Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Ailə vəkilinin hansı müsbət tərəfləri var? - AÇIQLAMA

"Azərbaycanda ailə vəkili təcrübəsi artıq formalaşmaqdadır".

Bunu e-huquq.az-a vəkil İlhamə Həsənova Azərbaycanda ailə vəkili institutu ilə bağlı mövcud vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, ailə vəkili təcrübəsi Avropa ölkələrində çoxdan mövcuddur: “Bu təcrübə Azərbaycanda artıq formalaşmaqdadır. Belə ki, bir sıra vəkil qurumları artıq bu məsələ ilə bağlı öz hüquqi yardımlarını təqdim edirlər. Məsələn, bizim 20 saylı Vəkil büromuzun saytında görünür ki, sözügedən məsələ ilə əlaqədar hüquqi yardım təqdim edirik”.

İ.Həsənova qeyd edib ki, Azərbaycanda hətta bir sıra vəkillər ailə vəkili statusundadırlar: “Vəkil müəyyən məsələdə hansısa şəxsə hüquqi yardım göstərərkən artıq o tanınır və bundan sonra həmin şəxsin ailəsində olan bütün problemlərlə bağlı istər-istəməz eyni vəkilə müraciət edirlər. Bir sıra ailələr artıq buna üstünlük verirlər”.

O diqqətə çatdırıb ki,  ailə vəkilinin olmasının bir sıra müsbət tərəfləri var: “Vəkillik fəaliyyətinin əsas prinsiplərindən biri hüquqi yardım göstərilən şəxsin vəkilə etibar etməsidir. Etibarın göstərilməsi çox önəmli məsələdir. Ailə vəkili məsələsində isə ailə vəkili kimi bir təcrübə formalaşır. Ailə vəkili olan vəkilə onun müvəkkili etibar etmiş olur. Bu etibar illərin sınağından çıxmış olur. Artıq burada etibar məsələsində bir problem yaranmır. Yəni bütün ailə üzvləri onu tanıyır, hətta qohum-əqrəba vəkilinə çevrilir”.

 Digər müsbət tərəfə gəlincə, İ. Həsənova əlavə edib ki, ailə vəkili olan şəxs həmin ailənin bütün hüquqi problemlərindən xəbərdar olur: “Yəni hansısa problem çıxanda onun haradan qaynaqlandığını, bu problemi həll etmək üçün hansı sənədlərin olduğunu, hansı hüquqi vasitələrdən istifadə etməyi bilir. Hüquqi alət və vasitələr həmin vəkilə bəlli olur. Belə olan halda vəkilin işi daha da asanlaşır. Kənar vəkil ailənin hüquqi problemini araşdıranadək xeyli vaxt keçir. Bu baxımdan ailə vəkili çox müsbət təcrübədir”. 

Həmsöhbətimiz bildirib ki, vətəndaş vəkilin ailə vəkili kimi müntəzəm hüquqi yardım göstərməsini istəyirsə, o zaman abonent müqaviləsi bağlamalıdır: “Vətəndaş həmin müqavilə əsasında məyyənləşdirilmiş aylıq ödənişlər edir. Ailənin hansısa problemləri ortaya çıxanda da yenidən müqavilə bağlamağa və ödəniş etməyə ehtiyac qalmır. Bu məsələ beynəlxalq təcrübədə və Azərbaycanda eyni qayda ilə həyata keçirilir”.