Mirzayev&Partners
    19 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Deputat: “Bir məhkəmə fəaliyyətinin yanlışlığı bu qədər problem yaradır”

“Bütövlükdə məhkəmə sistemində dəyişikliklər zərurətdən doğur. Hüquq-mühafizə orqanları daxilində məhkəmə ayrıca hakimiyyət qolu olduğuna görə bu hakimiyyət qolunda baş verən proseslər əslində cəmiyyət həyatında yekunlaşan proseslər olur. Yəni icra hakimiyyətinin, qanunverici orqanın fəaliyyətinin yekunu məhkəmə hakimiyyəti ilə üzə çıxır. Məhkəmə hakimiyyətində ədalət və hüququn işləmə mexanizmləri yerində olmayanda bu, dövlətin adına ciddi problemlər yaradır. Diqqət edirsinizsə, məhz məhkəmə qərarları nəticəsində ölkənin Avropa İnsan Haqları Məhkəməsində bir sıra məsələlərinin müzakirə olunması, mülkiyyət məsələlərinin gündəmə gətirilməsi və ölkəyə ayrı-ayrı hakimlərin yanlış fəaliyyəti nəticəsində təzminatların müəyyən edilməsi - bunların hamısı dövlət büdcəsindən ödənilən vəsaitlər olur. Bir məhkəmə fəaliyyətinin yanlışlığı bu qədər problemlər yaradır. Ona görə də ölkə Prezidenti bu zərurəti hiss etdiyinə və aldığı informasiyalara görə bunun vacib olduğunu düşünərək belə bir sərəncam verdi və bunun əsasında da islahatlar prosesi başladı”. 

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. 

Onun sözlərinə görə, məhkəmə-hüquq islahatlarının müəyyən qurumlar tərəfindən tam şəkildə həyata keçirilməsində bir az lənglik də müşahidə müşahidə olunur. F. Mustafa qeyd edib ki, yüzlərlə icra olunmayan məhkəmə qərarlarının olduğu ölkədə məhkəməyə inamın azalmasından söhbət gedə bilər.

“Ona görə də biz bunu elə etməliyik ki, məhz icranın önü açılsın, məhkəmə qərarlarının etibarlılığı artsın və bütövlükdə məhkəmədə hakimlərin, bütün subyektlərin vicdanlılıq əmsalı o dərəcədə olsun ki, artıq güvənsizlik deyilən bir mühit olmasın. İslahatın birinci qayəsi və fəlsəfəsi bu olmalıdır. İslahat prosesini bunu düşünürək həyata keçirsək, artıq bu sahədə nöqsanların azalmasının şahidi ola biləcəyik. Birinci növbədə məhkəmədə Konstitusiyada nəzərdə tutulan bütün bu islahata kadrların özlərinin bir az dəstək verməsi prosesini genişləndirməliyik. Yəni ona mane olma təzahürləri daha çox görülməkdədir. Yəni heç kim öz sahəsində olan səlahiyyətlərin azalmasında maraqlı deyil və heç kim də öz sahəsində olan nöqsanların ortadan qaldırımasına ciddi cəhd göstərmir. Məhkəmənin adının təmizlənməsi, nüfuzunun qaldırılması üçün hamı azacıq fədakarlıq göstərsə, bu islahatlar qısa müddət ərzində öz böhrəsini verəcək” - deyə deputat bildirib.