Mirzayev&Partners
    12 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Ali Məhkəmə sifarişlə qətl törətməkdə təqsirləndirilən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə sifarişlə qətl törətməkdə təqsirləndirilən Nadir Mehdiyevin barəsində prokuror tərəfindən verilən kassasiya protestinə baxılıb.

E-huquq.az-ın məlumatına görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsinin N.Mehdiyev barəsində çıxardığı bəraət hökmü ləğv olunub və cinayət işi yeni apellyasiya baxışına təyin edilib.

Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən 12 il - 2001-ci ildən beynəlxalq axtarışda olan N.Mehdiyev Qazaxıstanda həbs edilib. 

İttihama görə, o, 1994-cü ildə sifarişlə Novxanı bağlar sahəsində Ceyhun Şərifovu qətlə yetirib. 

Azərbaycan Daxili İşlər Nazirliyi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində N.Mehdiyev Qazaxıstanın Astana şəhərində 2014-cü ildə saxlanılıb. O, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinə əsasən ittiham edilib.

2014-cü il may ayının 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunma vaxtı keçdiyindən, barəsində cəza təyin edilməyib və məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü dəyişdirib və N.Mehdiyevə bəraət verib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.