Mirzayev&Partners
    18 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

DGK sədrinin müavini: Son 2 ildə aparılan struktur və kadr islahatları nəticəsində çevik, dinamik idarəçilik sistemi tətbiq olunur

Noyabrın 8-də Dövlət Gömrük Komitəsində Tacikistan Respublikasının sərhəd idarəçiliyi sahəsində çalışan yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti ilə "Gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyətinin təşkili üzrə qabaqcıl təcrübələrin öyrənilməsi" mövzusunda görüş keçirilib.

E-huquq.az xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin məsul vəzifəli şəxsləri, Tacikistan Xarici İşlər Nazirliyinin, Sərhəd Qoşunlarının, Gömrük Xidmətinin rəsmiləri və ATƏT-in Düşənbədəki Proqram ofisinin əməkdaşı iştirak edib.Cavad Qasımov iki ölkə arasında bütün sahələrdə, ö cümlədən gömrük işinin təşkili istiqamətində səmərəli və işgüzar əməkdaşlığın qurulduğunu bildirib. Komitə sədrinin müavini Azərbaycan gömrüyünün fəaliyyəti barədə məlumat verərək vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən bu sahədə həyata keçirilən islahatlar beynəlxalq ticarətin asanlaşdırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına əlverişli şərait yaradıb. O da qeyd olunub ki, son 2 ildə aparılan struktur və kadr islahatları nəticəsində çevik, dinamik idarəçilik sistemi tətbiq olunur, bu da gömrük işinin daha da səmərəli və sürətli şəkildə həyata keçirilməsinə imkan yaradır.

Eyni zamanda, islahatların gömrük işinin fəlsəfəsini nəzarətdən xidmətə doğru dəyişdirdiyini diqqətə çatdıran Cavad Qasımov "Yaşıl dəhliz", "Bir inspektor - bir nəqliyyat vasitəsi" və gömrük-keçid məntəqələrində tətbiq edilən digər layihələr barədə qonaqları məlumatlandırıb, əldə edilən təcrübənin Tacikistan tərəfi ilə bölüşdürülməsindən məmnunluğunu ifadə edib.

Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidmətinin Gömrük Nəzarəti Bölməsinin rəhbəri Abdukadirzoda Camşed bildirib ki, tanışlıq səfərinin məqsədi Azərbaycanda sərhəd nəzarət-buraxılış məntəqələrinin fəaliyyətinin təşkili üzrə qabaqcıl təcrübələri öyrənməkdir. Ölkəmizin gömrük xidmətinin qazandığı təcrübəni və gömrük işi sahəsində tətbiq etdiyi yenilikləri yüksək qiymətləndirən tacikistanlı qonaq təmsil etdiyi qurumun fəaliyyəti və gələcək hədəfləri barədə məlumat verib.

Azərbaycan gömrük xidmətinin informasiya texnologiyaları sahəsində əldə etdiyi təcrübəni xüsisi vurğulayan Abdukadirzoda Camşed ölkəsinin bu təcrübələrdən yararlanmaq istədiyini qeyd edib.

Görüşdən sonra qonaqlar Dövlət Gömrük Komitəsinin "Hədəf" mərkəzi ilə tanış olublar, onlara mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, səfər çərçivəsində Tacikistan nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Aeroportunda, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında, İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara gömrük postunda gömrük işinin, sərhədkeçmə prosesinin təşkili, informasiya texnologiyalarının gömrük sistemində tətbiqi ilə bağlı layihələrlə tanış olublar.