Mirzayev&Partners
    20 Avqust
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Fərmandan sonra məhkəmələrdə cəzaların humanistləşməsi müşahidə olunur - ŞƏRH

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı ilə bu sahədə bir sıra addımlar atılıb. İxtisaslaşmış məhkəmələrin yaradılması, hakimlərin maaşının yaradılması bu istiqamətdə görülən müsbət işlər kimi qiymətləndirilir. Məhkəmə proseslərinin iştirakçıları kimi vəkillərin bu haqda fikirləri maraqlıdır. Onlar Fərmandan sonra hansı dəyişiklikləri müşahidə edirlər? 

Vəkil Hikmət Hüseynzadə e-huquq.az-a açıqlamasında məhkəmələrdə müsbət irəliləyişlərin nəzərə çarpdığını bildirib. Onun sözlərinə görə, Fərmandan sonra hər kəs bu sahədə üzərinə düşən işi daha dəqiq yerinə yetirməyə çalışır: “Məhkəmələrdə müsbət mənada irəliləyiş var. Bu, bir qədər də psixoloji məqamlarla bağlıdır. Nəzarət olandan sonra hər kəs öz işinə daha çox diqqət yetirir, daha dəqiq işləməyə çalışır. İxtisaslaşmış məhkəmələrin yaradılması da öz təsirini göstərir. Məsələn, artıq kommersiya məkəmələrində işlərə işi daha dəqiq bilən kadrlar baxacaq. Bu da müsbət haldır. Gələcəkdə ixtisaslaşmış məhkəmələrin sayının artırılması məhkəmə sisteminin inkişafına daha çox töfhə verə bilər. Ümumilikdə deyə bilərəm ki, bəzi çatışmayan amillər artıq əvvəki kimi özünü biruzə vermir. Lakin bu sahadə görülən işlər daha da gücləndirilməlidir. Korrupsiya hallarına gəldikdə isə dünyanın hər yerində bu var, bizdə də həmçinin. Bu, həmişə olub. Sadəcə onun miqdarı məsələsi var ki, onu həmişə balansda saxlamaq lazımdır. Korrupsiya insandan asılı olan amildir”. 

Vəkil Zaur Hüseynov da müəyyən inkişafın əldə olunduğunu söyləyib: “Fərman qismən də olsa, artıq öz təsirini göstərir. Elektron məhkəmə sisteminin inkişaf etdiyini görürük. İşlərin elektron qaydada yerləşdirilməsi, məlumatların elektron formada çatırılması və sair bu sahədə irəliləyişlərin olduğunu göstərir. Eyni zamanda cəza siyasətinin humanistləşməsini də müşahidə edirik. Yəni, əvvəlki dövrlərlə müqayisədə, hazırda bu sahadə müsbət hallar yaşanır”, - deyə vəkil qeyd edib. 

Vəkil Eynulla Vəliyev isə bildirib ki, Fərmandan sonra məhkəmələrdə vətəndaşlara münasibət müsbət mənada dəyişib. “Fərmanla bağlı aparılan islahatlar öz təsirini göstərməkdədir. İlk növbədə istər vətəndaşlara münasibətdə, istərsə də vəkillərə münasibətdə biz bunu görürük. Hazırda etik normalara yüksək səviyyədə riayət olunur. Həmçinin cəza siyasətinin yumşaldıması ilə bağlı atılan addımları müsbət hal kimi qiymətləndirmək olar. Artıq məhkəmələrdə cinayət işlərində təqsirləndirilən şəxslərə qarşı da məhkəmələrin münasibəti müəyyən qədər dəyişib”. 

Vəkil Ceyhun Yusifov da nəzərə çarpacaq dəyişikliklərin olduğunu bildirib. 

“İslahatlar nəticəsində müəyyən məhkəmələrdə müsbət dəyişikliklər baş verib. Xüsusən bunu mülki mühakimə icraasında görmək mümkündür. Lakin cinayət mühakimə icraası haqda bunu demək olmaz. Eyni zamanda cəza siyasətinin humanistləşməsini də müsbət dəyişiklik kimi qeyd etmək lazımdır. Prokurora münasibətdə cəza siyasətində humanistləşmə var”, - deyə, vəkil qeyd edib.