Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Avtoxuliqanlıq edənlərin avtomobilləri duracağa yerləşdirilməlidirmi? - AÇIQLAMA

Son zamanlar avtoxuliqanlıq iddiası ilə saxlanılan sürücülərin avtonəqliyyat vasitələri duracağa yerləşdirilir. Bu hal çox baş verdiyindən sürücülər üçün də qeyri-adi hadisə kimi qarşılanmır. Bəs, bu barədə qanun nə deyir? Avtoxuliqanlıq edənlərin avtomobillərinin duracağa yerləşdirilməsi qanunidirmi?

Bu barədə e-huquq.az-ın suallarını vəkil İntiqam Hacıyev cavablandırıb. 

O bildirib ki, avtoxuliqanlıq etməsi iddia olunan sürücünün avtomobilinin duracağa yerləşdirilməsi tamamilə qanunsuzdur. Vəkilin sözlərinə görə, avtomobillər yalnız idarə edilməsi qeyri-mümkün olduqda duracağa yerləşdirilir: “Avtomobilin duracağa yerləşdirilməsinin mahiyyəti tələb edir ki, həmin avtomobilin sürücü tərəfindən idarə edilməsi qeyri-mümkün olsun. Yəni, sürücünün və yanında gedən sərnişinin sürücülük vəsiqəsi olmasın və ya sərxoş vəziyyətdə olmuş olsunlar, avtomobilin nömrəsi olmasın, mühərrikin, baş və şassi nömrəsi uyğun olmasın, yerində aradan qaldırılması mümkün olmayan avadanlıq quraşdırılmış olsun, 2 ay müddətində cəriməni ödəmədiyinə görə barəsində müvafiq qərar qəbul edilmiş olsun və avtomobilin yükü tələblərə cavab verməsin. Qeyd olunan hallardan da göründüyü kimi həmin avtomobillərin idarə edilməsi qeyri-mümkün olduğu halda duracağa yerləşdirilməlidir. Avtoxuliqanlıq edilməsi isə avtomobilin idarə edilməsini qeyri-mümkün edən hal deyildir. Eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılmasının konkret halları sadalanmışdır. Həmin hallardan başqa digər hallarda, məsələn avtoxuliqanlıq törədilməsində nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılması qanunsuzdur.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsinə əsasən fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 

96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda; 

96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; 

96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 

96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 

96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; 

96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda; 

96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə. Eləcə də “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin 9-cu bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda fiziki şəxsləri nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırır və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsini saxlanılması üçün müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir). 

Mövcud qanunvericilikdən də göründüyü kimi avtoxuliqanlıq törətməsi iddia olunan şəxsin nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi qanunsuzdur. Bu kimi neqativ halların baş verməməsi üçün sürücülərin maarifləndirilməsi zəruridir”.

Bəs belə hal baş verdikdə sürücülərin hansı hüquqları vardır?

Vəkil deyib ki, sürücülərimiz bu kimi qanunsuz hallarla qarşılaşdıqda “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin 9-cu bəndinin qeyd hissəsində nəzərdə tutulmuş hüquqlarından istifadə edə bilərlər: “Belə ki, həmin qeydə əsasən nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında qanunsuz saxlanılması və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər”.