Mirzayev&Partners
    12 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Bakıda hakimlər və məhkəmə aparatı işçiləri üçün təlimlər keçirildi

2015-ci ildən Avropa Şurası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”ndə “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsi həyata keçirilib.

E-huquq.az xəbər verir ki, cari ilin mart ayından etibarən adıçəkilən layihənin icrası “Yaxşı idarəçilik üçün tərəfdaşlıq” proqramı çərçivəsində davam etdirilib. Layihə çərçivəsində ilkin olaraq təlimçilər hazırlanıb, onların siyahısı yenilənib və hakimlər, hakimliyə namizədlər, məhkəmə aparatı işçiləri üçün silsilə təlimlər keçirilib. Layihənin əsas məqsədi CEPEJ alətlərinin milli səviyyədə tətbiq etməklə Azərbaycan məhkəmələrində səmərəliliyin və keyfiyyətin artırılmasına nail olmaq, CEPEJ indikatorları əsasında məhkəmələrin fəaliyyəti ilə bağlı hesabatların vahid metodologiyasının işlənib hazırlanmasıdır.

Layihə çərçivəsində hakimlər və məhkəmə aparatı işçiləri üçün "Məhkəmə fəaliyyəti ilə bağlı hesabatların tərtibi" mövzusunda təlimlər keçirilib. Təlimlərdə Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri Zoltan Hernyes və Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov açılış nitqi ilə çıxış edərək layihə çərçivəsində görülən işlər, qarşıda duran məqsədlər barədə məlumat veriblər. Həmçinin ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanın icrası, o cümlədən hakimlərin sayının artırılması, "Elektron məhkəmə" informasiya sistemin tətbiqi və təşviqi üzrə görülən işlər xüsusi vurğulanıb. Ümumilikdə 40-dan çox hakim və məhkəmə aparatı işçisinin iştirak etdiyi tədbirdə Sloveniyanın Ali Məhkəməsinin baş katibi Rado Brezovar, Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, aparat rəhbəri Əzizağa Məmmmədov və Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin qrup rəhbəri Leyla Zakirovanın təqdimatları dinlənilib. Təlimlərdə hesabata dair vahid yanaşma, CEPEJ-in əsas fəaliyyət göstəricilərindən istifadə, SATURN Təlimatları – vaxtın idarə edilməsi və indikatorlardan istifadə, aparılmış təhlillərə əsasən təşkilati çətinliklər, CEPEJ indikatorlarından istifadə etməklə statistik məlumatlara əsaslanan müntəzəm (daxili) hesabatların tərtibi, məhkəmə idarəetməsi sahəsində CEPEJ alətlərinə uyğun statistik təhlillər əsasında görülən konkret tədbirlər və müdaxilələr, Ədliyyə Nazirliyinin statistik hesabatların hazırlanmasında rolu, hesabatların hazırlanması, statistik məlumatların təhlili və məhkəmə fəaliyyətinin qiymətləndirilməsi sahəsində mövcud təlimlərin təşkili məsələləri dinləyicilərin diqqətinə çatdırılıb.