Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Həkimin səhvinə görə zərər çəkən pasient hansı hüquqi addımı atmalıdır?

Pasientin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. 

Bunu e-huquq.az-a vəkil Cavid Sultanov həkim pasientə səhv diaqnoz qoyanda, yaxud  pasient aldığı müalicədən narazı qalanda xəstə hara şikayət etməlidir məsələsinə aydınlıq gətirərkən deyib. 

Hər kəsin tibbi yardım almaq hüququ var

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına əsasən hər kəsin sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ var: “Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır”. Vəkil bildirib ki, özəl tibb müəssisəsi və özəl tibbi praktika ilə məşğul olan şəxs tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir: “Eyni zamanda, özəl tibb fəaliyyətinin subyektləri tibbi sığorta təşkilatları ilə, eləcə də xəstələrlə bağlanmış müqavilələr əsasında ilkin tibbi-sanitariya yardımı göstərirlər”.

Həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıyır

C. Sultanov qeyd edib ki, qanunvericiliyə görə xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək, zəruri hallarda xəstənin vəziyyəti barədə başqa mütəxəssislərlə məsləhətləşmək, xəstəni tibb müəssisəsinə göndərmək və həkim sirrinə əməl etmək həkimin vəzifələri sırasına daxildir: “Həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıyır. Həkim öz işində Azərbaycan qanunvericiliyinə, o cümlədən sahəvi normativ sənədləri rəhbər tutur. Həkim pasiyenti əsassız riskə məruz qoymamalı, xüsusilə də bilik və bacarıqlarını qeyri-humanist məqsədlər üçün istifadə etməməlidir. Həkim hər hansı müalicə üsulunun seçimində ilk növbədə zərər vurmamaq prinsipini rəhbər tutmalıdır”.

Həkim hansı hallarda xəstənin müalicəsindən imtina edə bilər?

Onun sözlərinə görə, xəstənin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər görməli olan həkim onunla pasiyent arasında zəruri qarşılıqlı inamın olmamasına əmin olduğu, habelə özünü kifayət qədər peşəkar hiss etmədiyi və yaxud müalicənin aparılması üçün lazımi imkanların olmadığı hallarda, təxirəsalınmaz tibbi yardım halları istisna olmaqla, xəstənin müalicəsindən imtina edə bilər: “Həkim bu və digər hallarda müvafiq rəhbərliyi məlumatlandırmalı və xəstəyə başqa mütəxəssis tövsiyə etməlidir. Təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququna hörmətlə yanaşılmalıdır. Pasiyentin, müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla, sağlamlığının vəziyyəti barədə məlumat almaq hüququ var. Həkim pasiyentin şərəf və ləyaqətinə, şəxsi sirr hüququna hörmət etməli, onun və ailə üzvlərinin şəxsi işlərinə qarışmamalı, ona səmimi münasibət göstərməlidir”.

Həkim intizam, inzibati, cinayət və digər məsuliyyətə cəlb oluna bilər

C.Sultanov diqqətə çatırıb ki, həkim səhvlərə yol verilməsi və ya müalicə prosesində gözlənilməz ağırlaşmalar zamanı xəstəni və təcrübəli həmkarını məlumatlandırmalı, bu barədə göstərişləri gözləmədən zərərli nəticələrin aradan qaldırılmasına yönəldilmiş hərəkətlərə başlamalıdır: “Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Həkim öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə qanunvericiliyə uyğun olaraq intizam, inzibati, cinayət və digər məsuliyyətə cəlb oluna bilər”.

 

Məftun Salmanov