Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Fərhad Abdullayev Minsk şəhərində səfərdə olub

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti mayın 28-31-də Belarus Respublikasının Konstitusiya Məhkəməsinin 25 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün həmin ölkənin Konstitusiya Məhkəməsinin sədri Pyotr Miklaşeviçin dəvəti ilə Minsk şəhərində səfərdə olub.

Konstitusiya Məhkəməsindən e-huquq.az-a verilən məlumata görə, tədbirin açılışında Belarus Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Valeriy Mitskeviç ölkə Prezidenti Aleksandr Lukaşenkonun təbrik məktubunu səsləndirib.

Sonra giriş nitqi ilə Belarus Respublikası Konstitusiya Məhkəməsinin sədri Pyotr Miklaşeviç, Avropa Şurası Venesiya Komissiyası sədrinin birinci müavini H.Kyerulf-Torgeyrsdottir, “Yeni Demokratiya Konstitusiya Nəzarəti Orqanlarının Konfransı” adından Qazaxıstan Respublikası Konstitusiya Şurasının sədri Kayrat Mami, Avrasiya İqtisadi Birliyi Məhkəməsinin sədri Jolımbet Baişev çıxış ediblər.

Konfrans zamanı konstitusiya nəzarətinin inkişafı, Konstitusiya Məhkəməsinin qərarları hüquq mənbəyi kimi, konstitusiya ədalət mühakiməsində yeni yanaşmalar, Konstitusiya Məhkəməsinə müraciət etmənin üsulları və digər hüquqi məsələlər ətrafında çıxışlar edilib, müzakirələr aparılıb.

F.Abdullayev konfransda “Konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə hüquqi müəyyənlik prinsipinin realizəsi” mövzusunda məruzə ilə çıxış edib.

Səfər zamanı Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko nümayəndə heyətlərinin rəhbərlərini öz iqamətgahında qəbul edib. Qəbul zamanı Belarus dövlət başçısı ölkədə həyata keçirilən hüquqi islahatlar, konstitusiya aliliyinin təmin edilməsinin, habelə vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquqlarının müdafiəsi məsələlərinə toxunub, Konstitusiya məhkəmələri arasında beynəlxalq məhkəmə-hüquq əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Səfər çərçivəsində bir sıra ölkələrin Konstitusiya Məhkəmələrinin sədrləri ilə görüşlər keçirilib, hüquqi məsələlər müzakirə edilib.