Mirzayev&Partners
    23 Avqust
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Anar Bağırov: "İnsan hüquqlarının peşəkar müdafiəsi işinin təşkili baxımından 2019-cu il Azərbaycan vəkilliyi üçün xüsusilə əlamətdardır"

"Respublikamızda insan hüquqlarının peşəkar müdafiəsi işinin təşkili baxımından 2019-cu il Azərbaycan vəkilliyi üçün xüsusilə əlamətdardır. Əminliklə demək olar ki, bu il Azərbaycan vəkilliyinin 100 illiyi, müstəqil vəkillik institutunun yaradılmasının 20 illiyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təsis olunmasının 15 illiyi kimi tarixə düşəcəkdir.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.

A. Bağırov deyib ki, bu gün Ana qanunumuz olan Konstitusiyada 24 yerdə "insan hüquqları”, 63 yerdə "azadlıqlar” və sair əlaqəli ifadələrə rast gəlirik ki, bu da dövlət və vətəndaş cəmiyyəti quruculuğu barədə ölkəmizin hansı istiqamət tutması, hansı bəşəri dəyərlərə söykənməsi, onun niyyəti barədə xəbər verir. Onun sözlərinə görə, bu hüquqların peşəkar qorunması işində mərkəzi yerlərdən birini tutan Azərbaycan vəkilliyinin özünə xas tarixi yolu olub: "Dünyaca məşhur yazıçı Harper Linin "Bülbülü öldürmək” romanında əsərin qəhrəmanın dilindən peşəcə vəkil olan atası Attikus Finç barəsində belə bir ifadə işlədilir: "Heç vaxt əlinə silah almamış, hətta müharibədə olmamış atam mənim gözümdə bəlkə də dünyada yaşamış ən cəsur adam idi”. Yəqin, vəkil peşəsinin xarakterini bədii formada bundan daha gözəl ifadə etmək olmazdı. Dünya tarixinə nəzər yetirdikdə vəkillərin, ümumən hüquqşünasların müxtəlif dövlətlərin qurulmasında rolunu bariz şəkildə görə bilərik. Belə fədakarlıq yanlız cəsarətli şəxslərə xasdır və vəkillər bu tarixi siyahıda öncül yerlərdən birini tutmaqda haqlıdırlar. Buna bir sıra xarici ölkələrin, həm də Azərbaycanın şanlı tarixi uğurlu misal ola bilər.

Belə ki, ölkəmizdə institusional səviyyədə vəkillik 30 iyul 1919-cu il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin qərarı ilə Azərbaycan Məhkəmə Palatası Dairəsi üzrə Andlı Müvəkkillər Şurasının təşkili işinə başlanılmışdır.

12 noyabr 1919-cu il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin müraciəti əsasında vəkillərin dəqiqləşdirilmiş siyahısının təqdim edilməsi xahiş edilmişdir. Qeyd olunmalıdır ki, həmin dövrdə fəaliyyət göstərən 100-dən artıq vəkildən yalnız 8-i azərbaycanlı olub. Onlardan İsmayıl xan Ziyadxanov, Axundzadə Rəşid bəy, Əlimərdan Topçubaşov, Fətəlixan Xoyski, Xəlilbəy Xasməmmədovun adları xüsusilə qeyd olunmalıdır. Adları sadalanan ictimai-siyasi xadimlərin ovaxtkı Azərbaycan dövlətinin qurulmasındakı sonrakı xidmətləri hər kəsə gözəl məlumdur.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə 11-ci qızıl ordu tərəfindən ilhaq olunması nəticəsində Azərbaycan İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli dekreti ilə Azərbaycan məhkəmə palatası, ümumən prokurorluq, məhkəmə və istintaq orqanları, habelə vəkillik sistemi ləğv edildi. Məlumat üçün qeyd olunmalıdır ki, həmin dövrdə müdafiəçilər işlərə yalnız məhkəmə baxışı mərhələsində buraxılırdılar ki, bu, o dövrdə insanların hüquqi yardıma çatımlılığı baxımından qəbahətli təcrübə kimi acı da olsa, bunu tariximiz kimi qəbul etməliyik.

Sovet hakimiyyəti illərində Moskvadakı ittifaq rəhbərliyinin Azərbaycana münasibətdə iqtisadi və digər sahələrdə ayrı-seçkiliyə meyilli olmasına baxmayaraq, xalqımızın qədirbilən övladları ölkəmizin tərəqqisi naminə öz sözlərini deyə bildi. Bu mənada, xalqımızın dahi lideri, Ulu Öndər Heydər Əliyevin xidmətləri xüsusilə vurğulanmalıdır.

1970-ci ildə Azərbaycan SSR Ədliyyə Nazirliyi yaradılmış və maraqlıdır ki, nazirliyin Əsasnaməsinin 6-cı maddəsində nazirliyin vəkillər sisteminə ümumi rəhbərlik etməsi qeyd olunmuşdur. Həmin ilin dekrabın 25-də isə SSRİ Ədliyyə Nazirliyinin "Vəkillər Kollegiyasının fəaliyyətinə rəhbərliyi yaxşılaşdırmaq haqqında” əmrdə aşağıdakı maraqlı ifadələr qeyd olunmuşdur: "Vəkillər sistemi təsisatının nüfuzunu daha da yüksəltmək, vəkillərin qanunla onlara verilən hüquqlardan daha dolğun istifadəsini təmin etmək, hüquq məsləhətxanalarının və vəkillərin normal işləmələrindən ötrü şərait yaradılmasına kömək etmək məqsədilə ədliyyə nazirlikləri qarşısında yeni vəzifələr qoyulur.

Bununla bərabər, 1978-ci il Kontistusiyasını vəkilliyin institusionallaşması və təşkilatlanması baxımından mühüm sənəd hesab edə bilərik. Belə ki, həmin Konstitusiyanın 173-cü maddəsində aşağıdakılar təsbit olunmuşdur: "Vətəndaşlara və təşkilatlara hüquqi yardım üçün Vəkillər Kollegiyası fəaliyyət göstərir. Qanunvericiliklə nəzərdə tutulan hallarda vətəndaşlara hüquqi yardım pulsuz göstərilir”.

Lakin söhbət əgər müstəqil vəkillikdən gedirsə, o zaman Azərbaycanda vəkillik institutunun müstəqil təsisat kimi formalaşması və fəaliyyətinin bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olması qeyd edilməlidir Belə ki, Ümummilli Liderin rəhbərliyi ilə 1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsinin hazırlanması üzrə komissiya, 1996-cı ildə isə Hüquqi İslahat Komissiyası yaradılmışdır ki, məhz bu dövrdən sonra müstəqil Azərbaycan vəkilliyinin əsasları formalaşdırıldı, Vəkillər Kollegiyası müstəqil təsisat olaraq məhkəmə-hüquq sistemində öz layiqli yerini tutdu. Bu zamana qədər isə vəkillik fəaliyyəti Ədliyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən təşkil edilir və nəzarətdə saxlanılırdı. Bütün bu fəaliyyətin məntiqi davamı olaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanmış, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisata dönmüş və həmin dövrdə qəbul olunmuş yeni prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu tərəfinə çevrilmişdir. Müstəqilliyin təməlini qoyan qanunun qəbulundan sonra isə ilk dəfə olaraq 3 noyabr 2004-cü ildə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis olundu.

Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit edildiyi kimi, vətəndaşlara yüksəkkeyfiyyətli və peşəkar hüquqi yardım göstərilməsi dövlətin öhdəliyindədir və bu öhdəlik məhz Azərbaycan Respublikasının Vəkillər Kollegiyası vasitəsilə həyata keçirilir. Bu səbəbdən Azərbaycanda vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktlar, çoxsaylı sərəncamlar və s. sənədlər qəbul olunmuşdur ki, bu da Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidentinin 7 noyabr 2017-ci il tarixli sərəncamları ilə Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual məcəllələri və "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununa dəyişikliklər təsdiq edilmişdir. Həmin sərəncamlar ilə vəkillik institutunun hüquq sistemində yerinin gücləndirilməsi, peşəkar və yüksəkkeyfiyyətli hüquqi yardımın məhz vəkillərə həvalə olunması qət olunmuşdur. Hətta bu çərçivədə, ölkədə vəkillərin sayının artırılması məsələsi Vəkillər Kollegiyasına tövsiyə olunmuşdur.

Həmçinin 22 fevral 2018-ci il tarixdə qəbul olunmuş "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı qeyd olunan tədbirlər müstəvisində tarixi önəmə malikdir. Belə ki, sərəncamın preambulasında qeyd olunur ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Bu sərəncamda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının müvafiq binalar ilə təmin olunması, dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılmasını və s. məsələlər öz əksini tapmışdır. Adıçəkilən sərəncamda qeyd olunan işlər bu gün tam gücü ilə icra olunmaqdadır. Sərəncamda həm də Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin "Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülməsi tövsiyə olunmuşdur. Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində yer alan elektron vəkil kabinetlərində "Elektron məhkəmə” portalına çıxış da təmin edilmişdir.

Bundan əlavə, ölkəmizdə vəkilliyə verilən əhəmiyyətdən danışmışkən, bir məsələyə də toxunmadan keçmək olmaz. Bu gün vəkillər məhkəmə hakimiyyətinin özünü idarə edilməsi, habelə məhkəmə hakimiyyətinin formalaşdırılması işində, yəni Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin işində də fəal iştirak edir. Həmçinin bu gün Vəkillərin İxtisas Komissiyasının işində həm məhkəmə hakimiyyətinin təmsilçiləri, həm də hüquqşünas alimlər iştirak edirlər.

Vəkillər Kollegiyası ədliyyə və məhkəmə orqanları ilə əməkdaşlıq şəraitində vəkilliyin inkişafı, yüksəkkeyfiyyətli hüquqi yardımı vətəndaşlara əlçatan etmək məqsədilə çoxşaxəli təşəbbüslər həyata keçirməkdədir.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı vəkilliyin ölkəmizdə daha da mütərəqqi quruma çevrilməsi baxımından tarixi sənəd olmaqla yanaşı, gələcək dövr üçün onun inkişaf trayektoriyasını müəyyən edən yol xəritəsidir. Sənəddə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə digər qurumlarla bərabər Vəkillər Kollegiyasına mülki prosessual qanunvericiliyi kompleks şəkildə birgə təhlil edib, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflər hazırlanması, vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi tövsiyə olunub. Habelə Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması barədə işlər görülsün. Bu gün bu istiqamətdə Kollegiya tərəfindən çevik və əməli işlər görülməkdədir.

Bundan əvvəl də 2005-ci ildə dövlət başçısı "Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə” Sərəncam imzalamışdır. Həmin sərəncam Azərbaycan vəkilliyinin inkişafına dövlət tərəfindən verilmiş əməli dəstək kimi qiymətləndirilmişdir". 

Sədr qeyd edib ki, son nəticədə görülən işlərin hamısının qayəsini şəxslərin keyfiyyətli hüquqi yardımla təmin edilməsi təşkil edir ki, bu, ölkəmizdə vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən dövlət siyasətinin tamamlayıcı seqmentlərindən biridir: "Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bu sahədə aparılan mütərəqqi dövlət siyasətinin daim dəstəkləyicisi və bu siyasətin bir parçası olmaqda davam edəcəkdir.

Qeyd etmək yerinə düşər ki, dövlət başçısı tərəfindən qəbul olunmuş tarixi sənədlər nəticəsində son dövrlər Vəkillər Kollegiyası institusional səviyyədə güclənmiş, ictimaiyyət arasında və beynəlxalq səviyyədə nüfuzlu quruma çevrilmişdir. Bu nüfuzun formalaşmasına Kollegiyanın BMT, AŞ, Beynəlxalq Miqrasiya Təşkilatı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Avropa Hüquqşünas Tələbələri Assosiasiya kimi beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, vəkillərin Böyük Britaniyada vəkilliyə qəbul üzrə müvafiq imtahanı verməklə orada vəkilliyə qəbul oluna və İngiltərə və Uels ərazisində vəkillik fəaliyyəti ilə məşğul ola bilmələri üçün Birləşmiş Krallığın Hüquq Cəmiyyəti ilə əlaqlərin yaradılması, gənc hüquqşünas tələbələr üçün təqaüd və təcrübə proqramlarının təşkili, 2017-ci ilə nisbətdə ölkədə vəkillərin sayının 83 faizədək artırılması, vəkilliyə qəbul prosesinin sadələşdirilərək daimi əsaslarla təşkil edilməsi səbəb olmuşdur. Eyni zamanda, ölkə üzrə vəkil qurumlarının sayının 39-dan 73-dək artırılması, vəkillərin fəaliyyətində elektron texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi, ölkə üzrə bir sıra ASAN xidmət mərkəzlərində (Masallı, Bərdə, Qəbələ, İmişli) aztəminatlı əhaliyə pulsuz hüquqi yardım xidmətlərinin təşkili, Kollegiyanın fəaliyyətinin ictimaiyyətə və mediaya açıqlığının təmin edilməsi, Sumqayıtda ən müsair standartlara cavab verən Regional Vəkil Bürosunun yaradılması, habelə bu yaxınlarda Şəki, Şirvan və Gəncə şəhərlərində analoji regional mərkəzlərin açılacağı və digər görülmüş işlər də mühüm rol oynamışdır.

Unudulmamalıdır ki, Azərbaycan vəkilliyində əldə olunmuş müsbət nəticələr Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil vəkilliyin inkişafına xalqımızın layiqli lideri Prezident İlham Əliyevin qayğısının nəticəsidir. Bu baxımdan, aparılan islahatlar, şübhəsiz, tək bu gün üçün deyil, həm də gələcəyə hesablanmış addım olaraq dəyərləndirilməlidir.

Sonda əminliklə demək olar ki, 28 dekabr 1999-cu il - "Vəkillər və vəkillik fəaliyyət haqqında” qanunun imzalanması günü Ulu Öndər Heydər Əliyevin xidməti ilə vəkilliyimizin tarixinə qızıl hərflərlə həkk olunub".