Mirzayev&Partners
    16 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Azərbaycanda həbs edilmiş şəxslərin məcburi dövlət genom qeydiyyatı aparılacaq

Nazirlər Kabineti “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” və “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nda dəyişiklik edib.

E-huquq.az-ın məlumatına görə, qüvvədə olan Qaydalara əsasən, istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslər müəssisənin böyük inspektoru (rəisin növbətçi köməkçisi), qarovul rəisi, qeydiyyat hissəsinin əməkdaşı, böyük inspektor (psixoloq) və tibbi-sanitariya hissəsinin tibb işçisi tərəfindən qəbul edilirlər. Böyük inspektor (rəisin növbətçi köməkçisi) istintaq təcridxanasına gətirilmiş şəxsin qəbul edilməsinə əsas verən sənədləri yoxlayır və həmin şəxsi sorğu edərək cavabları şəxsi işdə olan məlumatlarla müqayisə edir.

Qeydiyyat hissəsinin əməkdaşı tərəfindən kompüter məlumat bazasına müəssisəyə yeni daxil olmuş həbs edilmiş şəxslər barədə tam məlumat daxil edilir, onların fotoşəkilləri çəkilir.  İndiyə qədər qeydiyyat hissəsinin əməkdaşı tərəfindən həbs edilmiş şəxslərin daktiloskopik qeydiyyatı aparılıb. Dəyişikliyə əsasən, həbs edilmiş şəxslərin “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanununda nəzərdə tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom qeydiyyatı aparılacaq.

“Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nda da tutulmuş və ya həbs edilmiş şəxslərə münasibətdə də anoloji prosedur tətbiq olunacaq.

Qeyd edək ki, daktiloskopik məlumat  insanın şəxsiyyətini müəyyən etməyə imkan verən, onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumatdır. Dövlət genom qeydiyyatı insan şəxsiyyətinin eyniləşdirilməsi üçün genetik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyətdir. Genetik məlumat insanın şəxsiyyətini müəyyən etməyə imkan verən dezoksiribonuklein turşusu (DNT) analizinin keçirilməsi ilə əldə edilən məlumatdır.

Mənbə: APA