Mirzayev&Partners
    19 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Azərbaycanda məhkəmə hakimlərinin ömürlük seçilməsi təklif edilir

"Məhkəmə hakimlərinin yaş məhdudiyyəti ilə bağlı bütün məsələlər ortadan qaldırılmalıdır. Hakimlər ömürlük seçilməlidir, ancaq əqli problemləri olduğu halda hakimlikdən getməlidirlər. Məhkəmə hakimlərində hər hansı bir şəkildə yaş məhdudiyyəti olmamalıdır".

Bu barədə e-huquq.az-a müsahibəsində Milli Məclisin deputatı Fazil Mustafa deyib. 

Onun sözlərinə görə, hakimin ömürlük seçilməsi təmin edilməlidir ki, özünü tam sərbəst, arxayın hiss etsin: “Yalnız hər hansı bir şəkildə tibbi nöqteyi-nəzərdən hakimin öz funksiyasını yerinə yetirməsi mümkün olmadıqda o zaman onun öz ərizəsi ilə istefaya göndərilməsi nəzərdə tutula bilər. Bu, birinci şərtdir, çünki hakimin birinci asılılıq məsələsi olmamalıdır. İkincisi, məhkəmənin müstəqilliyi təmin olunmalıdır. Bunun hansısa dövlət qurumundan asılılığı müəyyən problemlər yaradır. Bizdə Məhkəmə-Hüquq Şurası əslində müəyyən dərəcədə mütləq hakimlərdən təşkil olunan quruma çevrilməlidir. Yəni hakimlər orada ikinci dərəcəli funksiyanı yerinə yetirməməlidir, çünki bu, sırf ixtisaslaşmış model olaraq götürülməlidir və ancaq hakimlərin konkret olaraq hansısa bir cinayət törətməsi, neqativ hərəkətləri ilə bağlı peşəkar rəyi ortaya qoyacaq quruma çevrilməlidir. Bu olarsa, başqa qurumların hakimlərə təsir mexanizmi azala bilər. Bu da hakimiyyətlər bölgüsü prinsipinin tam təminatı vəziyyətinə gəlir. Ona görə də bu funksiyalar həyata keçirilməlidir”. 

Deputat qeyd edib ki, hakimlərin ömürlük seçilməsi məsələsi dünya praktikasında da mövcuddur: “Yəni ABŞ daxil olmaqla, bir çox ölkədə bu sistem tətbiq olunur”.