Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Ali Məhkəmə “Hakimin mənə göndərdiyi təklifdən şoka düşdüm...” adlı məqaləyə münasibət bildirdi

AzPolitika saytında “Hakimin mənə göndərdiyi təklifdən şoka düşdüm...”- Həkim-cərrahdan Prezidentə müraciət” sərlövhəli yazı dərc olunmuşdur. Yazıda İskəndərov Qafar Bədəlxan oğlunun “Regal” MTK-ya və qızı Fəridə İsgəndərovaya qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə baxışından bəhs edilir.

Nəzərinizə çatdıraq ki, Nəsimi rayon məhkəməsinin 24.10.1998-ci il tarixli qətnaməsi ilə Qafar İsgəndərov və ailə üzvlərinin Bakı şəhəri, Yusifbəyli küçəsində 25/27 saylı evdə yaşaması faktının təsdiq edilməsi, onların həmin evə qeydiyyata alınması Nəsimi rayon polis idarəsinin Pasport Qeydiyyat şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnaməyə əsasən Qafar İsgəndərov və qızı (iş üzrə cavabdeh) Fəridə İsgəndərova həmin evə qeydiyyata alınmış, evə texniki pasport verilmişdir.

İddiaçı Q.İsgəndərov Səudiyyə Ərəbistanında işləmiş və “Regal” MTK ilə evin yerləşdiyi ərazinin layihələşdirilməsi və evinin yerində hündürmərtəbəli yaşayış binası tikiləcəyi barədə danışıqlar aparmışlar. Ev mülkiyyətdə olmamış, yalnız texniki pasport qeydiyyata alınıb. Lakin Q.İsgəndərov Bakıya gəlmədiyinə görə MTK evdə qeydiyyatda olan onun qızı F.İsgəndərova ilə 17 may 2017-ci il tarixdə müqavilə bağlamışlar ki, evin boşaldılaraq sökülməsinin əvəzində 2 ədəd mənzil veriləcək. Bundan sonra ev sökülmüşdür.

Sonradan Q.İsgəndərov “Regal” MTK-ya və qızı Fəridə İsgəndərovaya qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddia qaldıraraq  253 000 Manat evin dəyəri olmaqla evin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 427 610 manat, həmçinin məcburi iş buraxmaya görə itirdiyi 54 000 ABŞ dolları, evdə olan və ev sökülərkən yoxa çıxmış 50 000 ABŞ dolları, yol və mehmanxana xərcləri üçün sərf etdiyi 14 000 Manat və mənəvi zərərə görə 500 000 Manat “Regal“ MTK–dan alınıb ona verilməsini tələb etmişdir.

Nəsimi  Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli qətnaməsi ilə Q.İsgəndərovun qızı F.İsgəndərova ilə “Regal” MTk arasında bağlanmış 17 may 2017-ci il tarixli müqavilə  etibarsız hesab edilmiş və evin dəyəri olan 251 000 Manat pulun “Regal” MTK-dan alınıb Q.İsgəndərova verilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

 Ali Məhkəmənin 18 aprel 2019-cu il tarixli qərarı ilə Qafar İsgəndərovun  və qızı Fəridə İsgəndərovanın kassasiya şikayətləri qismən təmin edilmiş, qətnamə Q.İsgəndərovun iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsinin təmin edilməməsi və Fəridə İsgəndərovanın sökülən evdən iddiaçı ilə birlikdə istifadə hüququ olduğuna görə, vurulmuş maddi ziyana görə 251 000 Manatın “Regal” MTK-dan alınaraq bütünlükdə Qafar İsgəndərova  verilməsi hissəsində maddi və prosessual  normalar düzgün tətbiq edilmədiyindən ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır.

Yenidən Bakı Apellyasiya Məhkəməsində 19.08.2019-cu il tarixdə işə baxılmış və Q.İsgəndərovun iddiası qismən təmin edilməklə, əlavə olaraq beş min manat mənəvi ziyan ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin müddəti bitmədiyi üçün iş kassasiya qaydasında baxılması üçün Ali Məhkəməyə göndərilməmişdir.

Hazırda Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minməmişdir. Belə halda Q.İsgəndərov qətnamədən narazı qalarsa kassasiya şikayəti vermək hüququ vardır.

Diqqətinizə çatdırmaq istərdik ki, Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrin uğurla həyata keçirildiyi bir vaxtda bu cür yazıların verilməsi müstəqil fəaliyyət göstərən məhkəmələrin nüfuzuna təsir edir.  Son zamanar AzPolitika saytında belə yazılara tez-tez rast gəlmək olur. Yaxşı olardı ki,  məhkəmələrin fəaliyyətinə gölgə salan bu tipli yazılar məhkəmənin mövqeyi öyrənildikdən sonra  dərc edilsin. Əks hal hakimin ədalətli mövqeyinə təsir kimi qiymətləndirilə bilər.

Allahverdi  Məmmədli

Ali Məhkəmənin mətbuat katibi