Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Ailə müstəvisində yaranmış hüquqi problemlər və onların həlli yolları

Ailə kiçik bir dövlətdir və cəmiyyətin əsas təməlini təşkil edir. İnsan ailədə doğulub boya başa çatır və cəmiyyətə inteqrasiya edir. Təbii ki, dövlət hər bir ailənin rifah halına qalır və onun vahidliyini təmin etmək məqsədini qarşıya qoymuşdur.

Lakin, bəzən tərəflər arasındakı münasibətlərin uyğunsuzluğu, maddi və sosial problemlər, xəstəliklər, xəyanətlər və s. ailələrin dağılmasına gətirib çıxarır. Bu zaman ailə müstəvisində bir sıra problemlər meydana çıxır ki, bu problemlərə uşağın qalma yerinin müəyyən edilməsi, alimentin miqdarının müəyyən edilməsi və tutulması, cehizin və qızıl-zinyət əşyalarının qaytarılması, əmlak bölgüsü, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi, mənzilə köçürmə və ya mənzildən birgə istifadə hüququnun və ya yaşayış qaydasının müəyyən edilməsi, uşağın xaricə gedib-gəlməsinə razılıq verilməsi daxildir. Sadalanan problemlərin sayını artırmaq olar. Hələlik bu kontekstə toplu şəkildə yanaşmaqla bir sıra problemlərin həllinə aydınlıq gətirməyə çalışacağıq. Elə vətəndaşları da ən çox düşündürən məqamlar bunlardır. Əmlak bölgüsü və aliment tutulması ilə bağlı çoxlu sayda məqalələr mövcud olduğundan və bu mövzular barədə dəfələrlə ekspertlər çıxış etdiyindən sözügedən mövzulara toxunmağı lazım bilmədik. Onu da qeyd edim ki, əmlak bölgüsü nikahın pozulmasından sonrakı 3 il ərzində həyata keçirilə bilər. Artıq bu müddətdən sonra iddia qaldırılsa da müddət ötürüldüyündən məhkəmə qəbul etmiyəcək, yalnız məhkəmə tərəfindən üzrlü sayılması halları istisna olmaqla. 

Uşağın qalma yeri barədə onu qeyd edək ki, adətən məhkəmələr uşağın qalma yerinin ana ilə müəyyən edilməsinə dair qərar qəbul edirlər. Lakin, istisna hallarda vardır ki, ananın özünün razılığı olduqda, ana uşağa baxmaqdan imtina etdikdə, uşağı saxlamaq imkanına və şəraitinə malik olmadıqda, uşağın atası ilə ünsiyyətinə mane olduqda, uşağına qarşı cinayət və zorakı hərəkətlər törətdikdə və psixoloji problemləri olduqda, valideynlik hüququndan məhrum edildikdə, əxlaqsızlıqla məşğul olduqda və insan alverinin qurbanı olduqda, xroniki alkoqol və narkomaniya xəstəliyinə düçar olduqda, həbs edildikdə və s. hallarda uşağın qalma yeri digər valideynlə yəni ata ilə müəyyən edilir, yaxud uşaq həmin valideyndən alınaraq digər valideynə verilir, bu da mümkün olmadıqda isə qəyyumluğa və ya təlim-tərbiyə müəssisəsinə (uşaq və ya internat evinə) verilir.  Cehiz və qızıl-zinyət əşyaları nikah bağlanarkən əsasən qız evi tərəfindən verilir və nikah pozulduqdan sonra əşyaların qaytarılması zərurəti yaranır. Bəzi hallarda heç əşyaların özü də olmur, satılır və s. Buna görə də həmin əşyaların cehizlik olaraq gətirilməsini tərəf özü sübut etməli və onların qiyməti barədə mütəxəssis rəyi almalıdır. Məhkəmənin gedişatında məhkəmə ekspertiza təyin etməklə də müstəqil ekspertin rəyini də alır. Bununla bağlı tərəf cehizin və qızıl-zinyət əşyalarının siyahısını, yəni cədvəlini təqdim etməli və onların görüntüləri müvafiq sübutlarla (şəkillər, videodisk, şahid ifadələri, qiymətləndirmə barədə mütəxəssis rəyi və s.) təsdiq edilməlidir. Və bu məsələlərə müddət tətbiq edilməsi baxımından onu da bildirək ki, Mülki Məcəllənin tələbinə əsasən ümumi iddia müddəti 10 ildir. Hesab edirik ki, həmin işlər üzrə 10 il keçdikdə irəli sürülmüş iddialar üzrlü səbəblər istisna olmaqla məhkəmə tərəfindən qəbul edilmir. 

Uşaqla ünsiyyət qaydası tərəflərin öz aralarında razılıqla müəyyən edilir. Lakin, tərəflər arasında razılaşma olmadıqda bu məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə ərazi üzrə müvafiq qəyyumluq orqanını cəlb etməklə və işin hallarını nəzərə almaqla bu məsələni həll edir və ünsiyyət qaydasını və görüş hüququnu, onun həyata keçirilmə üsulu və vaxtını müəyyən edir. Ailə Məcəlləsinin tələbinə əsasən uşağın valideynləri və digər qohumları ilə ünsiyyət hüququ vardır. İstisna hallarda, yəni yuxarıda uşağın qalma yerinin digər valideynlə müəyyən edilməsinə dair sadaladığımız neqativ hallara uşaqla ünsiyyət tələb edən tərəfdə rast gəlindikdə məhkəmə qəyyumluq orqanının rəyini də nəzərə almaqla iddianı təmin etməyə bilər.

Nikah pozulduqdan və valideynlər ayrıldıqdan sonra meydana çıxan ən mühüm məsələ uşağın xaricə gedib-gəlməsinə razılıqla bağlı olur. Belə ki, uşaqdan ayrı yaşayan valideyn uşağın xaricə gedib-gəlməsinə notarial qaydada razılıq ərizəsi verməlidir. Bəzən ərizə ilə birgə uzun müddətə etibarnamə də verilir. Lakin, ərizənin olması mütləqdir. Bu sənəd olmadan sərhəddən keçməyə icazə verilmir. Müəyyən hallarda tərəf razılıq verməkdən əsassız olaraq imtina edir. Buna görə də uşaqla qalan tərəf məhkəməyə müraciət edə bilər və bununla bağlı məhkəmə qətnamə qəbul edir. Qətnaməyə əsasən uşağın yetkinlik, yəni 18 yaşına çatanadək xaricə gedib-gəlməsinə icazə verilir. 

Son olaraq cəmiyyətdə əsas problemlərdən biri olan mənzilə köçürmə və ya mənzildən birgə istifadə hüququnun və ya yaşayış qaydasının müəyyən edilməsi problemini işıqlandıraq. Belə ki, qeydiyyatda olan və istifadə hüquq tanınan tərəf, nikah pozulduqdan sonra evdən çıxarılır və istifadə hüququndan məhrum edilirdi. Bununla əlaqədar tərəf köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir və öz hüquqlarını bərpa edə bilirdi. Nəticədə məhkəmə tərəfindən yerli baxış keçirilməklə mənzilə köçürülmə tələbi təmin edilir və mənzildən birgə yaşayış və istifadə qaydası müəyyən edilirdi. Lakin, 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsində artıq nikaha xitam verildikdən sonra keçmiş ailə üzvünün mənzildən istifadə hüququnun itirilməsi göstərilir. Beləliklə də 2009-cu ildən bu günədək bağlanmış nikahlar pozulduğu təqdirdə artıq mənzildən də istifadə hüququna xitam verilir. Belə olduğu halda istifadə hüququna xitam verilmiş tərəf qarşı tərəfə məhkəmə qaydasında istifadə hüququna xitam verilməsi ilə bağlı kompensasiya ödənilməsi barədə tələb irəli sürə bilər. Xüsusən uşaqların ana ilə qalması barədə məhkəmə qərarı olduqda iddianın təmin edilməsi perspektivi hesab edirik ki, daha yüksək olar. 

Düzdür, hazırda ölkədə mediasiya institutu formalaşmaqda və inkişaf etməkdədir. Bu proses dövlət səviyyəsində və özəl formada özünü göstərir ki, yaxın gələcəkdə biz bunun müsbət nəticəsinin şahidi olacayıq. Məhz barışıq nəticəsində ailələrin dağılmasının qarşısı alınır. Çünki, nikahın pozulması ilk növbədə uşaqlara mənfi təsir edir və onların psixologiyalarının pozulmasına səbəb olur. Lakin, əgər tərəflər israr edirlərsə və uyğun yaşama variantı tapa bilmirsə nikahın pozulması qaçılmaz olur. \

Fuad Babaşov

Vəkillər Kollegiyasının üzvü, vəkil