Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Allaha üsyan etdiyinə görə dostunu öldürən şəxslə bağlı məhkəmə hökmü yenidən araşdırılır

Bakıda qətl törətməkdə təqsirləndirilən Vüqar Həsənov barəsində hökmdən prokurorun verdiyi kasasiya protestinə baxılıb. 

E-huquq.az xəbər verir ki, Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda prokurorun protrsti təmin edilib. 

Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən araşdırılması üçün cinayət işinin materialları apelyasiya instansiyasına qaytarılıb. 

Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan iclasda prokurorun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə araşdırma başlanıb. 

Növbəti iclas avqustun 8-nə təyin edilib.  

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Həsənovun cinayəti özünümüdafiə məqsədilə törətdiyi qanaətinə gələrək bəraət hökmü çıxarıb. O, qanunsuz silah saxlama maddəsi ilə isə 9 ay müddətinə azadlıq məhrum edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. 

Prokuror Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini, Vüqar Həsənovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə bəraət almış Vüqar Həsənovun barəsində olan hökmdən verilən şikayət təmin olunmayıb. 

Bundan narazı qalan prokuror apelyasiya portesti verib. 

İttihama görə, 2017-ci ilin oktyabrında Xətai rayonu ərazisində paytaxt sakini, 31 yaşlı Vüqar Həsənov Elşən Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb isə mərhumun Allaha və peyğəmbərə qarşı üsyanedici ifadələr işlətməsi olub.

Elşən Məmmədovun azyaşlı övladı xərçəng xəstəliyindən dünyasını dəyişib. Vüqar Həsənov da dostunun oğlunun yas mərasimi günü orada iştirak edib.

Elşən Məmmədov oğunun ölümündən üzüldüyünü söyləyib, buna görə Allahı və peyğəmbəri günahkar bilib, həmçinin nalayiq ifadələr işlədib. Vüqar Həsənov dostuna etiraz edib. Onlar mübahisəni yas mərasimindən kənarda davam etdiriblər.

Mübahisə qanlı sonluqla nəticələnib. Onlar bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər. Nəticədə ağır xəsarət alan Vüqar Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı Elşən Məmmədov isə hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, onlar eyni məhəllədə yaşayıb və dost olublar. Hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.