Mirzayev&Partners
    19 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

“Azərbaycan məhkəmələrində bəraət hökmlərinin sayı 1 faizi keçmir” – Fazil Mustafa

"Azərbaycanda məhkəmənin bəraət hökmü çıxarma imkanları genişləndirilməlidir. Bizdə bəraət hökmlərinin sayı 1 faizi keçmir. ABŞ-da bu göstərici 50 faizi keçib. Bu, çox acınacaqlı vəziyyətdir".

Bu barədə e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. 

Onun sözlərinə görə, məhkəmələrdə bəraət hökmünün az verilməsinin səbəbi məhkəmənin istintaqdan asılı olmasıdır: "Adi bir polis tədqiqatçısı hansısa məsələnin araşdırılmasında üstün mövqeyə malikdir. Onun təhqiqat apardığı məsələdə prokurorluq orqanları dəyişiklik etməyə müəyyən mənada bir az çəkinirlər. Eyni zamanda məhkəmə prokurorluq orqanının gəldiyi nəticəyə təsir göstərməyə çəkinir. Hər kəs öz funksiyasını doğru təmin etməyə başlasa, birinin səhvi başqasının əlavə səhvinə çevrilməyəcək. İstintaqın gəldiyi nəticə məhkəmədə olduğu kimi tədqiq olunursa, bu səhvin davamı olur. İstintaq səhvə yol verə bilər, amma məhkəmənin bunu bəraət hökmü ilə ortadan qaldırmaq imkanı var".

Deputat qeyd edib ki, bəraət hökmlərinin sayının 1 faizi keçməməsi vətəndaşın zərərinə işləyən və məhkəmə sisteminə güvənsizliyi ortaya qoyan amilə çevrilir: "Ona görə də bu sahədə islahat bütövlükdə təkcə məhkəməyə aid olan islahat kimi götürülməməlidir. Məhkəməyə qədər olan bütün mərhələlərin islahatının keçirilməsinə ehtiyac var ki, belə hal olanda təhqiqatçı, istintaqçı peşəkarlaşacaq, üstəlik məhkəmə subyektləri və prosesin iştirakçıları da daha peşəkar davranış ortaya qoyacaq. Bunun da bəhrəsini vətəndaş, yükün yüngülləşməsini isə dövlət görəcək. Dövlət kiminsə səhvi ucbatından Avropa Məhkəməsinə gedib çıxan işlərə görə təzminat ödəməyəcək".