Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Bərdədə əlil şəxslərə hüquqi xidmət göstərilməsi ilə əlaqədar dəyirmi masa keçirildi

Bərdə rayonunda Əlil Təşkilatları İttifaqı “Universal dizayn” Əlillik Adaptasiya Avadanlıqları Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Gürcüstanın “Qafqaz” Tədqiqat və Resurs Mərkəzi tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” layihəsi ilə əlaqədar dəyirmi masa keçirilib.

Təşkilatın mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, dəyirmi masada Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli iştirakçılara tədbirin məqsədi və əlillərə göstərilən hüquqi xidmət barədə məlumat verib. Qeyd olunub ki, Bərdə rayonunun 22 kəndində əlilliyi olan şəxslərlə görüşlər keçirilib və layihə müddətində 197 nəfərə xidmət göstərilib. Bununla yanaşı rayondan olan digər müraciətlərə də baxılaraq onların həllinə yardım edilib, həll edilməyən bəzi müraciətlər isə qeydiyyata alınıb. Müraciətlər əsasən əlilliyin təyin olunması, məşğulluq və maddi yardım, mənzil, infrastruktur, müalicə, sanatoriya göndərişləri, eləcə də digər məsələlərlə əlaqədar olub.

Tədbir iştirakçıları görülən işlər və edilən müraciətlərə əsasən hüquqi xidmətlərin göstərilməsi yollarını müzakirə edərək gələcək fəaliyyət planının layihəsi hazırlayıblar. Növbəti mərhələdə hüquqi xidmətlərə əlçatanlığı üçün min nüsxə tirajla bukletlər hazırlanaraq benefisiar və təşkilatlara paylanılacaq.

Qeyd edək ki, analoji tədbirlər İsmayıllı və Quba rayonlarında da həyata keçirilib.