işinə vicdanla və ləyaqətlə yanaşmasını tələb edir. Bu da daha çox maaşdan deyil, ötən dövr ərzində əldə olunmuş bilik, bacarıq və məsuliyyətə bağlı olan məsələdir”. 

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib. 

O deyib ki, hakimlərin maaşının artırılması bağlı Milli Məclisə daxil olmuş təşəbbüs və Milli Məclis tərəfindən qəbul olunmuş qanun layihəsi istənilən halda hakimlərin maaşının əhəmiyyətli dərəcədə artmasını təmin edəcək.

T.Mirkişilinin sözlərinə görə, hakimlərin maaşının artırılması bir çox qanunazidd hərəkətlərin qarşısının alınmasına imkan yaradacaq: “Məhkəmə ədalət orqanıdır və cəmiyyətdə ədalətin dolğun şəkildə təmin olunması bütövlükdə ölkənin inkişafının istiqamətini müəyyən edir. Yəni, ədalətin qorunması çox ciddi məsələdir. Hər bir hakimin və məhkəmədə qərar verən hər bir şəxsin bu barədə sosial məsuliyyəti və çox ciddi şəkildə ölkənin gələcəyini düşünmə istiqamətində bir vicdan məsuliyyəti olmalıdır”. 

Korrupsiyaya qarşı mübarizənin insanın daxili məsuliyyəti ilə bağlı olduğunu deyən deputat bildirib ki, Azərbaycanın hər bir vətəndaşı bu məsuliyyəti özündə hiss etməlidir.

“Təbii ki, dövlət maddi-texniki təminatın artırılması ilə bağlı ciddi addımlar atılır. Maaşlar artırıldı və ola bilsin ki, bu məsələyə gələcəkdə yenidən baxılsın. Çünki cənab Prezident bir neçə dəfə bəyan edib ki, bu gün iqtisadi islahatlar nəticəsində dövlətin əldə etdiyi gəlirlər insanların xeyrinə, maaşların artırılması naminə yenidən bölüşdürülür.  Ümumiyyətlə, korrupsiyaya qarşı mübarizə dünyada iki istiqamətdə aparılır. Biri kifayət qədər sərt cəzaların tətbiq olunması, digəri isə evolusiya yolu ilə. Yəni insanların bunu anlaması, korrupsiyanın yolverilməzliyini dərk etməsi ilə bağlı məsələdir. Düşünürəm ki, ikinci istiqamət daha effektlidir. Təcrübə göstərir ki, birinci istiqamətin tətbiq olunması müəyyən dərəcədə effekt versə də, amma bəzi hallarda təsiri olmur. Məsələn, təsəvvür edin ki, ən ciddi şəkildə korrupsiya ilıə mübarizə aparan ölkə Çindir, orada ölüm cəzasına məhkum edirlər, amma yenə də partiya rəhbərliyində korrpusiya ilə məşğul olan insanlar tapılır. Belə çıxır ki, ölüm cəzası bu fəaliyyətin qarşısını almır. Daha çox qərb istiqamətləri tətbiq olunmalı və mən də bu qənaətdəyəm ki, insanları daha çox evolusiya yolu ilə maarifləndirmək lazımdır. İzahetmə, dərketmə daha uzunmüddətli və sağlam yoldur. Ancaq bununla yanaşı, hüquqi yollu da istisna etməkk olmaz, qanunu pozan şəslər də cəzalanmalıdırlar”, deyə, T.Mirkişili qeyd edib.