Mirzayev&Partners
    16 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Deputatın toxunulmazlıq hüququ necə ləğv edilə bilər? - ŞƏRH

Milli Məclisin deputatları cəmiyyətdə ən çox müzakirə edilən ictimai-siyasi xadimlərdəndirlər. Onların bu və ya digər mövzu ilə bağlı fikirləri sıravi vətəndaşlar arasında birmənalı qarşılanmır. Millət vəkillərinin qanunla müəyyən edilmiş bəzi hüquq və səlahiyyətləri var. Onlardan biri də deputatın toxunulmazlıq hüququdur. Bəs görəsən 5 il müddətinə seçilən millət vəkilinin toxunulmazlıq hüququna hansı hallarda xitam verilə bilər?

E-huquq.az xəbər verir ki, “Milli Məclis deputatının statusu haqqında” Qanunun 12-ci maddəsinə əsasən,  deputatın toxunulmazlıq hüququ var. 

Həmin maddədə deyilir ki, Azərbaycan Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır. Sözügedən maddəyə əsasən, deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir. Bildirilir ki, deputatın toxunulmazlığına Azərbaycan Konstitusiyasının 90-cı maddələrində nəzərdə tutulmuş hallarda və Milli Məclisin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir.

Bəs Azərbaycan Konstitusiyasının 90-cı maddəsi bu barədə nə deyir?

Konstitusiyanın həmin maddəsinin I hissəsində bildirilir ki, səlahiyyət müddəti ərzində Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır: 

“Milli Məclisin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz”. 

90-cı maddənin II hissəsinə əsasən, deputatın toxunulmazlığına aşağıdakı halda xitam verilə bilər:

“Milli Məclisin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Milli Məclisin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. Millət vəkilinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər”.

Milli Məclis deputatın toxunulmazlığına necə xitam verə bilər? 

Milli Məclisin Daxili Nizamnaməsinin 22-ci maddəsi deputatın toxunulmazlığına xitam verilməsi qaydasını müəyyənləşdirir. Bilidirilir ki, Konstitusiyanın 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır.

Qeyd edilir ki, Milli Məclisin sədri, bir qayda olaraq, deputat haqqında təqdimatı əvvəlcə parlamentin İntizam komissiyasına göndərir və komissiyada bu məsələyə baxılır. Komissiya təqdimata dair rəy qəbul edir. Rəydə deputat toxunulmazlığına xitam verilib-verilməməsi barədə İntizam komissiyasının qənaəti söylənilir. Nizamnamənin  müvafiq maddəsinə əsasən, Milli Məclis bu barədə məsələlərə, bir qayda olaraq, deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır:

“Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması məsələsi müzakirə edilə bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclis tələb olunan səs çoxluğu ilə deputat toxunulmazlığına xitam verə bilər”.

 

Məftun Salmanov