Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Azərbaycanda evtanaziya edən həkimi hansı cəza gözləyir?

Dünyanın bir sıra ölkəsində “Evtanaziya haqqında” qanun qəbul edilib. Ölkəmizdə isə sözügedən qanun qəbul edilməsə də, onun ətrafında vaxtaşırı müzakirələr aparılır. Bəs Azərbaycanda sözügedən qanun qəbul edilmədiyi halda, evtanaziya ilə məşğul olan həkimi  hansı cəza gözləyir?

Məsələ ilə bağlı vəkil Elnur Quliyevə müraciət etdik.

Vəkil e-huquq.az-a açıqlamasında bildirib ki, evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma Cinayət Məcəlləsinin 135-ci maddəsi ilə tənzimlənir.

Onun sözlərinə görə, həmin maddəyə əsasən, Azərbaycanda evtanaziya ilə məşğul olan həkimə bir neçə cəza növü tətbiq edilə bilər: “Həmin həkim iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

E.Quliyev hesab edir ki, hazırda cəmiyyətdə “Evtanaziya haqqında” qanunun qəbul olunmasına tələbat yoxdur: “Ən ağır xəstələr belə, mümkün qədər çox yaşamaq istəyir. Evtanaziya cəmiyyətimiz üçün hazırda vacib və aktual məsələ deyil. Dini və mənəvi nöqteyi nəzərdən evtanaziya düzgün hesab edilmir və ona yaxşı baxılmır”. 

 

Məftun Salmanov