Mirzayev&Partners
    22 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Alternativ cəzalardan daha geniş istifadə olunması ilə bağlı qanun layihələri Prezidentə təqdim olunub

İyulun 17-də Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən cari ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat verib, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanına əsasən humanistləşdirmə tədbirlərinin davam etdirildiyini, o cümlədən cinayətlərin dekriminallaşdırılması ilə bağlı qanunvericiliyə dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edib.

V.Zahirov bildirib ki, bununla bağlı Fərmanda verilmiş tapşırıqların icrası ilə əlaqədar qabaqcıl beynəlxalq təcrübə öyrənilib, bir çox əməllərin dekriminallaşdırılması, o cümlədən alternativ cəzalardan daha geniş istifadə olunması və yeni mütərəqqi hüquq institutlarının tətbiqi məsələləri ilə bağlı qanun layihələri hazırlanıb və dövlət başçısına təqdim olunub.

Nazir müavini azadlıqdan məhrumetməyə alternativ cəzaların vaxtında və dürüst icrasının təmin olunması, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, probasiya üzrə icra məmurlarının peşəkarlığının artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı konkret tapşırıqlar verib, etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyini, korrupsiyaya şərait yaradan halların yolverilməzliyini vurğulayıb.